Bu savaş din savaşı deyil, Vətən müharibəsi və terrorizmlə mübarizədir

Qısa vaxtda ərazilərimizi işğaldan tamam azad edəcəyik

“İslamda Vətən məfhumu böyük məna kəsb edir. Doğulduğun məkan ana Vətənin hesab olunur və onun üçün fiziki, mənəvi və maddi hər iş görmək savab sayılır”.

Bunu “Sherg.az”a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib. İlahiyyatçı bildirib ki, Allah rəsulu Həzrəti Məhəmməd “Vətəni sevmək imandandır” deyərək vətənpərvərliyi imana bərabər tutub: “Azərbaycan haqq davası aparır və bu əsl Vətən müharibəsidir.

30 ildir Ermənistan dövləti Azərbaycan torpaqlarını işğal etməklə yanaşı mülki əhalimizə qarşı da terror həyata keçirir. Dünya birliyi isə bu terrora göz yumur. Əfsuslar olsun ki , müsəlman Azərbaycan xalqına qarşı olan təcavüzə, işğala bəzi islam dövlətləri də laqeyd yanaşırlar. Halbuki, dinindən asılı olmayaraq, məzarlıqları və ibadət ocaqlarını dağıtmaq vandallıq, vəhşilikdir.

Bu vəhşiliyi erməni hakimiyyəti 30 ildir həyata keçirir.

Bugünədək müsəlman dövlətləri bir dəfə də olsun Ermənistanın təcavüzə son verməsini tələb etməyiblər. Lakin Ali Baş Komandanın göstərişi ilə rəşadətli Ordumuz irəliləyən kimi dərhal “atəşkəs” tövsiyə edirlər? 30 ildə harada idilər? Niyə erməni quldurlarına “atəşi saxlayın” demirdilər?”.

R.Məmmədovun sözlərinə görə, bu gün Qarabağ uğrunda yəhudi, xristian dininə mənsub olan əsgərlərimiz vuruşur, bir neçəsi şəhidlik zirvəsinə ucalıb:

“Bu savaş din savaşı deyil, Vətən müharibəsi və terrorizmlə mübarizədir. Torpaqlarımızın işğaldan azad olunması üçün gedən haqq savaşıdır. Çox qısa vaxtda Ali Baş Komandanın təbiri ilə desək, erməniləri bütün torpaqlarımızdan “iti qovan kimi qovacağıq” və ərazilərimizi azad edəcəyik. Heç kimin şübhəsi və tərəddüdü olmasın”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu