Ən doğru yoldayıq...

Daha 30 il dözmək fikrimiz yoxdur

Danışıqlar yolu ilə bir kəndimiz belə qaytarılmayacaqdı


"Azərbaycan Ordusu bir neçə həftə ərzində beynəlxalq təşkilatların 30 il ərzində qurduqları çoxillik planlarını alt-üst etdi. Bəlkə də, ilk dəfə bütün dünyaya sübut etdik ki, sizin yaratdığınız təşkilatlar heç bir əhəmiyyət daşımır! Sadəcə görüntü üçün yaratdığınız bu qurumlar özünüzün maraq və mənafelərinizi təmin etməkdən savayı heç bir işə yaramır.

İndi bizə məlum olur ki, 30 ilə yaxın bir dövr ərzində konfliktin sülh yolu ilə həll olunmasına Azərbaycan dövlətindən və xalqından başqa, heç kim - nə o təşkilatlar, nə onlara havadarlıq edən dövlətlər, nə də ki, işğalçı Ermənistan inanmışdır!"

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Xəyal Bəşirov deyib. O bildirib ki, münaqişənin sülh yolu ilə həlli dövlətimizə itirdiyi əraziləri qazandırmaqla yanaşı, igid övladlarımızın və digər vətəndaşlarımızın həlak olmasının qarşısını da alacaqdı:

"Ancaq, sülh və danışıqlar yolu ilə daha bir kəndimiz belə qaytarılmayacaqdı. Beynəlxalq təşkilatlar ən az bir 30 il də, dövlətimizə minnət edəcək, bizi özlərinə borclu sayacaqdılar. Tarix bir daha göstərdi ki, özünün işğalçılıq və terrorçuluq xislətini ortaya qoyan təxribatçı Ermənistan buna şərait yaratmamaqla yanaşı, bizə hərb yolundan başqa bir seçim qoymadı". 

Politoloq bildirib ki, müharibənin acı nəticələri olaraq düşmənə münasibətdə çox az olsa da, insan itkilərimiz təbii ki, hər birimizi kədərləndirir:

"Bu gün haqq mübarizəmizdə qəhrəmanlıqla vuruşan ordumuz işğal edilmiş torpaqlarımızı düşmənə daha sarsıdıcı zərbələr endirərək qaytarır. Bu yolu daha doğru hesab edirəm.

Çünki, əminəm ki, biri min erməni əsgərinə dəyəcək igid və qəhrəman övladlarımızın qanı hesabına aldığımız torpaqlarımızı bir daha heç bir vəchlə, kimsənin zəbt etməsinə imkan verməyəcəyik!

İşğalçı Ermənistana və onun havadarlarına da bir daha sübut etdik ki, bizim üçün bu torpaqlar canımızdan, qanımızdan və hər şeyimizdən daha dəyərlidir!".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu