Girovlardan xəbər var: "Atamı tez bir zamanda görə bilərəm”

Kürdoğlu Əsgərov: “BQXK-dən bildirdilər ki, görüş baş tutsa, yaxın zamanda atanıza baş çəkə bilərsiniz. Mən də həmin görüşü gözləyirəm”

İradə Quliyeva: “Demişdilər ki, atəşkəs elan olunduğunda əsir və girov götürülmüş şəxslər dəyişdiriləcək Sevincimizin həddi-hüdudu yox idi, ancaq...”


Soydaşlarımız - Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 6 –ildən artıqdır, Ermənistanda girov kimi saxlanılırlar. Belə ki, 2014-cü ilin iyul ayından etibarən Azərbaycanın əzəli torpağı olan Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan separatçıları tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma məhkəmə qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Düzdür, dövlətimiz girovların azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayıb və saxlayır. Hətta soydaşlarımızın azad olunması üçün  Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri müxtəlif tədbirlər görüb. Ancaq 6 ildir ki, bu məsələ öz həllini tapmayıb.

Maraqlıdır, BQXK nümayəndələri  girov götürülmüş Ş.Quliyev və D. Əsgərova sonuncu dəfə nə vaxt  baş çəkib?  Girovlar ailələrinə, yaxınlarına sonuncu dəfə nə vaxt məktub göndərib?



Bu sualların cavabını öyrənmək üçün girovların ailə üzvləri ilə əlaqə saxladıq. Şahbaz Quliyevin bacısı İradə Quliyeva“Sherg.az”a bildirib ki, qardaşından xəbər ala bilmirlər:

 “Xeyli müddətdir ki, Şahbazdan səs-soraq yoxdur. Heç bir nümayəndə ilə görüşməmişik və heç kim də bizi bu barədə məlumatlandırmır. Demişdilər ki, atəşkəs elan olunduğunda əsir və girov götürülmüş şəxslər dəyişdiriləcək Sevincimizin həddi-hüdudu yox idi. Ancaq qarşı tərəf atəşkəsi pozduğu üçün bu, baş tutmadı. Bizim tək arzumuz onu yenidən azadlıqda görməkdir.

Çox narahatıq, çünki 1 aydan çoxdur məktub göndərməyib.  Axırıncı məktubunda “Hər şey yaxşıdır, özünüzü, ailəni xəstəlikdən qoruyun”  yazıb. Onların azad olunmasında köməklik göstərmirlər. Biz onların azad olunmasını və tez bir zamanda evə dönməsini istəyirik".

D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov qeyd edib ki, görüş baş tutsa, yaxın zamanda atasını görə bilər:

“Bildirmək istəyirəm ki, sentyabr ayının  4-də BQXK atamın yazdığı məktubu bizə təqdim etmişdi. Atam məktubda yazmışdı: “Hamıya salam deyərsiniz, mənə görə  narahat olmayın. Səhhətimdə bir problem yoxdur, özünüzü qoruyun”.

Bildiyiniz kimi sentyabr ayının 27-dən Dağlıq Qarabağda şiddətli döyüşlər gedir. Təəssüflər olsun ki, atamgilə  yenidən ziyarət etmə prosesi gerçəkləşmədi. Mən də mütamadi olaraq BQXK-nin nümayəndələri ilə əlaqə saxlayıram. Bildirirlər ki, onlara əsirlərin dəyişdirilməsi ilə bağlı heç bir məlumat verilməyib. Heç bir yenilik, dəyişiklik yoxdur.

Atanız əvvəl harda saxlanılıbsa, indi də oradadır. Görüş baş tutsa, yaxın zamanda atanıza baş çəkə bilərsiniz. Mən də həmin görüşü gözləyirəm. İnşallah, tez bir zamanda atamı görə bilərəm”.

Pərvin Piriyev

Paylaş

Bizi Facebookda izləyin
menu
menu