"Bu, son savaşımız olacaq"

Rüstəm Behrudi: "30 ildir çəkdiyim xəcalətdən, utancdan indi uzaqdayam"

"Ömür ölümü öyrənmək sənətidir. Ölümün üstünə getmək, oturub onu gözləməkdən min dəfə gözəldir"

Vətən müharibəsi dövründə tanınmış ziyalılar, xalqın sevimlisi olan sənətkarlarla həmsöhbət olmağa davam edirik. Növbəti qonağımız tanınmış şair, “Salam dar ağacı” şeiri ilə könüllərdə taxt qurmuş Rüstəm Behrudidir. Onunla ordumuzun zəfər yolundan, mənfur düşmənlərimizdən və onun havadarlarından danışdıq. 

 - Müzəffər ordumuzun zəfərləri, torpaqlarımızın işğaldan azad olunması, ölkədə baş verən olaylar sizə necə təsir bağışlayır? 

- Azərbaycan  şərəfli tarix yazır. Ağırdır, şəhidlərimiz var. Amma Azərbaycan xalqı uzun müddətdir belə qürurlu günlər yaşamamışdı. Uzun illər səbr etməyimizin nəticəsini gördük. Buna çox sevinirəm. Üstümüzdəki namus ləkəsini silmək üçün ayağa qalxdıq. Bu missiyanı da son dərəcə bacarıqlı, rəşadətli şəkildə Azərbaycan əsgəri yerinə yetirir. Mən baş verənlərə fəlsəfi şəkildə yanaşmaq istəyirəm. Ömür  ölümü öyrənmək sənətidir. Ölümün üstünə getmək, oturub onu gözləməkdən min dəfə gözəldir. Ona görə də bu son savaşımız olacaq. İndi son döyüşü  əsgərlərimizdən daha gözəl heç kim bilə bilməz. Onlar ölümün üstünə getməklə ölümü gözləməyin fərqini bizdən daha yaxşı bilirlər. Bu müharibənin  bir adı da var. Savaş ölmədən öldürmək sənətidir. Azərbaycan əsgəri həmin sənəti şərəflə icra edir.

- Döyüş meydanı ilə yanaşı siyasi arenada da üstünlük bizdədir. Düşmən hərtərəfli şəkildə məğlubiyyətə düçar olub...

- Bəli, məni sevindirən bir məqam da var. İndi ölkədə son döyüşümüzlə diplomatiyamız harmoniya içərisindədir. İnsan sevinməyə bilmir. Məhz Prezidentin apardığı siyasəti, onun çıxışlarını xüsusi olaraq bəyənirəm.  Fransa kanalına verdiyi müsahibədə işlətdiyi ifadələr çox xoşuma gəldi. Gördüm ki, millətə nə qədər yaxın adamdır. Mənə bir şair kimi o sözlər çox gözəl gəldi. Qeyd edim ki, cənab İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan xalqını  qələbəyə aparmaq gücünə inandım. Bu məni bir insan, bir vətəndaş, ziyalı olaraq çox sevindirdi.

- Keçirdiyiniz hissləri, indiki ab-havanı hansı sözlərlə ifadə edərdiniz?

- İndi otuz ildir çəkdiyim xəcalət hissindən, utancdan uzaqdayam. Təbii gələn şəhid hər ailəyə düşən od, atəşdir. Amma od döyüşün simvoludur. Savaş atributudur. Əgər müharibə varsa, od da olacaq, ölüm də. Hesab edirəm ki, bu gün Azərbaycan əsgəri öz adını tarixə yazdı. Nə qədər ki, türk milləti var qəhrəmanlarımız  yaşayacaqlar. Təkrar qeyd edirəm, indiki əsgərlər Azərbaycan xalqının üstündəki namus ləkəsini silənlərdir. Onlar bizim namus, vicdan simvolumuzdur. O mənada mən çox sevincliyəm. Qürurluyam ki, torpaqlarımız işğaldan azad olunur. Bir də onu demək istəyirəm ki, İlham Əliyevin illərdir niyə susduğunu anladım. Başa düşürəm ki, bu günə hazırlaşıb. Bizim düşünmədiyimiz məsələləri bilirdi. Müharibənin vaxtını belə ağılla, bacarıqla seçdi. Bu cür dəqiq hesablama aparmaq hər adama nəsib olmur. Mən onun addımlarını alqışlayıram. İndi Ali Baş Komandanın, döyüşən əsgərlərimizin həmvətənlisi olmaqdan qürur duyuram. 

- Bilirsiniz ki, bu haqq savaşımızda qardaş ölkə Türkiyənin mənəvi dəstəyi var..

- Çox qəribə bir deyim var. O həmişə hamının qulağında  ritorik, humanizimdən uzaq, millətçi şüar kimi səslənib. Amma görünür ki, elə deyil. “Türkün-türkdən başqa dostu yoxdur”. İndi bütün dünya aləm bizə düşməndir. Hətta  illərdir beynimizə yazılmış, ruhumuzu əzən bir düşüncə tərzi var. “Türk islam birliyi” ömrümdə “Türk İslam birliyi” kimi saçmasapan ideologiyaya inanmamışam. Bu fikrin nə qədər fiaskoya uğradığını gördük. Məsələn, bütün ərəb ölkələri düşmənin yanındadılar. Bizim yanımızda isə Türkiyə var. Hətta islam düşməni olan İsrail də bizimlədir. Deməli, həmin ideologiyanın təsiri yoxdur. Bu millətlərin haqq-ədalət uğrunda savaşıdır. İsrail dövləti görür ki, haqlıyıq ona görə bizim tərəfimizdədir. Bir də islam ölkələrinin içərisində təkcə Pakistan  qeyrətlə, qürurla yanımızdadır. Onun dəstəyi də islamla əlaqəli deyil. Bunun bir neçə səbəbi var. 

- Nədir o səbəblər?

- Birincisi, Pakistanın dövlət kimi formalaşmasında türk imperatorluğu olan Baburun böyük rolu var. Çünki Pakistan həmin imperatorluğun tərkibində olub. Hökmdar Babur şah o əraziləri son dərəcə sülhlə, ədalətlə idarə edib. Bütün bunlar Pakistan xalqının yadında qalıb. İkincisi, Pakistanın sonuncu hökmdarının kökü Azərbaycana gəlib çıxır. Pakistanın etnik quruluş kimi təşəkkül tapmasında onun böyük rolu olub. Həmin şah o qədər ədalətli olub ki, Pakistan xalqı bunu da unutmayıb. Üçüncüsü,  20-ci əsrin əvvəllərində Pakistanda epidemiya yayılıb. Bu zaman Pakistan dünya xalqları içərisində təklənib, heç kim kömək etməyib. Yalnız bizim qürur mənbəyimiz, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev  Pakistana yardım əli uzadıb. On minlərlə qızıl sikkə bağışlayıb. Hətta həmin kütləvi epidemiyanın qarşısını almaq üçün vaksinlər göndərib. Bütün bunlar Pakistan xalqının yadından çıxmayıb. İndiki dəstəkləri ilə onlar minnətdarlıq hisslərini ifadə edirlər.

- Belə bir məqamda sülhdən, məsələni  danışıq yolu ilə həll etməyimizi istəyən ölkələr var. Hansı ki, otuz ildir onlar torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasına, pozulan bütün hüquq normalarına səssiz qalmışdılar. Bütün bunlara münasibətiniz necədir?

- Azərbaycan bu müharibəni yarımçıq saxlayaraq atəşkəs yoluna  gedə bilməz. Son iki yüz ildən artıq bir dövrdə başımıza gəlmiş bütün fəlakətlərin səbəbi Rusiyadır. İndi Rusiyanın vasitəçiliyi ilə danışığa getmək  fəlakətimiz olardı. Düşünürəm ki, son erməni əsgəri Azərbaycanı tərk etməmiş bizi atəşkəsə zorlamaq bu milləti təhqir etmək deməkdir. Bu gün  barmağımızı şəhidlərin qanına batırıb atəşkəsə imza atmağımız  millətimizin sonu olar. Barışıq olmamalıdır, olmayacaq da.  

- Əfsuslar olsun ki, hələ də Rusiyanın vassalı olmağa davam edən, onun bu məsələdəki mövqeyini dəstəkləyənlər var... 

- Rusiya imperiyasının tərkibində yaşadığımız illər ərzində bizim canımıza hopmuş qorxunun nəticəsidir. İnsan niyə yaltaq olur, başqasına biyət etməyə çalışır? Qorxudan. Hələ iki yüz illik qorxu Rusiyaya biyət edən, onun tərəfini saxlayan bizi barışa gətirmək istəklərini təqdir edir. Onlar Rus imperiyasına fəlakətimiz kimi baxırlar. Amma bu bizim ermənilərlə son savaşımızdır. Onlar bilmirlər ki, savaşa qalxmış bir xalqın qarşısındakı düşmən nə qədər güclü də olsa o son döyüş onun taleyini həll edəcək. Barışa getmək olmaz. Fikirləşirəm ki, Ali Baş Komandan  düzgün siyasət yeridir. Böyük  qürur hissi keçirirəm. Onun çıxışlarını  izləyirəm. Bir çıxışında o qədər fəxr etdim ki, dedi ki, barışıq təklifi ilə mənə zəng edən bütün beynəlxalq təşkilatlara, Avropa birliyinə, ATƏT-in Minsk Qrupuna telefonum bağlıdır. Son erməni əsgəri Azərbaycan torpağından çıxandan sonra atəşkəs olacaq. Mən Prezidentin son günlər atdığı bütün addımları təqdir edirəm. Bu gün  son savaşın bir parçası olmağa hazıram. Əgər döyüşə də çağırsalar gedərəm. 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu