"Müharibə 2 həftə davam etsə, Ermənistan ordusunun resursları tükənəcək"- MÜSAHİBƏ

Ərəstun Oruclu: "Ermənistan var gücü ilə Rusiyanı münaqişəyə cəlb etməyə çalışır"

"Torpaqların işğaldan azad edilməsi qürur məsələsidir"

Rəşadətli ordumuz torpaqlarımızın düşməndən azad edilməsi uğrunda hərbi əməliyyatlarını davam etdirir. Hər gün cəbhədən gələn xoş xəbərlər xalqımızın əzmini, ruh-yüksəkliyini daha da artırır. Uzun illərdən bəri həllini tapmayan Dağlıq Qarabağ düyünü açılmağa doğru gedir. Qələbəyə gedən çətin, keşməkeşli, lakin şanlı yolda Azərbaycan bir daha dostunun və düşməninin kim olduğunu tanıdı.
23 gündür davam edən müharibədə mənfur düşmən çoxsaylı təxribatlara əl atdı. Mayası xainliklə yoğrulmuş ermənilər hərzamankı kimi yenə də dinc əhalimizi hədəf alır. Döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan ordusu əslində iyrənc əməlləri ilə özlərinə ziyan vurmuş olur. Məsələ ondadır ki, terror aktı ilə üzləşən, yurd-yuvaları dağılan Azərbaycan xalqını heç nə qorxutmur...

“Sherg.az” olaraq tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu ilə cəbhədəki proseslər barədə həmsöhbət olduq.

Həmin müsahibəni təqdim edirik:

- Ərəstun bəy, sentyabrın 27-dən ön cəbhədə müharibə gedir. Azərbaycan Ordusu haqlı savaşla öz ərazilərimizdə hərbi əməliyyatlar aparır. Vəziyyəti necə şərh edə bilərsiniz?

- Müharibə sentyabrın 27-dən işğalçı Ermənistan qoşunlarının cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin atəşə tutulması ilə başladı. Ardınca da Azərbaycan torpaqlarını düşməndən azad etməyə qərar verdi. Bu, faktiki genişmiqyaslı antiterror əməliyyatıdır və fikrimcə, kifayət qədər sürətli, effektiv, həmçinin müasir müharibə qaydalarına uyğun həyata keçirilir. Sülh danışıqlarının davam etdiyi 26 il ərzində özünü rahat hiss edən işğalçının həm saxta özgüvəni, həm də sülh danışıqlarının sonsuzluğa qədər davam edəcəyinə ümidləri puça çıxdı. Ona görə də indi ağır məğlubiyyətlər yaşamağa məhkumdurlar.   

- Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Təbii ki, bu yaxınlığı qısqanan dövlətlər var. Sizcə, qısqanclığın kökündə nə dayanır?

- Məsələ qısqanclıqla kifayətlənmir. Türkiyənin Azərbaycana birmənalı dəstək göstərməsi istər əvvəllər bölgədə yeganə söz sahibi olan Rusiyaya, istərsə də sülh danışıqlarının imitasiyasında vasitəçilik edən digər ölkələrə “soyuq duş” effekti yaratdı. Amma bu, gözlənilən idi. Çünki münaqişənin həllinin uzanması, onun münaqişə tərəflərinə siyasi və geosiyasi təsir vasitəsi kimi istifadə olunması yalnız qısa vadəli effektiv ola bilərdi. Uzunmüddətli perspektivdə belə süni yaradılmış status- kvo işləyə bilməzdi və işləmədi də. Prosesin uzanması isə münaqişə tərəflərini, ilk növbədə də Azərbaycanı alternativ variantlar və tərəfdaşlar axtarmağa sövq etdi ki, bu da ilk növbədə Türkiyə və İsrail oldu. Bu tərəfdaşlarının köməyilə ordusunu modernləşdirən Azərbaycan bu gün öz ərazi bütövlüyünü bərpa edir. Amma regionda marağı olan dövlətlər bunu bir növ Türkiyənin işi kimi qələmə verərək Ankaraya təzyiq eləməyə çalışırlar. Bunun da səbəbi təkcə Türkiyənin Azərbaycana dəstəyi deyil, həm də onun böyük bir regionda gücə çevrilməsidir. Bu gün ərazi bütövlüyü pozulmuş Ukrayna və Gürcüstan kimi dövlətlərin də Türkiyəyə tərəfdaş kimi baxması bir çox ölkələrdə qıcıq yaradır.    

- Ermənistanın baş naziri Nikol Paşinyan açıq formada təxribatların törədilməsi əmrini verir. Gəncədə, Tərtərdə, Ağdamda mülki insanlar hədəf götürülür. Ancaq beynəlxalq ictimaiyyət bu məsələdə həmişəki susqunluğu göstərir... 

- Sadaladığınız əməllər hərbi cinayətlər kateqoriyasına daxildir və Hərbi Cinayətlərə dair Beynəlxalq Tribunalın (buna Haaqa Məhkəməsi də deyirlər) təhqiqat predmetidir. Amma çox təəssüf ki, müasir dünyada ikili standartlar hələ də mövcuddur və bunun da çeşidli səbəbləri var. Bəzi ölkələr Ermənistana açıq simpatiya bəsləyirlər, digərləri lobbiçilərin sifarişini yerinə yetirirlər, üçüncülər Türkiyənin Azərbaycana dəstəyini həzm edə bilmədiyindən bizə qarşı çıxırlar, dördüncülərin bizim Qarabağdakı hərbi əməliyyatlar geosiyasi maraqlarına ziddir  və s. Məncə indi buna çox da əhəmiyyət vermək lazım deyil. Əlbəttə, həqiqətlərimizi dünyaya çatdırmağa çalışmalıyıq, amma bu gün başlıca vəzifə mümkün qədər qısa zamanda ölkənin ərazi bütövlüyünü bərpa etməkdir. Qalibi mühakimə eləmirlər. Gələcək üçün isə ölkənin xaricdə və beynəlxalq səviyyədə layiqli təmsil olunması üzərində ciddi düşünməli və çalışmalıyıq. 

- Gəncədə baş verənlər barədə nə düşünürsüz? Nə üçün beynəxalq aləm susur? Xalqımız nə zamana kimi belə dəhşətləri yaşayacaq? 

- Dediyim kimi, bunların hamısı hərbi cinayətlərdir və müvafiq dövlət orqanları onlar haqqında ətraflı məlumat və sübutlar toplayaraq Haaqa Tribunalına təqdim eləməlidir. Yalnız bu halda hansısa təsirli reaksiyalar gözləyə bilərik. Əks halda isə ölkələr və beynəlxalq qurumlar standart bəyanatlar verməklə kifayətlənəcəklər və bununla da mövzu qapadılacaq.  

- Sizcə, Ermənistan ordusunda canlı və texniki qüvvə tamamilə tükənərsə, Paşinyan hansı addımı ata bilər?

- Düşmən ölkənin vəziyyəti elə indi də yetərincə ağırdır və əməliyyatlar təxminən 2 həftə də davam edərsə Ermənistan ordusunun resurslarının tükənməsi artıq qaçılmaz olacaq. Bu halda da Paşinyan hökuməti müxtəlif təxribatlara əl atacaq. Artıq bu gün görünür ki, Ermənistan var gücü ilə Rusiyanı münaqişəyə cəlb etməyə çalışır. Digər bir məqam erməni terrorizminin fəallaşması ola bilər. Amma Ermənistanın işğalçı missiyası uğursuzluqlarla üzləşdikcə ölkənin daxilində ictimai-siyasi vəziyyət də gərginləşəcək ki, bu da son nəticədə dövlət çevrilişinə qədər gedib çıxa bilər. Paşinyan da bundan qaçmaq üçün millətçiliyi qızışdıracaq, artıq bunu indi də edir. 

- Necə düşünürsünüz,  Rusiya  sonuna qədər Ermənistana havadarlıqdan imtina edəcəkmi?

- Rusiyanın elə bu gün də Ermənistana havadarlıqdan tam imtina etdiyinə əmin deyiləm. Sadəcə iki ölkə arasında problemlər olduğundan həmin havadarlıq yetərincə deyil. Rusiyanın Ermənistandakı əsas problemi isə Paşinyan və onun qərbpərəst hakimiyyətidir. Paşinyan hakimiyyətdən gedəcəyi halda Rusiya Ermənistana hərbi və iqtisadi dəstəyini dəfələrlə artıra bilər. Elə buna görə də əməliyyatları maksimum qısa zamanda başa çatdırmaq lazımdır ki, hətta İrəvanda siyasi dəyişikliklər olsa belə bunun artıq prosesə ciddi təsiri olmasın.

- İstərdim İranın mövqeyi barədə də fikirlərinizi bildirəsiz. İranın Ermənistana gizli yollarla silah yardımı etdiyi bəllidir. İranın belə addım
atmasına səbəb nədir?

- İran bu tip ittihamları qətiyyətlə inkar edir və sözdə də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Buna baxmayaraq, İran ən azı hər iki ölkə ilə münasibətlərini saxlamağa çalışır. Təbii ki, Ermənistan-İran münasibətləri Azərbaycan-İran münasibətlərindən daha yaxın və daha intensivdir. İran daxili siyasi strukturuna görə çox mürəkkəb dövlətdir, amma onun siyasi kəsimi bir məsələdə eyni platformadan çıxış edir: İran siyasətində Azərbaycana qarşı yad münasibət mövcuddur ki, bunun da çoxsaylı səbəbləri var. Məncə 2 əsas səbəbin burda rolunu qeyd etməmək düzgün olmazdı: bu, Azərbaycanın Qərblə, xüsusilə də ABŞ və İsraillə tərəfdaşlığı, bir də İranda yaşayan çoxsaylı azərbaycanlılardır. İranda ölkəmizin inkişaf edəcəyini ölkələrinin birliyinə qarşı təhdid kimi qəbul edirlər.    

- İşğalçı Ermənistan təkcə cəbhədə təxribatlara əl atmır. Eyni zamanda, informasiya savaşında da mənfur niyyətindən əl çəkmir. Düşmən tərəfi
iddia edir ki, Azərbaycan ordusunda hansısa ölkənin muzdlu əsgərləri döyüşür. Siz də bilirsiniz ki, bugünkü Azərbaycan ordusu 1990-cı illərdəki özünümüdafiə batalyonlarından təşkil edilməyib ki, hansısa muzdlu döyüşçüyə ehtiyacı olsun. Sizcə, Ermənistan tərəfi bu cür iddiaları səsləndirməklə regionda nə etməyi düşünür?

- Təəssüf ki, bu cür əsassız iddialar təkcə Ermənistan deyil, Rusiyanın və İranın da siyasi dairələri tərəfindən səsləndirilir. Bu günlərdə 3 ölkənin birləşərək antiterror koalisiyası yaratmaq istədiyi haqda məlumatlar da vardı. Görünür, Azərbaycanın apardığı hərbi əməliyyatları çağırışlarla, siyasi təsirlərlə dayandıra bilməyənlər indi də başqa və daha məkrli yollara əl atmağı düşünürlər. Bunun üçün də elə özlərinin uydurduğu çirkin yalanlara istinad edirlər. Amma bu cür məkrli əməllərin mümkün əks-effektləri haqda da düşünsəydilər məncə pis olmazdı.

- Vasitəçi ölkə olan Fransanın mövqeyi, verdiyi açıqlamaları, birmənalı olaraq Ermənistana tərəf olduğunu göstərir. Fransanın Ermənistan
sevdasına səbəb nədir?

- Əsas səbəblər Fransadakı erməni icmasından maddi və siyasi dəstək almaq və bir də Türkiyənin artan rolunun qarşısını almaq istəyidir. Qalanları təfərrüatlardır. 

- Ermənilərin Rusiya, Fransa kimi havadarları əməliyyatların dayandırılmasına nail ola bilərlərmi?

- Hələlik buna nail ola bilməyiblər və bundan sonra da nail olacaqlarını təsəvvür eləmirəm. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə yetərincə qərarlıdır və bu gün o, tək deyil. Bizə dəstək verən, dost olan dövlətlər də az deyil və ən başlıcası da xalq buna imkan verməz. Azərbaycan insanı üçün torpaqların işğaldan azad edilməsi qürur məsələsidir. Belə məsələdə isə geri çəkilmirlər.

- Qarabağ müharibəsinin sonunu necə proqnozlaşdırırsınız?

- Hər şey verilən siyasi qərarlardan asılı olacaq. Hələlik bir məqamı dəqiq demək olar: Azərbaycan xalqı, onun ordusu artıq məğlub durumda deyil və inanıram ki, qalib ordu və qalib xalq statusuna da nail olacaq. Bu isə ən əsas hədəfdir, çünki qalib xalqın olacaq, öz gücünə inamı da, iradəsi də.

Söhbətləşdi: Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu