Gecəli - gündüzlü “ARB 24”

Bütün Azərbaycan şahiddir ki, Vətən müharibəsi başlayan andan milli mediamız, xüsusilə telekanallarımız gecəli-gündüzlü iş başındadır. Azərbaycan jurnalistləri indiyədək görünməmiş birlik və yekdil qərarla Prezidentimizin–Ali Baş Komandanın, rəşadətli ordumuzun yanındadır. Azərbaycan mediası bir tərəfdən cəmiyyətimizi cəbhə xəbərləri ilə, rəsmi dövlət qurumlarının açıqlamaları ilə bağlı informasiyalarla operativ şəkildə təmin edir, digər tərəfdən döyüşdə məğlub olmuş Ermənistanın yalan məlumatlarının qarşısını almaqla milli ruhumuzun qələbə əzmini qorumaqdadır.


Bu günlər Azərbaycan cəmiyyətini informasiya ilə təmin edən ən operativ vasitə televiziyalarımızdır. Bir az əvvəl  ayrı-ayrı tipoloji xarakterə malik telekanallarımız bu gün birləşərək özlərinin informasiya siyasətini bir istiqamətə yönəltmişlər: Vətən müharibəsi, cəbhə xəbərləri, ordumuzun unudulmaz uğurları...

Bir daha təkrar etmək istərdim ki, başda milli maraqlarımızın ən mükəmməl ifadəçisi olan Azərbaycan Dövlət Televiziyası-AzTV olmaqla, bütün telekanallarımız özünün informasiya siyasətini birbaşa bu istiqamətə kökləmişdir. Mən bu yazımda “ARB 24”  telekanalının Vətən müharibəsi çağındakı fəaliyyəti barədə qeydlərimi qələmə aldım.

Bunun bəzi səbəbləri var: Birincisi, “ARB 24” ölkəmizin teleməkanında ən gənc televiziyadır; bu telekanalın ilk dəfə efirə çıxmasının iki illiyi hələ gələn ay- noyabrın 27-də tamam olacaq. Amma hələ iki yaşı tamam olmamış bu televiziya, mübaliğəsiz deyərdim ki, teleməkanımızın zirvəsinə yüksəlmiş bir media qurumudur. Məlumdur ki, hər yerdə olduğu kimi, media mühitində də uğurları birbaşa peşəkarlıq təmin edir. “ARB 24”ün bu günlərdəki peşəkarlıq səviyyəsi tamaşaçıların xüsusi maraq dairəsindədir. Mən Bakı Dövlət Universiteti kimi elit bir cəmiyyətin içərisindəyəm və bu cəmiyyətdə “ARB 24”ün nəqədər nüfuz qazandığının hər an şahidi oluram. Etiraf edim ki, telekanalın cəmiyyətdəki bu nüfuzu Vətən müharibəsi mövzusu ilə daha da güclənib zirvəyə ucaldı.

“ARB 24” efirə çıxdığı gündən bir tematikanı özü üçün əsas götürüb: Azərbaycan dövlətçiliyi, milli maraqlarımız. Bu televiziya sanki belə bir tezislə fəaliyyət göstərir: ictimai maraq kəsb edən  digər mövzular telekanallarımızda özünü dolğun şəkildə göstərməkdədir, biz birbaşa milli maraqlar sisteminə xidmət etməliyik.

Öz efirində bu istiqaməti əsas götürən “ARB 24” Azərbaycanın indiki çağında sübut etdi ki, bu gün bizə belə bir telekanal hava və su kimi lazımmış. Onu da unutmaq olmaz ki, “ARB 24” belə bir fəaliyyət prinsipində xeyli dərəcədə “REAL TV”-nin Mirşahin məktəbinə də istinad etməkdədir. Ancaq “ARB 24” özünün yadda qalan dinamikası, proqram formatlarının zənginliyi, informasiya siyasətinin polifonik-çoxsahəli istiqamətilə orijinal bir telekanal təəssüratı yaratmışdır.

“ARB 24” özünün “Xəbərlər”, “İşgüzar səhər”, “Gündəm”, “Nə baş verir?” və s. kimi proqramları ilə operativ, təxirəsalınmaz xəbərlərdən tutmuş, bu xəbərlərin peşəkarcasına interpretasiyasını ortaya qoyan təhlillərlə çox ciddi maarifçilik işi görməkdədir. Bu günlər telekanalın yaradıcı kollektivinin peşəkarlıq keyfiyyətləri bizi daha çox cəlb edir.

Proqram təqdimatlarında çox səmimi anlar özünü göstərir:“Gündəm” in , “İşgüzar  səhər” in, aparıcıları Çinarə xanım, Rasim Şərifov, Ramal İbrahimov, Gülşən xanım, sözün həqiqi mənasında, tam işgüzar bir səhər ovqatı yaradır, yağı düşməndən  azad olunmuş şəhər və kəndlərimiz barədə informasiyanı birinci çatdırmaq üçün gecə belə yatmadıqlarını sübut edirlər.

Proqramların aparıcıları efirə çıxan “Xəbərlər”in təqdimatçılarını- Vəfa xanımı, Günel xanımı bir neçə saniyə əvvəl efirə dəvət edir, xəbərlərin anonsunu verir və bundan sonra informasiyalar təqdim olunur. Bu anlarda həmin aparıcıların gözlərindəki qələbə xəbərlərinin işığı tamaşaçı sevgisi ilə birləşərək bu gün üçün çox gərəkli bir ovqat yaradır.

“ARB 24”-ün tamaşaçıları oktyabrın 20-də Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində Zəngilanın işğaldan azad olunmasını sonsuz sevinc və qürur hissilə xəbər verəndən sonra “Xəbərlər” in aparıcısı Günel xanımın həyəcandan və sevincdən doğan göz yaşlarını gördü. Sən demə, bu xanım özü də Zəngilanlıdır və bu göz yaşları həm də onun 27 illik yurd həstətindənmiş. Mən bu sətirlərdə qələbə xəbərlərini hər gün bizə çatdıran teleməkanımızın bütün aparıcılarını, əməkdaşlarını ürəkdən alqışlayıram və xüsusi bildirirəmki, qələbədən sonra onların hər biri haqqında da esselər, hekayələr yazılacaq...

ARB 4-ün “Xəbərlər”inin ön cəbhədəki reportyorları-Nurlan Vilayətoğlu, Habil Aslanoğlu, Rasim Salehli, Xəyalə Mürsəlin ən qaynar nöqtələrdən canlı şəkildə təqdim etdikləri reportajları da sabahkı tarixçilərimizin tədqiqatları üçün dəqiq mənbə olacaq. “Xəbərlər”in reportyoru  Xəyalə Mürsəl Azərbaycan qızlarının Vətən müharibəsindəki rolunu qiymətləndirmək üçün tipik  bir bədii-publisitik obraz rolu oynayacaq. İnşallah!

“ARB 24”ün efirində bütün günü aktual mövzuları təhlilə çəkən “Gündəm" proqramı  hər məqamda olduğu kimi, ekspertlər dəvətində də çox düzgün seçimlər edir. Proqrama dəvət olunan ekspertlər həm birbaşa mövzu ilə bağlı, həm də daha çox səviyyəli adamlar olur. Bu proqramda Vətən müharibəsindəki qələbələrimiz, bu qələbənin sevincini xalqımıza yaşadan əsgərlərimizin şücaəti, Qarabağ Veteranları, hərbi və döyüş təcrübəsi olan zabitlər, media ekspertəri və s. kimi həm yüksək səviyyəli, həm də Vətən sevgisi ilə fərqlənən insanlar  tərəfindən maarifçilik  istiqamətində təhlillər aparılır. “Gündəm”in  ekspertləri xüsusi olaraq, daha çox Türkiyədən seçilir.Bu ekspertlərin hər birinin hər sözü bizə Türkiyə kimi bir nəhəng dövlətin daim yanımızda olduğu qürurunu yaşadır.

“ARB 24”-ün çox aktual verlişlərindən biri “Nə baş verir?"proqramıdır. Bu proqramın təkcə elə adı onun tematikasının nədən ibarət olduğundan xəbər verir. Vətən müharibəsinin bu məsuliyyətli çağında nə baş verdiyini hər an dilə gətirmək və baş verən hadisələri səriştəli təhlillərə çəkmək, bu təhlillərdə ölkəmizin və bir çox xarici ekspertlərin fikirlərini tamaşaçıya çatdırmaq günümüzün aktual məsələsidir.

“Nə baş verir?” proqramının Şəhla xanım, Aysel xanım, Vəfa xanım, Əsmər xanım, Rüfət Seyidov... kimi aparıcıları peşəkar jurnalistlər kimi artıq bizim media tariximizdə öz imzalarını qoydular...

Televiziyanın hər bir proqramı, hər təqdimatı kollektiv əməyin məhsuludur. Kadır arxasındakı əməkdaşların ağır zəhməti  tamaşaçıya məlum olmur. Amma Vətən uğrunda döyüşlərin indiki anında, hər dəqiqə dəyişən situasiyaları operativ təqdim etmək vəzifəsi efir pultu arxasında oturanlara çox bağlıdır. “ARB 24”-ün baş prodüseri Nicat Qafuroğlunun və onun operativ komandasının, bütövlükdə  televerlişlərin  aydın və səlis üslubunu meydana qoyan istedadlı telejurnalist və burda çalışan bir çox peşəkar jurnalistin, sözün müstəqim mənasında müəllimi olan Aynur Nəsirovanın əməyini xüsusi qeyd etməliyəm.

Mən bu gün Vətən müharibəsi anında bu telekanalın milli maraqlar sistemimizdə əsas mövzusundan bəhs etmək istədim. Lakin bu kanalın “Seçilən mövzu” və digər proqramlarında iqtisadiyyatımız, təhsilimiz, milli-mənəvi dəyərlərimiz-bir sözlə, ictimai maraq kəsb edən  akutal mövzuları ilə bağlı fikirlərimi sonraya saxladım. Bu gün müqəddəs Vətən müharibəsi jurnalistikamızın müqəddəs mövzusu olaraq qalır.Bütün telekanallarımızın,bütün media qurumlarımızın, o cümlədən  “ARB 24”ün bu sahədə fəaliyyəti media tariximizin unudulmaz səhifələri olacaq!

 Bu gün Azərbaycan xalqı görünməmiş birlik nümayiş etdirir. Xalqımız Respubilkamızın Prezidentinin, Ali Baş Komandirin, ordumuzun yanındadır. Bu birgəlik, bu böyük Vətən sevgisi  jurnalistlərimizin də fəaliyyət prinsipinə çevrildi. Azərbaycan jurnalisti sübut etdi: o, əvvəl vətəndaşdır, sonra jurnalistdir! O, əvvəl döyüşçüdür, sonra jurnalistdir! Bu qərarların ən fəal məkanlarından biri “ARB 24”-ün efiridir. 

Günün hər anında bizə qələbə müjdəsi verən Birləşmiş Azərbaycan Jurnalistlərinə və bu sırada hər kəsin sevgisini qazanmış “ARB 24”-ün bütün kollektivinə sadə vətəndaş təşəkkürü yetirirəm!

 Cahangir Məmmədli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu