“Azərbaycan vətəndaşları misli görünməmiş birlik nümayiş etdirir”

Qələbənin əhatə dairəsi genişlənir

Ölkədə misli görünməmiş həmrəylik yaşanır

Sosial şəbəkələrdə gənclərimiz dövlət maraqlarını layiqincə qoruyur

Azərbaycan Ordusunun Ali Baş Komandanı – Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına başlaması ölkə gənclərini ayağa qaldırdı. Gənclərimiz sosial şəbəkələrdə aktivlik nümayiş etdirməyə başladılar. Ötən illərdə gənclərin passivliyindən, vətənpərvərlik hissinin zəif olmasından, bəzən hətta milli adət-ənənələrə unutqan yanaşmalarından gileylər səslənirdi. Görünür, daxildəki hisslərin büruzə verməsi üçün təkana ehtiyac vardı. Bu təkanı Ali Baş Komandan ordumuza “İrəli” əmrilə verdi. Azərbaycan əsgəri cəbhədə qələbə ardınca qələbələr qazandıqca gənclərimiz daha da ruhlandı. Azərbaycan cəmiyyəti gənclərin vətənpərvərliyini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə edilən saysız-hesabsız müraciətlərdə, gənclərimizin döyüşə atılmağa hazır olduqlarını qətiyyətlə bildirmələrində gördü. Azərbaycan gəncliyinin vətənpərvər, dövlətçiliyə sədaqət siması, əsl vətəndaş kimi yetişdiklərinin Gəncə qətliamında da şahidi olduq. Cəbhədə müqaviməti asanlıqla qırılmış mənfur düşmən öz alçaq xislətindən əl çəkməyərək Azərbaycanın ikinci böyük şəhəri, cəbhə bölgəsindən 100 kilometr aralıda yerləşən Gəncədə mülki əhalini, həm də gecə saatlarında ballistik raketlə vurdu. Ermənistan ordusunun Gəncəni raket hücumuna məruz qoyması nəticəsində yaşayış binası tamamilə dağıldı, 9 nəfər mülki şəxs həlak oldu, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralandı.
Dinc əhalinin bu şəkildə alçaqcasına qətl edilməsini dünyaya yaymaq üçün gənclərimiz də irəli atıldı və sosial şəbəkədə aktiv fəaliyyət göstərməyə, paylaşımlar etməyə başladılar.            
“Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!
Bu fikir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımında yer alıb.
Paylaşımda daha sonra deyilir: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.

Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!
Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”.
Ölkənin birinci xanımının bu fikirləri və çağırışları Azərbaycan vətəndaşlarını, o cümlədən gəncləri daha da ruhlandırır və vətəndaşlar dövlətimiz, ordumuz üçün əllərindən gələni əsirgəmirlər. Ölkədə əsl milli həmrəylik yaşanır. Bunu gənclərin timsalında da görmək mümkündü.  

Gənclər çağırışa səs verdi – “Gəncə üçün dua et” həştəqi trend oldu   

Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları davam etdiyi günlərdə  ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın 05 oktyabr 2020-ci il tarixində rəsmi “İnstagram” səhifəsindəki növbəti paylaşımında erməni yalanlarının ifşa edilməsində xalqımızı aktiv olmağa səsləyirdi.   
Paylaşımda deyilirdi:

“Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik.
Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!".
Mehriban Əliyevanın çağırışına gənclərin səs verdiyi Gəncə hadisələri zamanı özünü əyani göstərdi. 
Azərbaycanın tarixin heç bir dönəmində mülki əhaliyə qarşı vuruşmadığını, ərazisində yaşayan bütün xalqların hər zaman sülh və əmin-amanlıq içində yaşayışını təmin edən siyasət yürütdüyünü Prezident İlham Əliyev və birinci vitse-prezident, ölkənini birinci xanımı Mehriban Əliyeva daim vurğulayır. Gəncə hadisəsi zamanı da dövlət siyasətimiz dəyişməz qaldı. Azərbaycan dövləti ilk növbədə humanizm, xalqlar arasında birgə yaşayış və əmin-amanlığın təmin edilməsi siyasətinə sadiq qalaraq Ermənistan və ya Dağlıq Qarabağa separatçılar tərəfindən yerləşdirilmiş mülki əhalini hədəf almadı. Lakin həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, nəhayət ki, dünya dövlətlərinin terrorçu Ermənistanı görmələri, tanımaları üçün vətəndaşlarımızı milli birliyə səslədi. Belə fövqəladə vəziyyətlərdə dövlət-xalq birliyinin vacibliyini Azərbaycanın hər bir vətəndaşı anlayır və dövlətin yanında olduğunu göstərmək üçün fəaliyyətə keçir. Gəncə hadisəsi bunun bariz nümunəsi oldu.  
Ermənistanın Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə 12 oktyabr tarixində başladılan kampaniya çərçivəsində qısa müddət ərzində paylaşımlar bir milyonu keçdi.
“Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb.
Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb. İnsanlar paylaşımlarında erməni vandalizminə və Ermənistanın dövlət terroruna son qoymağa çağırış edib.

Sosial şəbəkələrdə Gəncə həqiqətləri bu gün də ən çox oxunan və baxılan informasiya və videolardır.  

Gənclər milli və dövlət maraqlarının müdafiəsində özlərini doğrultdu

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan gənclərinin fəallığını müsbət dəyərləndirdi: 
- Gənclərin sosial şəbəkədən istifadədə fəal olmaları, Azərbaycan maraqlarını müdafiəsi istiqamətində atılan addımlar, ermənilərin internet səhifələrini diqqətlə izləmələri, Azərbaycan əleyhinə yazılanlara, saxta informasiyalara cavab reaksiyaları müsbətdir, təqdirəlayiqdir. Gənclərimizin həm tvitləri, həm də sosial şəbəkədə erməni tərəfinə verdikləri cavablar əksər hallarda tarixi faktlara əsaslanır, arqumentləşdirilmiş fikirlərdir. Ümumiyyətlə, ordumuzun zəfər qazanmasıyla  cəbhədə məğlub olan ermənilərin, sosial şəbəkədə fəallıqları da azalıb. Hesab edirəm ki, bu, məğlubiyyətin “uğuru”dur. Məğlubiyyət öz təsirini əlbəttə göstərir və düşmən tərəfdə bütün sahələrdə ruh düşkünlüyü, gələcəyə ümidsizlik yaradır. Azərbaycan gənclərinin, ümumilikdə Azərbaycan cəmiyyətinin, vətəndaşlarımızın internet resurslarda aktivliyi müqabilində ermənilərin passivliyi, ruh düşkünlüyü açıq görünür. Saxta xəbərləri də azalıb, arqumentlərə əsaslanan informasiyaları yox dərəcəsindədir. Təbiidir. Nə vaxta qədər yalan informasiyalarla irəli gedə biləcəkdilər ki?! Azərbaycan gənclərinin aktivliyi isə qələbəmizin arxa cəbhədə, informasiya sahəsində və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində alqışlanmalıdır. 

E.Mirzəbəyli qeyd etdi ki, lakin gənclərimizin diqqət etməli olduqları bir sıra vacib məqamlar var: 

- İlk növbədə gənclərimiz tarixi və hüqui biliklərə daha çox malik olmalıdır. İnformasiya yayarkən, sosial şəbəkədə ermənilərə cavab verərkən tarixi faktlara,  hüquqa söykənmək və rəsmi xəbərlərə istinad etmək əsasdır. Ermənilər tərəfindən internet resurslarda Azərbaycan və ya ordumuz haqqında hansısa yanlış, yalan məlumat yer alırsa, çalışsınlar ki, ona Müdafiə Nazirliyinin məlumatları ilə cavab versinlər, həqiqəti əks etdirən videolar paylaşsınlar. Çünki hissə qapılmaqla, təhqirlərə, alçaldıcı ifadələrə yer verməklə haqlı ikən haqsız duruma düşə bilərik. Ona görə də soyuqqanlığı mütləq qorumaq, peşəkarcasına cavab vermək, təhqir və söyüşlərə yer verməmək lazımdır. Təhqir və söyüş diliylə danışmaq qafqazlıya yaraşmaz. Biz bununla belə davranan ermənilərin qafqazlı deyil, gəlmə olduqlarını əslində sübut edirik. Qafqazlı mental xüsusiyyətlərinə malik şəxs heç vaxt qarşısındakını təhqir etmir, alçaltmır, özü də başqalarının önündə alçalmır. Bizim gənclər məhz Azərbaycan – Qafqaz xüsusiyyətlərinə sadiq qalaraq hərəkət etməlidirlər. Gənclərimizin Gəncə qətliamı ilə bağlı sosial şəbəkələrdə aktivliyi, “Gəncə” həştəqinin trend olmasına əsas yaratdı. Bu, çox sevindiricidir və gənclərimizin dövlətçilik ənənələrini bundan sonra da qoruyacaqlarına inamı möhkəmləndirir. Həm ordumuzun əks-hücum əməliyyatları apardığı indiki zamanda, həm də Gəncə hadisələri zamanı gənclərimiz özlərini müsbət tərəfdən göstərdilər və onlara olan inamı doğrultdular. Gənclərimizin böyük potensialı var və inanıram ki, onlar Vətənin müdafiəsində olduğu kimi dövlət maraqlarımızın müdafiəsində bundan sonra da Azərbaycan adına layiqli şəkildə davranacaqlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu