Ali Baş Komandana yazırlar: "Qarabağı işğaldan azad edəcəyinizə hamımız inanırıq" 

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına məktublar gəlməkdə davam edir. "Sherg.az" məktublardan bəzilərini təqdim edir.

Şervin Nəcəfpur və Atabəy Nəcəfpur Norveçdən yazır:

- Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün dünya azərbaycanlıları Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir.

Sizin qətiyyətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Bu gün rəşadətli Azərbaycan Ordusuna xalqımız hərtərəfli dəstək verir. Azərbaycan xalqının güc birliyindən qürur hissi duyuruq.

Biz inanırıq ki, Sizin əzminiz sayəsində Azərbaycan ordusu BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı çıxardığı qətnamələrə necə hörmətlə yanaşmağın vacib olduğunu bütün dünyaya göstərəcək. Dövlətimizə, xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır və daim bütün gücümüzlə başda Siz olmaqla Azərbaycan dövlətinin, ordusunun yanındayıq.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik və yaralılarımıza Allahdan şəfa diləyirik.

Tanrı xalqımıza bu müqəddəs işdə yardımçı olsun.




Əlikram Qəniyev, Bakıdan yazır:

- Hörmətli Prezidentim.

Mən Sizin apardığınız daxili və xarici siyasətlə həmişə fəxr etmişəm. Bu gün də mənfur düşmənlərə verdiyiniz dərs bu sətirləri yazmağıma səbəb oldu. Mən və tabeliyimdə olan "İnsan hüquqlarının müdafiəsi və ekologiyanın qorunması" İctimai birliyinin Sabunçu rayon mərkəzinin kollektivi Sizi bu uğurlar və qələbə münasibətilə təbrik edirik. Sizə, xalqımıza, millətimizə Allahdan cansağlığı arzulayıram. Hər an Sizin əmrinizlə düşmənlə döyüşməyə hazırıq, cənab Ali Baş Komandan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Məmməd Omarov, Qazaxdan:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Şairlər, tarixi şəxsiyyətlər və hərbçilər Vətəni Qazax elinin ürəyində Sizin xüsusi yeriniz var. Siz Vaqifin, Əliağa Şıxlinskinin, Fərrux ağa Qayıbovun, Səməd Vurğunun ruhunu şad etdiniz. XXI əsrin birinci yarısında dünya prezidentləri sırasında Allahın say-seçmə bəndəsi kimi tarixə düşdünüz.

Həsrətlə gözü yollarda qalan Qarabağ torpağını amansız, hiyləgər, faşist ermənilərin işğalından birdəfəlik azad etməyə yol tapdınız, müzəffər Ordumuzu qələbələrə ruhlandırdınız. Bu haqq yolunda Sizə və əsgərlərimizə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və Ordumuzu qorusun!


Taleh Yunusov, Ağdaşdan:

- Hörmətli cənab Prezident.

Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan Ordusu sürətlə irəliləyir. Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu günlər tarixə qızıl hərflərlə yazılır.

Mən Sizinlə qürur duyuram, cənab Ali Baş Komandan. Dünyanın hər yerində Azərbaycanla bağlılığı olan hər bir kəs Sizinlə fəxr edir.

Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz!


Ceyhun Məmmədov, Fizulidən:

- Hörmətli cənab Prezident.

Faşist erməni dövlətinin qədim Gəncə şəhərinə növbəti hücumu bizi sarsıda bilməz. Bütün canımız, malımız, övladımız bu Vətənə qurban olsun.

Əzəli torpağımız olan Qarabağın azad olunması üçün düzgün hərbi və siyasi mübarizənizi bundan sonra da həyata keçirəcəyinizə inanır və bu ədalətli mübarizədə Sizin arxanızda polad yumruq kimi dayandığımızı bildiririk.

Tanrı Sizi və əsgərlərimizi qorusun!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!



Roman Kazımov Bakıdan yazır:

- Hörmətli cənab Prezidentimiz.

Biz Sizi çox sevirik. Sizinlə fəxr edirəm. Bütün uşaqlar Sizi çox sevir.

Mənim nənəm Qərbi Azərbaycandan qaçqındır. Siz düşmənləri “iti qovan kimi” qovduqca biz sevinirik. Qarabağı işğaldan azad edəcəyinizə hamımız inanırıq.

Mən də böyüyəndə cəsur əsgər olacağam.


Ağamirzə Əkbərov, Astaradan:

- Möhtərəm cənab Prezident.

Bu günlərdə bizə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza minnətdarıq.

Cənab Prezident. Azərbaycanda hamı Sizin ətrafınızda sıx birləşib. Bu gün milli həmrəylikdən kənarda qalanı nə xalq, nə də tarix bağışlamayacaq.

Astaranın bütün sakinləri adından bir nəfər kimi Sizi dəstəklədiyimizi, əmrlərinizə hazır olduğumuzu bildirirəm.



Ofeliya Sənani, Bakıdan:

- Möhtərəm cənab Prezident.

Mənim Sizə hörmətim, ana məhəbbətim o qədər sonsuzdur ki, özümü saxlaya bilməyib məktub yazdım. Analıq məhəbbəti çox güclü olur. Mən gecələr də yatmayıb Sizə - müdrik siyasətçimizə, Vətənini, xalqını ürəkdən sevən, tutarlı, dəqiq, qətiyyətli çıxışlar edən, düşmənə bütün qəlbi ilə nifrəti olan vətənpərvər, mətin, sözündən dönməyən əbədi Prezidentimizə qulaq asıram və dualar edirəm.

Mən 80 yaşlı ana Sizinlə sözlə ifadə edilə bilməyəcək dərəcədə fəxr edirəm. Bu yaşda çox xoşbəxtəm ki, Sizin sayənizdə gündən-günə gözəlləşən, çiçəklənən, eləcə də başqa ölkələrdən seçilən, tayı-bərabəri olmayan, ürəkləri sevindirən Azərbaycanımızı görürəm.

Hər şeyə görə Sizə minnətdarıq, bizim əbədi Prezidentimiz.

Ulu Tanrı Sizi qorusun!



Mehman Nurməmmədli, İsmayıllıda


- Möhtərəm cənab Prezident.

Əminəm ki, bu gün torpaqlarımız uğrunda şəhid olan bütün övladlarımızın ruhu şaddır. Qarabağ qazilərimiz çox xoşbəxtdir. Çünki onların qanı yerdə qalmadı.

Bu gün elə şəhid ailələri də sevinc yaşayırlar, uğrunda övladlarının şəhid olduğu torpaqlar Sizin və qüdrətli Ordumuzun sayəsində düşmən tapdağından azad olunur. Bu böyük sevinci xalqımıza bəxş etdiyiniz üçün Sizə və Ordumuza dərin minnətdarlığımı bildirirəm və bildirmək istəyirəm ki, bundan sonrakı qərarlarınızda da biz hər zaman Sizi dəstəkləyirik.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu