Bütün dünya qanunları, hüquqları bizdən yanadır

"Biz işğalda olan torpaqlarımızı geri qaytarmaq istəyirik və qaytarmalıyıq"

Vətən müharibəsi dövründə ziyalılarn, mədəniyyət xadimlərinin ürək sözlərini, ordumuzun zəfərlərinin onlara necə təsir bağışladığını öyrənirik. Zəfərə addımladığımız yolda, söhbət tarixçəmizə nəzər salanda aktyorlarla, aktrisalarla, şairlərlə, sevilən xanəndələrlə, tanınmış bəstəkarlarla  həmsöhbət olduğumuzu gördük. Müharibə gündəliklərimizə bir də mahnılara, əsərlərə  həyat verən musiqiçilərimizi əlavə etmək istədik. 

Bu səbəblə Əməkdar artist, istedadlı tarzən Elçin Həşimovla əlaqə saxladıq. Əslən Füzulidən olan sənətkar müzəffər ordumuzun əks-hücum əməliyyatı keçirərək, düşmənə adekvat cavab verməsindən dolayı çox sevincli olduğunu söyləyib:

“30 ilə yaxındır gözlədiyimiz savaşdır. Torpaqlarımızın işğaldan azad olunması yolunda atdığımız addımdır. Düşünürəm ki, bütün dünya qanunları, hüquqları da bizdən yanadır.

Haqlı tərəf  bizik, işğalda olan torpaqlarımızı geri qaytarmaq istəyirik və qaytarmalıyıq. Ermənilərin orda bir qarış da torpağı yoxdur.

Qarabağ Azərbaycanın əzəli ərazisidir. Ona görə də torpaqlarımızı vandalizmdən təmizləyirik, təmizləyəcəyik də. Əlbəttə ordumuzun uğurları hər birimizi sevindirir. İşğal altında olan torpaqlarımız üçün çox darıxmışıq. Hər dəfə Ali Baş Komandandan xoş xəbərləri eşidəndə sevincimizin həddi-hüdudu olmur.

Çünki bu günləri illərdir gözləyirdik. Nə qədər şanslıyıq ki, Allah qismət etdi, torpaqlarımıza qovuşduğumuz günləri də gördük. Arzu edirəm ki, şanlı ordumuz üç rəngli bayrağımızı Qarabağımızın, Azərbaycanın döyünən ürəyi Şuşaya sancsın.

Onda zəfər bayramımızı, böyük qələbəmizi qeyd edəcəyik”. 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu