Terrorçu və şizofrenik dövlətə pulsuz-parasız silah ötürürlər

Dinc əhaliyə qarşı vəhşiliyin məsuliyyətini işğalçıya havadarlıq edənlər də daşıyır

Cəbhə xəttində qəhrəman Azərbaycan Ordusunun qarşısından qaçan Ermənistanın silahlı quldurları namərdcəsinə və qorxaqcasına mülki yaşayış yerlərini raket atəşinə tutur. Öz ağlınca Qarabağda üzləşdiyi acı məğlubiyyətin əvəzini çıxmağa çalışan düşmən qüvvələri mütəmadi olaraq Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Bərdə və Gəncə şəhərlərinə raket atırlar.

Halbuki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün Dağlıq Qarabağda əlisilahlı ermənilərə, terrorçulara qarşı döyüşür və yeganə şərtimiz odur ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın. Ancaq təcavüzkar ermənilər çirkin məqsədlərinə çatmaq üçün hər cür alçaqlığı özlərinə rəva bilirlər. Məqsəd ondan ibarətdir ki, əhali arasında təşviş yaransın və insanlar həmin rayonları tərk etsinlər.

Ermənistanın digər məqsədi isə ondan ibarətdir ki, Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən “uğurlara” nail olsunlar.

Beynəlxalq qurumlar münaqişəyə cəlb edilsin və xarici dövlətlərə nümayiş etdirsin ki, guya Azərbaycan müharibəni Ermənistan ərazisində aparır. Lakin Gəncənin ikinci dəfə vurulması və qətl edilənlər arasında iki yaşlı günahsız körpənin olması beynəlxalq ictimaiyyəti də vicdana gətirməlidir, dünya gücləri işğalçı və vəhşi qatillərin yanında yer almamalıdır.  

Düşmənin israrla mülki şəxslərimizi hədəf alması ilə bağlı “Şərq”ə danışan Tərtərin millət vəkili Sahib Alıyev deyib ki, bu gün Azərbaycan şəhərlərinə, o cümlədən Gəncəyə raket atanlar, 100 il bundan öncə həmən Gəncədən deputat seçilən, Azərbaycan Xalq Cümhuriyyətinin nazirlər şurasının ilk sədri Fətəli xan Xoyskini, əslən gəncəli Həsən bəy Ağayevi qətlə yetirən terrorçu Aram Erkanyanın və Misak Qriqoryanın törəmələridir. Deputatın sözlərinə görə, eyni zamanda Tərtəri artilleriya atəşinə tutaraq sentyabrın 27-dən üzü bəri 14 mülki insanımızı həlak edən, 54 nəfəri yaralayanlar da, 1921-ci ildə həmən Tərtərin yetirməsi AXC-nin daxili işlər naziri olmuş Behbud xan Cavanşiri İstanbulda  öldürən terrorçu Misak Torlakyanın genini daşıyanlardır:

“Terror ermənilərin xislətindədir. Sadəcə təəssüf doğuran odur ki, türk diplomatlarına, iş adamlarına qarşı terror aktları törədən hayları məhkəmə salonlarından buraxdıranlar indi də eyni siyasəti davam etdirirlər.

Sizcə, əgər biri şizofrenikdirsə, içində ancaq nifrət gəzdirirsə, hər cür təhlükəli hərəkətlərə meyillidirsə, ona silah vermək olarmı?

Təbii ki, yox. Onda bəs necə olur ki, hələ dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, yeritdiyi işğalçılıq siyasətinə göz yummaq bir yana qalsın, Ermənistan kimi terrorçu və şizofrenik bir dövlətə  pulsuz-parasız böyük dağıdıcı gücü olan silah-sursat ötürülür?

Ona görə də hayların Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri vəhşiliklərin bütün məsuliyyətini təkcə işğalçı, terrorçu, şizofrenik Ermənistan deyil, həm də ona havadarlıq edənlər daşıyır. Bu, əgər varsa, onların da vicdanında qara bir ləkə kimi qalacaq.

Azərbaycana gəldikdə isə ordumuz bu vəhşiliyin cavabını yeni-yeni torpaqlarımızı azad etməklə, döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməklə verir və verəcək!”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu