Kiberhücumların qarşısını ala bilərik

Hücumlardan qorunmaq üçün VPN və VPN formatında olan bütün tətbiqlərdən imtina etməliyik

Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trendə verilən məlumata görə, bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli e-poçtda, guya, son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir.

Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrənin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.

İnternet-media eksperti Səbuhi Abbasov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri hələ də davam edir. O bildirib ki, bunun başlıca səbəbi hərbi əməliyyatlar başlanandan ölkəmizdə internetlərə məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır:

"Çünki məhdudiyyətlər səbəbindən VPN proqramlarından istifadə halları çoxalmağa başladı. Bilirik ki, VPN  aypi ünvanlarının üçüncü bir tərəfə rahat şəkildə ötürülməsini təmin edir. Bu da istifadəçilər üçün ciddi təhlükədir. Hesab edirəm ki, hücumlardan qorunmaq üçün VPN və VPN formatında olan bütün tətbiqlərdən imtina etməliyik. Öz istifadəçilərimizi bunlardan uzaq durmağa çağırmalıyıq.

İlk növbədə kompüterlərin  kompleks yoxlanması həyata keçirilməlidir. Cihazda olan bütün əlavə proqramlar, tətbiqlər dərhal silinməlidir. Peşəkar tərəfindən cihaz tamamilə analiz edilməli və bütün xarici qurğular bilgisayardan azad edilməlidir. Yalnız bu yolla müxtəlif kiberhücumların qarşısını ala bilərik".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu