Biz deyən oldu

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ətraf rayonlarda suvarma problemini həll edəcək

Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq davam etdiriləcək. Bu barədə Energetika naziri Pərviz Şahbazov məlumat verib. Nazir bildirib ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb: “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb.

“Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. 1,6 mlrd. kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 mln. kVt-saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq”.

Vurğulayaq ki, 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini bir daha nümayiş etdirdi. 

Su qovşaqlarının əhəmiyyətini “Şərq”ə təhlil edən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ətraf rayonlarda suvarma problemini həll edəcək. Bu da aqrar sektorun sürətli inkişafı üçün çox böyük imkandır. İqtisadçı-ekspertin fikrincə, hələ ərazi işğalda olarkən Azərbaycan hökumətinin strateji düşüncə ilə yanaşaraq İranla orada belə bir nəhəng layihələri həyata keçirməsi o deməkdir ki, dövlət başçısı torpaqlarımızın qısa vaxtda azad ediləcəyinə tam əmin idi:

“Bunların tikintisinə hələ sovet dövründən başlanmışdı. Lakin SSRİ-nin dağılması ilə yarımçıq qaldı, sonralar işğal faktoru nəticəsində dayandı. Hazırda biri tam hazırdır, o biri də başa çatmaq üzrədir. 2016-cı il 23 fevral tarixində imzalanmış Sazişin tərəfləri Azərbaycan və İrandır. Sazişin 1-ci maddəsində deyilir ki, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

Sazişdə açıq şəkildə qeyd olunur ki, su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsi qadağandır. Hər iki tərəfin maraqları suveren bərabərlik əsasında qorunur. Saziş tamamilə Azərbaycan xalqının mənafeyinə və dövlətinin maraqlarına cavab verən sənəddir”.  

E.Bayramlı xatırladıb ki, 2016-cı ildə bu layihələr icraya qoyulanda bəziləri bunu tənqid edirdi ki, bundan ermənilər istifadə edəcək:

“Ancaq biz dedik ki, darıxmayın, həmin ərazilər bizimdir. İran tərəfi də bunu bizim razılığımızla tikir, ondan əldə edilən elektrik enerjisinin yarısı bizim payımıza düşəcək, sonra isə ərazilər azad ediləndə suyundan istifadə ediləcək.

Bu anbarlarda 1,6 milyard kubmetr su həcmindən söhbət gedir ki, bu da çox böyük bir ehtiyat deməkdir. Bu su ehtiyatı 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.

Ümumiyyətlə, bu hidroqovşaqlar və su elektrik stansiyaları regionun iqtisadi inkişafına böyük təkan verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu