Döyüşə hazırıq ! - “Öldü var, döndü yoxdur, torpaqlarımızı azad edəcəyik!" - MÜSAHİBƏ

“Dağlıq Qarabağ bizim namusumuz, qeyrətimizdir”

“Yarış meydanlarında qazandığımız uğurları səngərlərdə, döyüş meydanlarında davam etdirməyə hazırıq”

“Düşmənin Gəncədə törətdiyi qətliam insanlıq əleyhinə bəşəri cinayətdir, növbəti erməni vandalizmdir”

"Dünya ictimaiyyəti, dünyanın aparıcı ölkələri bu terror aktına susmamalıdır və Ermənistanı beynəlxalq hüquq qarşısında cinayətə cəlb etməlidir"

“Dünyada kökən baxımından bir-birinə yaxın xalqlar, ölkələr var, amma Azərbaycan və Türkiyə kimi qardaş ölkə yoxdur”



Son aylar işğalçı Ermənistanın aramsız təxribatları “bardağı daşıran son damla” oldu. Bu ilin 27 sentyabrından etibarən bu təxribatlara tutarlı cavab olaraq Azərbaycanın müzəffər ordusu əks-hücuma keçərək Azərbaycanın işğal altındakı bəzi rayon, kənd və yüksəkliklərini işğaldan azad etdi və bu proses davam edir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin bəyan etdiyi kimi: “Şüşasız bizim işimiz yarımçıq olar”. Əlbəttə, bu fikir üçrəngli bayrağımızı məhz Dağlıq Qarabağda dalğalandıracağımıza dair ən bariz mesajdır. 

Bu mənada  hazırda bütün Azərbaycan xalqı cənab Prezidentin qərarlarını dəstəkləyir və onun ətrafında yumruqtək birləşib, Qarabağın işğaldan azad olunması istiqamətində səylərini əsirgəmir. Və bu haqq savaşımızda böyük yanğının söndürülməsi üçün quşun dimdiyində gətirdiyi su qədər də olsa, töhfə verməyə çalışır.  Bir sözlə, hər kəs, hər şey və hər yer Qarabağdır. Bu müqəddəs mübarizəmizdə idmançılaırmız da öz dəstəklərini ifadə ediblər, edirlər . Çoxsyalı tanınmış idmançılarımız da cəbhəyə yollanıb, döyüşlərə qatılıblar. Bütün bunlar isə Azərbaycanda 7-dən 70-ə hər kəsin Qarabağın azadlığı uğrunda can alıb, can verib və qan tökməyə hazır olduğunun ən aydın təzahürüdür.

Biz də “Sherg.az” olaraq idmançılaırmızın bu həmrəyliyini, milli-vətəpərvər ruhda yetişməsini  nəzərə alıb, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Sərhəd Ximətinin polkovnik-leytenantı Firdovsi Umudovla həmsöhbət olub, maraqlı müzakirə apardıq.
Söhbəti təqdim edirik:

- Sizi hər zaman beynəlxalq arenalarda bayraq qaldıran görmüşük. Amma bu günkü qələbələrin dadi daha şirindir. Hətta bu zəfərlərimizdə pay sahibi olan idmançılarımız da var...

-Xalqımızı qələbələr münasibəti ilə ürəkdən təbrik edirəm. Qələbə olduqca möhtəşəm hissdir. Ərazilərimizin azad edilməsi bizi çox sevindirir. Torpaqlarımız uğrunda şəhid olan qardaşlarımızın ailəsinə baş sağlığı verirəm. İnanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Biz idmançılar hər zaman olduğu kimi cənab Prezidentin yanındayıq. Hər zaman demişik və bu gün də bildiririk ki, yarış meydanlarında qazandığımız uğurları səngərlərdə, döyüş meydanlarında davam etdirməyə hazırıq.

- İdmançılarmız erməni rəqiblərini  məğlub edəndə buna ikiqat sevindiyinizin şahidi oluruq. Hətta idmançılarımız erməni rəqibləri ilə görüşü zamanı böyük həyəcan keçirdiyiniz, hər vəchlə idmançımızın qalib gəlməsinə çalışdığınız aydın müşahidə olunur...

 - Yarışlarda qazanılan qələbələr də bizi sevindirir. Lakin müqəddəs torpaqlarımız uğrunda qələbə qazanmaq bizim üçün daha qürurludur. Bu gün düşmən bütün təxribatlara əl atır. Artıq biz 30 ildir bunları görürük. Səbrlə, təmkinlə gözləyirik. Buna baxmayaraq düşmən təxribatlarından əl çəkmir. Ermənilərin iyul ayında Tovuzda və 27 sentyabrdan etibarən digər ərazilərimizdə təxribatlara əl atdı. Və düşmən bu təxribatların layiqli cavabını aldı, yenə də alacaq.

 - Tovuz hadisələri zamanı həmin bölgədə idiz və əsgərlərimizin yanında olurduz. İndi də cəbhə bölgəsinə gedirsiniz. İdman həyatınız bir növ ikinci plana keçib...

-Hazırda yarışlar keçirilmir. Məqsədimiz və amalımız torpaqlarımızı işğaldan azad etməkdir. Tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyi vətən eşqi ilə döyünür. İstəyirik ki, torpaqlarımızı işğaldan azad edək. Yarışlarımızı Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdərə , Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərdə keçirək və bayrağımızı ucaldaq, himnimzi səsləndirək.

 - İdmançılar və DSX əməkdaşları arasında da  döyüşlərdə iştirak edənlər, könüllü olaraq cəbhəyə yollananlar var. Ümumi əhval-ruhiyyə necədir?

-Hər birimiz həmişə olduğu kimi döyüş əhval-ruhiyyəsindəyik. DSX-nın əməkdaşları, olimpiya və beynəlxalq yarışlarda uğur qazanan bütün idmançılarımız döyüşə hazırdı. Hər zaman Ali Baş Komandanımızın əmrini gözləyirik, daimi döyüşlər də gedir və bu döyüşlərə qatılmağa canla-başla hazırıq.

 - Düşmən bizi bütün sahələrdə təxribata çəkir. Heç şübhəsiz ki, zaman-zaman idman sahəsində də bu təxribatlara əl atırlar...

- Son hadisələr də göstərir ki, hər zaman belə hadisələrə hazır olmalıyıq.  Məlumdu ki, düşmən “feyk” xəbərlər paylaşır. Bu gün üstünlük Ordumuzun tərəfindədir. Onsuz da hər zaman bu üstünlük bizdə olub. Lakin beynəlxalq arenada olan bəzi erməni xislətli insanlar bizim təkbətək haqq davamıza, mübarizəmizə imkan vermirdilər. Cənab Prezident də həmişə deyib ki, gəlin, təkbətək döyüşək. Bu gün isə artıq haqq davamızda öz işimizi görmək iqtidarındayıq. Necə ki düşmən yarış meydanlarında təxribata əl atırdı. Bu gün isə mülki əhalimizi hədəfə alıb, bizi yenə də təxribata çəkirlər Amma istəklərinə nail ola bilməyəcəklər. Biz  əzəli və əbədi torpaqlarımızda müharibə aparırıq, öz torpaqlarımızı azad edirik. Bütün dünyaya da səslənmişik ki, Qarabağ Azərbaycandır. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq.

- Mülki əhali demişkən təcavüzkar ölkə artıq üçüncü dəfədir ki, Gəncədə mülki əhalinin yaşadığı binaları raket atəşinə tutur. Ciddi dağıntılar olur və o dağıntılar altında qalanların çoxu ağır xəsarətlər alır, dünyasını dəyişənlər var. Hətta həlak olanlar sırasında azyaşlı körpələr də az deyil...

- Əlbəttə, bu insanlıq əleyhinə bəşəri cinayətdir, növbəti erməni vandalizmdir. 1992-ci ildə erməni terrorçularının Xocalıda törətdiyi amansız soyqırımı aktının davamıdır. Bu eyni zamanda Cenevrə Konvensiyasının bütün prinsiplərinin tapdanmasıdır. Və mən işğalçı Ermənistanın bu qətliamını, Gəncədə günahsız insanları, körpələri hədəfə almasını qəti şəkildə pisləyirəm. Dünya ictimaiyyəti, dünyanın aparıcı ölkələri bu terror aktına susmamalıdır və Ermənistanı beynəlxalq hüquq qarşısında cinayətə cəlb etməlidir. Düşmən cəbhədəki məğlubiyyətinin intiqamını azyaşlı uşaqlardan, körpələrdən alır. Bu onların mənfur xislətini ortaya qoyur. Düşmən mülki əhalini hədəfə almaqla gəncəliləri qorxutmaq, ölkədə bir xaos, çaşqınlıq yaratmağa çalışır. Amma düşünmür ki, onun hər təxribatı Azərbaycan xalqının əzmini daha da artırır, möhkəmləndirir. Separatçı Ermənistan Azərbaycan tarixinə Cavad xan kimi bir şəxsiyyəti bəxş edən Gəncəni və Gəncə sakinlərini qorxuda bilməz. Əksinə xalq belə təxribatlardan sonra daha da birləşir, düşmənə qarşı daha böyük iradə ilə döyüşür. Ermənilər özləri ilə bizi səhv salıblar. Onların əsgərləri silah-sursatını atıb, döyüşdən qaçır. Məcbur qalıb posta zəncirləyirlər. Bu da onların millət olaraq mahiyyətini göstərir.

- Amma biz bəzi hallarda dünya ictimaiyyətinin bu haqq səsimizə səs vermədiyini görürük..

- Azərbaycana qarşı dünyada ikili standartlar həmişə olub, bu gün də var. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı 4 qətnaməsi var. Bu qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması göstərilir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll olunması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu “Madrid prinsipi”ni qəbul edib. Separatçı Ermənistan Minsk qrupu və BMT-TŞ-nin sənədlərinə məhəl qoyurmu? Yox. Bəs belə olan halda niyə işğalçıya təzyiqlər göstərilmir? Bu məqamda ikili standartlar özünü aydın şəkildə büruzə verir. Hətta bəzi hallarda  “Tərəflər güzəştə hazır olmalıdır” deyib işğalçı Ermənistanla, işğala məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoymağa çalışırlar. Əlbəttə, bu, ədalətsiz yanaşmadır. Məhz buna görə də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın söylədiyi kimi: “Azərbaycan özü öz göbəyini kəsmək qərarına gəldi”. Bu gün biz öz torpaqlarımızda haqq savaşımızı aparırıq. Bizim heç kimin ərazisində gözümüz yoxdur. Biz öz torpaqlarımızda döyüşürük, ərazilərimizi terrorçulardan azad etməyə çalışırıq və azad edirik. Müzəffər ordumuz xalqımıza qələbə sevinci yaşadır. Doğrudur, Gəncə hadisələrinə görə sarsıldıq, amma həmin gün Füzuli rayonu və bir neçə kəndinin düşmən tapdağından azad olunması göz yaşlarımıza sevinc qatdı. Yəni bir gözümüz ağlayanda, biri də gülür.

- R.T.Ərdoğanın məşhur və bu gün üçün çox aktual olan fikrini xatırlatdınız. Bu məqamda Türkiyənin Azərbaycana qardaş dəstəyindən danışmasaq olmaz...

-Şübhəsiz ki, Azərbaycan-Türkiyə qardaşlığı ilk növbədə tarixi köklərə bağlıdır. 102 il öncə, 1918-ci ildə Nuru Paşa da ordusu ilə Bakıya gəlib, Bakını işğalçılardan azad etdi. Türklər ikinci vətənləri hesab etdikləri Azərbaycana həmişə xoş niyyət üçün gəliblər. Bu gün də qardaş Türkiyə ən ali səviyyədə Azərbaycana mənəvi dəstəyini ifadə edir. Türkiyə cəmiyyəti də ölkəmizin bu haqq savaşını  dəstəkləyir. Şübhəsiz ki, işğalçı Ermənsitan müharibənin ilk günündən Türkiyənin adını çəkərək digər ölkələri də müharibəyə cəlb etməyə çalışır. Bu suda batan adamın saman çöpündən yapışmasına bənzəyir. Əlbəttə, Türkiyə qardaş ölkə olaraq hər zaman Azərbaycanın yanındadır. Amma düşmən bilsin ki, onunla cəbhədə döyüşən Azərbaycan ordusudur, Azərbaycan əsgəridir. Azərbaycan və Türkiyə ən ali səviyyədə qarşılıqlı şəkildə bəyan edib ki: “Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir”. Dünyada kökən baxımından bir-birinə yaxın xalqlar, ölkələr var, amma Azərbaycan və Türkiyə kimi qardaş ölkələrdən yoxdur.  Azərbaycan və Türkiyə bu qan qardaşlığını bütün sahələrdə aydın müşahidə etmək olar. İdman sahəsində də bu qardaşlıq aydın hiss olunur. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan və Türkiyə idmaçıları qələbə sevinclərini qeyd edərkən  hər iki ölkənin bayrağını qoşalaşdırıb başları üzərində dalğalandırıblar. Bu da qardaşlığımızın təcəllasıdır.

-Qayıdaq yenidən idman sahəsinə... Güləşçilərimiz də bu gün hərbi formadadır və döyüşə hazırdır.

-İdmançılarımız onlar illərdir, Azərbaycan bayrağı altında çıxış edirlər və proseslərin şahidi olurlar. Bayaq dediyiniz kimi yarış meydanlarında düşmənin xislətini, təxribatlarını görürlər. Xocalı və Gəncə soyqırımıları yaddaşımızdan silinməyib.. Ömrü boyu ermənilər bizə arxadan namərdcəsinə zərbə vurublar. Elə bilirlər ki, törətdikləri əməllər bağışlanacaq. Amma heç vaxt bağışlanmayacaqlar. Əsla belə deyil. Cənab Prezident həm də Milli Olimpiya Komitəsinin Prezidentidir. Böyük idmançı ordusu var. Hər birimiz ölkə başçısının ətrafında birləşmişik, ordumuzun yanındayıq. Həmişə döyüşə hazırıq. Yarış meydanı başqa bir savaşdır. Bu savaş isə yarış meydanındakı savaşdan deyil. Bu, ölüm-qalım savaşıdır. Ya Qarabağ ya ölüm, başqa bir yol yoxdur.

-Sanki idman ictimaiyyətimizdə başqa bir ab-hava, ruh yüksəkliyi var...

- Ümummilli liderimiz Heydər Əliyev hər zaman deyirdi ki, “Mənim taleyüklü olan və axıra çatdırmadığım məsələləri özüm qədər inandığım İlham Əliyev sona çatdıracaq”. Səbrlə hərəkət etmək lazımdır. İllər boyu cənab Prezident prosesləri bütün sahələrdə, beynəlxalq arenada mərhələli şəkildə öyrənib və artıq savaşa tam hazırdır. Bu gün Prezidentimiz Ulu öndərin siyasi kursunu layiqincə davam etdirir. Qələbələrimiz göz qabağındadır. Bundan sonra da qələbələrimizin ardı gələcək. Millətimiz buna tam əmin ola bilər. Ordumuza əsasən ruhu xalqımız verir. Biz yarışlara çıxanda əlimizdə bayraq dövrə vuranda millətin gücünü hiss edirik və qələbəyə daha çox inamla, istəklə gedirik. Bu gün də xalqın gücü önəmlidir. Ali Baş Komandanın ətrafına yığışmışıq. İllər boyu gözlədiyimiz gün, haqq davası gəlib çıxıb. Bu haqq davasında qalib gələcəyik, artıq zəfərə doğru gedirik, gedəcəyik də. İndi 1990-ci illər deyil, bu gün daha inamlıyıq. Birinci Qarabağ savaşında da qeyrətli, namuslu qardaşlarımız şəhid oldu. Bu gün onların qanı yerdə qalmır, intiqamları alınır.

Söhbətin bu yerində  F.Umudov bu günlə səsləşən bir vətənpərvər şeir səsləndirir:

Bir şəhid əlindən düşsə də bayraq,
Döyüş yoldaşları qaldıracaqdır.
Müqəddəs amalı varsa da əgər,
Müqəddəs bayrağı ucalacaqdır.

 

Zəfər günü yaxındadır. İnşallah üçrəngli, ay- ulduzlu bayrağımız azad olunan torpaqlarımızda dalğalanacaq.

-Azad olunan torpaqlarımızın fotusu sosial şəbəkələrdə  paylaşılır. İnformasiya müharibəsində də diqqətli olmaq lazımdır.

-Xarici ölkələrdəki idmançı dostlarımız bizi təbrik edirlər. Ermənilər başqa ölkələrdə gedən müharibələrin “fake” məlumatlarını götürüb, öz adlarına çıxırlar, istəyirlər ki, təşviş yaratsınlar. Amma demirlər ki, Azərbaycan daha 1990-cı illərdəki Azərbaycan deyil. Azərbaycanın ağıllı, müdrik, qüdrətli Ali Baş Komandanı, sərkərdəsi, Prezidenti var. Xalq da İlham Əliyevin ətrafındadır. Bizi heç nə qorxudan deyil. Mən Qazax rayonunda anadan olmuşam, sərhəd bögləsində müharibəni gözümlə görmüşəm. 13-14 yaşlarımda müharibənin ağrı-acısını yaşamışam. Bu gün top atılır, güllə səsi eşidilir. Əvvəlki zamanlarda qorxu yox idi, bu gün də yoxdur. Azərbaycan xalqı qorxaq xalq deyil. Düşmən ölkə başçısı çıxıb Şuşada, Xankəndində rəqs edəndə bilmirdi ki, onun cavabı veriləcək? İndi

- Bu gün o cavab artıq verilir...

-Bəli. Paşinyan özünü qəhrəman kimi göstərirdi. Balaca uşaqlar kimi hər dəfə nədənsə qorxur və gedib böyüklərdən, özündən güclülərdən kömək istəyir. Paşinyan qorxaq olandan sonra, erməni xalqı da qorxaq olacaq. Biz güclü millətik, qanımızla, canımızla torpaqlarımızı azad edəcəyik. Bir sərhədçi, hərbçi, idmançı kimi deyirəm ki, Azərbaycanda böyük idmançılar ordusu var. Paşinyan bizə böhtan atır ki, guya Azərbaycan Ordusunda muzdlular döyüşür. Lakin o səriştəsiz uşaq qatili fikirləşmir ki, onlar 2 milyondurlar, biz də 10 milyonuq və güclü ordumuz var.  Biz hər cəhətdən düşməndən güclüyük. İdmanda, iqtisadiyyatda, orduda, hərbidə. Ordumuz dünyada 50 ən güclü ölkələrin ordusu sırasındadır. Onlar isə gəlib bizimlə rəqabətə can atır.İdman dili ilə desək idmana yeni –yeni qədəm qoyan bir idmançı 2-3 qat olimpiya çempionu ilə rəqabətə girməyə çalışır. Ermənistanın havadarları olmasa, onlar heç kimdirlər. Bütün bunlar sübut olunur. 

- Özləri kənardan, ayrı-ayrı dövlətlərdən dəstək aldıqları halda Azərbaycana qarşı ittiham irəli sürürlər ki, guya Azərbaycan digər ölkələrdən muzdlu döyüşçülər gətirir... 

- Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı yoxdur. Qeyrətli oğullarımız var, biz işğalda olan torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyün bərpa edəcəyik. Öldü var, döndü yoxdur, canımızla, qanımızla  torpaqlarımızı azad edəcəyik. Dağlıq Qarabağ bizim namusumuz, qeyrətimizdir. Torpaqlarımızdan necə vaz keçə bilərik? Mümkün olan deyil. İstəyirlər böhtan atsınlar, istəyirlər bizi təxribata çəksinlər, lakin alınmayacaq. Biz döyüş meydanında onların layiqli cavabını veririk. Zəfər bizimlə olacaq.

- Bu günə qədər müxtəlif sahələrdə ölkəmizi tanıtmağa səy göstərdik. Məsələn, müxtəlif yarışlarda xalqımıza qələbə dadını hiss etdirdik. Bu qələbələri mütləq daddırmaq lazım idi ki, onlar böyük qələbələrə inansınlar...

- Ölkəmizdə böyük yarışlar keçirilib, Avropa çempionatlarında da düşmən ölkənin idmançıları Azəbraycanda  yarışlarda iştirak edib. Cənab Prezident medal vermə anlarıda belə hər zaman qonaqpərvərliyini göstərib. Xalqımız da mənliyini, kişiliyini göstərir. Amma düşmən namərddir, namərdin də cavabı verilməlidir. Sakit durduqca el bilirlər ki, qorxuruq. Beynəlxalq qayda-qanunlar var. Biz sadəcə bu qaydalara riayət edirik. Düşməndə isə bu xislət, amal və düşüncə yoxdur. Bir dövlət başçısı ki, böhtan atır, mülki əhalini qətlə yetirir,  uşaqlarımızı qanına susayır,  biz onu necə yadımızdan çıxara bilərik? Artıq düşmən ordusunun içində müəyyən çaşqınlıq yaranıb. Çünki onların rəhbərliyinin idarəetmə qabiliyyəti yoxdur.  Vaxtında tədbir görməli və torpaqlarımızdan çəkilməli idilər. Ali baş Komandanımız İlham Əliyev də dəfələrlə bunu deyib. Torpaqlarımızdan çəkilsinlər, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bizim dinc əhali ilə işimiz yoxdur. Öz torpaqlarımızda mübarizə aparırıq, sona qədər də gedəcəyik. Hər bir vətəndaşımız qələbəni gözləyir. Uşaqdan böyüyə hamı Qarabağ deyir.

- Bəziləri düşünürdü ki, artıq 30 il keçib, biz nəyisə unudarıq...

- Bu əsla belə deyil. Hadisələrin hər biri gözümüzün qabağındadır. Xocalı soyqırımındakı uşaqların ahı, nailəsi heç vaxt yaddan çıxmayacaq. Etmənistanın 2 milyon əhalisi var. Paşinyan isə Azərbaycan torpaqlarında döyüşmək istəməyən erməniləri məcbur edib, müharibəyə cəlb edir ki, onlar da Azərbaycanln müzəffər ordusu qarşısnda tab gətirə bilmir və əsgərlərimiz onları məhv edir. Artıq erməni əsgərlərin anaları küçələrə axın edib, Paşinyana qarşı kəskin etirazlar edirlər. Onlar erməni baş nazirin ermənilərin yer üzündən silinməsinə çalışdığını bildirirlər.

- Bu günlərdə hər kəs evinin eyvanından, iş otağından Azərbaycan bayrağını asıb dalğalandırır. Hər kəs üçrəngli bayrağımızı hazırda azad olunan və azad olunacaq torpaqlarımıza sancmaq eşqi ilə alışıb-yanır...

- Bütün yarışlarımızda Azərbaycanın üçərəngli bayrağı üzərimizdə olur. Düşmən bizi beynəlxalq yarışlarda da təxribata sövq ediblər.  Azərbaycan bayrağını başqa bayraq kimi təqdim ediblər. Amma biz onları susdurmuşuq. Bayrağımızı hər zaman dalğalandıracağıq. Müzəffər bayrağımız sərhədlərimizdə, Qarabağımızda dalğalanacaq.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu