Yenə karantin, yenə sıxlıq ! – Sərnişinlər BNA-nı qınayır, BNA da...!

Mayis Ağayev: “Apardığımız təhlillər də onu göstərir ki, saxlanma qaydalarının  pozulması sıxlığa səbəb olur ”

“Mütləq şəkildə  xüsusi hərəkət zonaları təşkil edlməlidir ki, BNA da bu istiqamətdə ciddi tədbirlər görür”

Elməddin Muradlı: “Avtobuslararası hərəkət intervalının azaldılması avtobusların sayından asılıdır”


Karantin rejiminin yenidən sərtləşdirilməsi ilə əlaqədar metronun fəaliyyəti dayandırıldığına görə bu gün  səhər saatlarında Bakıda ictimai nəqliyyatda sıxlıq yaşanıb. Hazırda metro stansiyaları arası sərnişinlər ekspres avtobuslarla daşınır.



Lakin eskpres avtobuslar uzunmüddətli intervalla hərəkət etməsi də müşahidə olunur. Sakinlərin bir qismi isə bu cür sərnişin sıxlığını və nəqliyyatın gec gəlməsini marşrut xəttindəki avtobusların az olması ilə əlaqələndirirlər.

Gün ərzində sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin iş yerlərinə və üz tutduqları məkana vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün avtobusların hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır. Bəzi sahibkarlar sərnişindaşımadan gəlir əldə etmək üçün intervalarası vaxtı minimuma endirmək əvəzinə, uzadır. Taksi xidmətindən gündəlik istifadə etmək isə hər kəsin cibinə uyğun deyil.

Bunun qarşısını almaq üçün ekspres avtobuslarda hərəkət qrafikinin dəyişdirilməsi gözlənilirmi?



Sualımızı cavablandıran Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev “Sherg.az”a deyib ki, bu gün bütün yük avtobusların üzərinə düşür:

“Bakı şəhərində 153  müntəzəm, 10 ekpres marşrut xətti fəaliyyət göstərir. Həmin xətlər üzrə  gündəlik xəttə çıxan ümumi avtobus sayı 2100 ədəddən artıqdır. Ondan əlavə səhər saatlarında ehtiyat 70 ədəd ekspres avtobus xəttə buraxılıb. 

Səhər və axşam  pik saatlarda yollarda  nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Avtobuslar xəttə çıxmazdan öncə hər gün marşrut üzrə avtobus sayı və avtobuslararası  interval müəyyənləşdirilir. Lakin yollarda pik saatlarda müşahidə olunan sıxlıq avtobuslararası intervalın pozulmasına, dayanacaq məntəqələrində daha çox sərnişinlərin toplanmasına və nəticə etibarilə avtobusun özündə sıxlığa gətirib çıxardır. Yəni avtobuslarda rastlaşdığınız sıxlığın  əsas səbəbi avtobus çatışmazlığı deyil.

Bu yollardakı vəziyyətdir ki, birbaşa sərnişindaşımaya da təsir göstərir. BNA da həm avtobusların sərnişindaşıma fəaliyyətini təşkil etməklə paralel olaraq yollarda öz səlahiyyətləri çərçivəsində  hərəkət intensivliyini təmin etmək üçün müəyyən tədbirlər həyata keçirir. Apardığımız təhlillər də onu göstərir ki, saxlanma qaydalarının  pozulması sıxlığa səbəb olur.

Daha sonra fərdi  avtomobil sürücülərinin yol hərəkəti qaydalarına ciddi əməl etməməsi, zolaqdan zolağa keçmə hərəkətini pozması, düzgün sürət həddinin seçilməməsi yolda ümumi vəziyyəti gərginləşdirir. Bu da avtobusların gecikməsinə səbəb olur. Bu günlərdə sərnişindaşımanı yalnız avtobuslar həyata keçirir. Avtobusların təhlükəsizliyini təmin etmək həyati əhəmiyyət kəsb edir. Mütləq şəkildə  xüsusi hərəkət zonaları təşkil edlməlidir ki, BNA da bu istiqamətdə ciddi tədbirlər görür”.



Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtobuslararası hərəkət intervalının azaldılması avtobusların sayından asılıdır:

“Avtobusların sayında məhdudiyyət var. Bundan əlavə, əsgərlərimizə dəstək məqsədilə bir neçə daşıyıcı şirkətlər əraziyə müəyyən sayda avtobus göndərib. Sizin  vasitənizlə onlara da təşəkkürümü bildirmək istəyirəm. 

  Bu baxımdan avtobusların sayı bir az məhduddur. Metronun faəliyyətinin dayandırılması da problemlərə yol açır. Bu işin içində olan adam kimi deyirəm ki, BNA və digər daşıyıcı şirkətlər mümkün olan bütün imkanları səfərbər edirlər.

Daşıyıcı şirkətlər sahibkarlıq obyektidir. Onlar da istəyirlər ki, xəttə daha çox avtobus buraxılsın ki, gəlirləri də çox olsun. Ən sadə variant budur.

Kim öz avtobusunu qarajında saxlayıb ziyana gedər? Əllərində imkan olanda xəttə avtobus buraxırlar. Hər il yeni avtobusların gətirilməsi prossesi davam edir. Gələn il də avtobusların gətirilməsi nəzərdə tutulur.

Lakin gətirilən avtobuslar tələbatı tam ödəmir. Çünki  yeniləri gətirilirsə, köhnələr də sıradan çıxır. Beləliklə, balans pozulur. Bu, müəyyən zaman çərçivəsində həllini tapacaq məsələdir.

Sadəcə insanları bu məsələyə anlayışla yanaşmalarını çağırıram.Hər bir halda bütün variantlardan istifadə edib,  şəxsi minik  avtomobilləri ilə hərəkət etmək daha yaxşı olardı. İctimai nəqliyyatdan mümkün qədər az istifadə etmək faydalıdır.

Bilirsiniz ki, həm də komendat rejimi tətbiq olunub. İnsanlar var ki, boş-boş küçədə gəzirlər. Biri deyir rəfiqəmlə, biri də deyir dostumla görüşürəm. Zərurət olmadığı müddətcə evdən çıxmamaq daha məsləhətlidir. Nəzərə almaq lazımdır ki, noyabrın 2-nə kimi davam edən məsələdir. 2 həftə səbirli olmaq lazımdır”.

 Aygün  Mustafayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu