Meydanda məğlub olublar

Ermənistan təxribatçı hərəkətlərinin cəzasını alır

Paşinyanın uydurmaları, yalanları qaçılmaz sonluğu dəyişməyəcək

Təxribatçı fikirləri və davranışları ilə Qarabağda müharibənin alovlanmasına səbəb olan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə avantürist açıqlama ilə çıxış edib. Dünya ictimaiyyətini çaşdırmağa və prosesləri başqa məcraya yönəltməyə cəhd edən erməni baş nazir BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin “başqa dövrdə” qəbul edildiyini deyib.

O əlavə edib ki, əvvəlcə orada nələrin yazıldığını və yazıların hansı məna daşıdığını bilmək lazımdır. Yalançı baş nazir iddia edib ki, guya, həmin sənəddə Ermənistanla bağlı yazılan fikirlər başqa məna daşıyır: “Orada Ermənistana çağırış edilir ki, imkan daxilində Dağlıq Qarabağda yaşayan ermənilərlə əlaqələrdən istifadə edərək, vəziyyəti stabilləşdirsin. Daha dəqiqi, bu qətnamələr 1993-cü ildə qəbul edilib və həmin dövrdə vəziyyət tamam başqa idi. Bu, konkret situasiya haqqındadır və bu qətnamələri kontekstdən çıxarmaq, təhrif etmək lazım deyil”. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasında 1993-cü ilin aprel, iyul, oktyabr və noyabr aylarında Dağlıq Qarabağla bağlı 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul olunub. Sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunub. Lakin ötən 27 il ərzində qətnamələr hələ də icra olunmayıb.
 
Paşinyanın absurd iddiaları ilə bağlı “Şərq”ə danışan politoloq Tofiq Abbasov bildirib ki, əgər ermənilər məlum qətnamələrə məhəl qoysaydı, Ermənistan bundan qazanclı çıxardı. Siyasi şərhçinin sözlərinə görə, 27 ildir sülh prosesini süründürən işğalçı ölkə hazırda təxribatçı hərəkətlərinin cəzasını almaqdadır

“Ermənistan məğlubiyyətin astanasında olan dövlətdir. Öz ərazilərindəki vəziyyəti idarə etməyi bacarmayan İrəvan hökuməti işğal olunmuş torpaqlarımızda nəzarəti tamamilə itirmək üzrədir. Ermənilər Azərbaycan Ordusunun qarşısında dayana bilmir, qaçır, mövqeləri tərk edirlər. Cəbhədəki uğursuzluqlar səbəbindən düşmən ölkədə siyasi və iqtisadi böhran dərinləşir, ölkə iflasa uğrayır. Güclü resurslara malik Azərbaycanla müharibə aparmaq heç də asan iş deyil.

Döyüş meydanında biabırçı formada məğlub olan Ermənistan başqa ölkələrdən silah-sursat, maddi vəsait dilənir. Paşinyan indiki məqamda heç bir əhəmiyyət kəsb etməyən BMT qətnamələrindən danışaraq hadisələri mənasız müzakirələrə yönləndirmək istəyir.

Əslində, 853-cü qətnamədə açıq şəkildə bəyan edilir ki, Ermənistan öz qoşunlarını qeyri-qanuni zəbt etdiyi ərazilərdən çıxarmalıdır. Ancaq baş nazirin məhz indiki məqamda məsələ ətrafında yeni fon yaratma niyyəti məğlub düşmənin son çırpınışlarıdır.

Paşinyanın fərziyyələri, köhnə yalanları üstünə yeni uydurmalar əlavə etməsi düşmənin qaçılmaz sonunu dəyişməyəcək. Əgər Ermənistanın ağıllı rəhbərləri olsaydı, sülhlə razılaşar, torpaqları qaytarar və ölkəni firavan günə çıxarardı. Bunu etmirlərsə, günah özlərindədir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu