Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb


Oktyabrın 19-da Ədliyyə naziri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniqi onun xahişi ilə qəbul edib.

Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edən nazir ölkələrimizin Ədliyyə nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətini, o cümlədən hüquqi sahədə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) ilə sıx əlaqələri vurğulayıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatlarından danışıb, bu sahədə alman ekspertlərinin iştirakını qeyd edib.

Görüşdə səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırılıb. Bildirilib ki, razılaşdırılmış humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan tərəfindən insanların sıx yaşadığı şəhər və rayonlarımız ağır artilleriya atəşinə məruz qalıb, təmas xəttindən on kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində qadınlar və uşaqlar olmaqla 25 nəfər həlak olub, 120-dən çox insan yaralanıb. Bütövlükdə isə 61 dinc vətəndaş vəfat edib, 282 nəfər xəsarət alıb, 2200 mülki infrastruktur obyektləri yararsız vəziyyətə düşüb. Ermənistan törətdiyi bu müharibə cinayətləri ilə beynəlxalq humanitar hüquq normalarını, 1949-cu il Cenevrə Konvensiyalarını kobud surətdə pozur. Həmçinin qeyd olunub ki, işğal altındakı ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyəti, Azərbaycana aid tarixi, mədəni və digər abidələrin dağıdılması və ya adlarının saxtalaşdırılması, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən və bununla da torpaqlarımızı qaytarmaqda niyyətinin olmadığını göstərən Ermənistan rəhbərliyi açıq-aşkar müharibəyə təhrik edən bəyanatları ilə çıxış edərək danışıqlar prosesini tam pozmuşdur.

Bütün bunların ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb. Eyni zamanda, Almaniya Bundestaqı deputatlarının qanunsuz olaraq işğal altındakı torpaqlarımıza səfərinin təəssüf doğurduğu bildirilib, səfir V.Maniq həmin deputatların ölkəsinin məhkəmə qərarlarına əsasən faşist mövqeyi ilə seçilən radikal partiya təmsilçiləri olduqlarını söyləyib, Federal Hökumətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. O, son hadisələrlə bağlı dəqiq və dolğun məlumatlara görə təşəkkürünü ifadə edib, Azərbaycan həqiqətlərinin ölkəsində daha geniş təbliğ olunmasının əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycanın dostu olduğunu bildirərək, ölkəmizin tolerantlığını vurğulayıb, ikitərəfli əlaqələrin genişləndirilməsinə hazır olduğunu diqqətə çatdırıb, bildirib ki, Almaniyanın Avropa İttifaqında bu yaxınlarda edəcək sədrliyi əməkdaşlıq üçün əlavə imkan yaradacaqdır. Səfir, həmçinin Ədliyyə Nazirliyi ilə sıx əlaqələri yüksək qiymətləndirib.

Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, hüquqi yardım, ekstradisiya və digər əməkdaşlıq edilə bilən yeni sahələrlə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu