Metro dayandı, ictimai nəqliyyatda çətinliklər yarandı

"Elə insan var işə getmir, işdən gəlmir, amma “pik” saatda dayanacaqdadı, avtobusa minməyə cəhd göstərir"

Metronun fəaliyyətinin dayandırılması, gözlənildiyi kimi ictimai nəqliyyatda hədsiz sıxlığa səbəb oldu. Bunu dayanacaqlarda kütləvi sərnişin toplanmasından da görmək mümkündü. Xüsusilə “pik” saatlarda metroəvəzləyici ekspres avtobuslara minmək müşkül işə çevrilir. Baxmayaraq ki, Bakı Nəqliyyat Agentliyi xəttə əlavə avtobuslar daxil edib, bu da sərnişin sıxlığını aradan qaldırmağa kömək etmir. Onu da bildirək ki, xəttə buraxılan əlavə sərnişin avtobuslarının əksəriyyəti nağd ödənişlidir.

Yəni, “Bakı-kart” sistemi ilə çalışmır. Avtobus dayanacağa yaxınlaşdıqda sürücü “kartsızdı” elanı edir və sanki sərnişinlərə “haydı, doluşun içəri” əmri  verilir. Mənzil başına tez çatmaq arzusunda olan sərnişinlər də göydəndüşmə bu avtobusun gəlişinə sevinib tələsik salona keçirlər. Amma... “Tələ”yə düşürlər.

Kartsız işləyən bu avtobuslar sərnişinlər bir-birinin “belinə çıxmamış” yerindən tərpənmir. Tərpənsə də, hər dayanacaqda dəqiqələrlə dayanır. Sərnişinlərin səbir kasası dolub etirazlar başlasa da, sürücü bunları eyninə də almır, “əvvəlki avtobus 2 dəqiqədi çıxıb...” deyərək dayanacağa mıxlanır, tərpənmir. Daha bunun harası ekspres avtobus, metroəvəzi oldu ki?!.

Qısası, ictimai nəqliyyatdakı problemlər yenə özünü qabarıq büruzə verməyə başlayıb. Əslində, sərnişinlər, vətəndaş mövqeyi sərgiləyib “eybi yoxdu, dözərik, təki ordumuz qələbə çalsın, əsgərlərimiz salamat olsun” arzusuyla əziyyətə qatlaşırlar. Lakin ictimai nəqliyyatdakı problemlərin həlli yolu da olmalıdır, nəhayətdə. 

Nəqliyyat məsələləri üzrə ekspert, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında ölkədə tətbiq olunan hərbi vəziyyət və karantin rejimi ilə əlaqədar ictimai nəqliyyat problemlərinə anlayışlı yanaşma göstərilməsinin vacib olduğunu bildirdi: 

- Hamımız bilirik ki, hazırda hərbi vəziyyət və komendant saatıdır, həmçinin karantin rejimidir. Komendant saatı özlüyündə çətin bir dönəmdir. Hamı evə tez çatmaq istəyir. İstər-istəməz sıxlıq, gərginlik yaranır. Sərnişinlər komendant saatı yaxınlaşdıqca avtobusların, hətta taksilərin də azalacağını bildiklərindən mənzil başına çatmaq  üçün mümkün vasitələrdən tez bir zamanda istifadə etməyə çalışırlar.

Nəticədə, ictimai nəqliyyatda sıxlıq, yollarda tıxaclar yaranır, bu da ictimai nəqliyyatın da, avtomobillərin də hərəkətini məhdudlaşdırır. Amma problemi yaradan təkcə bu amil deyil. Karantin rejimi tətbiq olunandan vətəndaşlara tövsiyə edilir ki, zərurət olmadan evdən çıxmasınlar, ictimai nəqliyyatdan istifadə etməsinlər.

Amma avtobusdakıları yoxlasan, bəlkə də 50 sərnişinin zərurət olmadığı halda harasa getdiyini görərik. Elə insan var işə getmir, işdən gəlmir, amma “pik” saatda dayanacaqdadı, avtobusa minməyə cəhd göstərir.

Elə adamlar var, “sadəcə” istirahət etmək üçün evdən çıxır; "gedək, gəzək, çay içək, kafeyə gedək" planı ilə evdən çıxır. Belə adamlar nə karantin rejimini nəzərə alır, nə də hərbi vəziyyəti. Eləcə də şəxsi avtomobilləri olanlar. Şəxsi avtomobilim var, hara istəsəm gedərəm, vaxtında da evə qayıdaram düşüncəsi ilə yola çıxır və yollarda sıxlıq yaranmasına, tıxaclara səbəb olurlar.

İnsanların bu çətin durumda anlayışla davranması bu qədərmi çətindir? Sərnişin var, “Əhmədli”də ekspres avtobusa minir, işə gedən birinin yerini tutur, “Neftçilər” metrosunda avtobusdan düşür. Sən “Neftçilər”ə gedirsənsə, niyə ekspres avtobusa minib kiminsə - işə tələsən birinin yerini tutursan axı, “Əhmədli”dən “Neftçilər”ə nə qədər avtobus marşrutu var. Elə gərək ekspres avtobusa minəsən?! Bilirsiz, sərnişinlər, vətəndaşlarımız belə vəziyyətlərdə tək özlərini deyil, hamını düşünməlidir. 

E.Muradlı kartsız işləyən avtobuslarla bağlı problemin səbəblərinə də toxundu: 

- Bəli, bu problem də var. Bu cür avtobuslar gəlirə, qazanca işləyənlərdir. Bu məqsədlə xəttə buraxılıblar ki, ekspres avtobuslara yardım etsinlər, ancaq öz xeyirlərini güdürlər, sərnişinlərin də narazılığına səbəb olurlar. Məlum məsələdir ki, metronu heç bir yerüstü nəqliyyat növü ilə əvəz etmək mümkün deyil. Alternativ vasitələr axtarılır. Lakin hazırda ehtiyatda olan sərnişin avtobuslarının sayı problemi aradan qaldırmaq üçün yetərli deyil. Çoxunun istifadə müddəti bitib, onları xəttə buraxmaq təhlükəlidir. Paytaxtda dispetçer xidməti fəaliyyət göstərsəydi, bu problemlər də olmazdı. Amma dispetçer xidməti yoxdur, ayrı-ayrı şirkətlərə məxsus avtobuslar da “öz qrafikləri” ilə işləyir. 

E.Muradlı ictimai nəqliyyatda bu gün yaşanan problemlərin Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun “əməyi” olduğunu da dedi: 

- Zamanında Hacıbala Abutalıbov tramvay və trolleybus xətlərini darmadağın etməsəydi, biz bu gün bu problemləri yaşamayacaqdıq. H.Abutalıbov tramvay və trolleybus xətlərini ləğv etməklə sahibkarlara səki kənarlarına yaxın binalar tikmək fürsəti verdi.

O xətlər qalsaydı və çalışsaydı, heç bir sahibkar yol kənarında, səkiləri zəbt edərək bina, obyekt, market... tikməyəcəkdi, bugünkü tıxaclar da olmayacaqdı.

Yenə də vətəndaşlardan xahiş edirik ki, zərurət olmadan evdən çıxmasınlar, yollarda tıxacların, dayanacaqlarda basabas yaranmasına səbəb olmasınlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu