"Türkiyə təsirli və çox böyük iş görür"

Natiq Miri: "Bir çox dövlətlərin Azərbaycana ola biləcək təzyiqlərinin qarşısı məhz Ankaranın sərt mövqeyi sayəsində alınır"


“Türkiyə dövləti və onun xarizmatik lideri Rəcəb Tayyib Ərdoğanın Qarabağda aparılan haqq savaşına münasibəti və beynəlxalq səviyyədə intensiv diplomatik fəaliyyəti çox önəmlidir”. 

Bunu “Şərq”ə açıqlamasında Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib. Analitik bildirib ki, Türkiyə rəhbərliyinin birbaşa “Azərbaycan tək deyil, Türkiyə qardaş ölkənin yanındadır” ifadəsi bütün dünya dövlətləri, həmsədr ölkələr, ən nəhayət Qarabağ münaqişəsini süni surətdə yaradan Rusiyaya verilən ən ciddi mesaj idi. Bu mesajla üçüncü tərəfin, konkret Rusiyanın hərbi prosesə müdaxiləsinin birmənalı qarşısı alındı.

Türkiyə geosiyasi çəkindirici amil rolunda çıxış etdi. Bu, çox vacib məqam idi. Çünki Türkiyənin sərgilədiyi qətiyyətli mövqe olmasaydı, əmin olun ki, 2016-cı il aprel döyüşlərində olduğu kimi, bu dəfə də 4-5 gündən artıq müharibəni davam etdirə bilməzdik. Cəbhədəki uğurlu hərbi əməliyyatların, torpaqlarımızın azad edilməsinin arxasında Türkiyənin kölgəsi durur.



Bu mənada Ərdoğanın beynəlxalq platformalarda Azərbaycanın haqlı mübarizəsini müdafiə etməsi, dünya ictimaiyyətini işğalçı ermənilərə qarşı durmağa səsləməsi olduqca vacibdir”. 

N.Mirinin sözlərinə görə, qardaş Türkiyə rəhbərliyi və digər rəsmilər kifayət qədər təsirli və böyük iş görür:

“Bir çox dövlətlərin Azərbaycana ola biləcək təzyiqlərinin qarşısı məhz Ankaranın sərt mövqeyi sayəsində alınır. Başda Rusiya olmaqla bir çox ölkə birbaşa prosesə müdaxilə etməkdən çəkinir.

Çünki Moskva Yaxın Şərqdə və Liviyada türk ordusunun gücünü görüb. Türkiyə həm də haqq səsimizin kar qulaqlara çatdırılmasında da mühüm rol oynayır. Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə çox uğurlu addımlarla irəliləyir.

Ona görə də qətiyyətlə mübarizəmizi davam etdiririk. Ancaq təkbaşına qalsaydıq və cəbhə ilə yanaşı diplomatik arenada sözümüzü eşitdirə bilməsəydik, dünya ictimaiyyəti bizi qınayacaq, ermənilərin tərəfini saxlayacaqdı.

Məhz Azərbaycan-Türkiyə qardaşlığı haqlı səsimizi bütün dünyaya çatdırdı”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu