Paşinyanın müharibə ritorikası ! – “Ermənistanın pozucu dövlət olduğu təsdiqləndi”

“Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı”

“Paşinyanın məqsədi müharibəni davam etdirməkdir”


“Ermənistan baş nazirinin “Münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır”.  

Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ probleminin diplomatik həllinin olmadığına dair açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, bununla rəsmi  İrəvanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur: 
“Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq, hərbi əməliyyatlara sövq edir”.

 Görünür, Paşinyan sərsəm ambisiyalarından əl çəkmir. Həqiqətənmi, reallığı görmür? Görsə də, dərk eləmir, yəqin.
 Politoloq Sədrəddin Soltan Paşinyanın bu ritorikasını “Sherg.az”a təhlil edib:
 
“Sentyabr ayının 27-dən etibarən erməni ideologiyası məğlubiyyətə uğramaqdadır. Çünki həm işğal etdikləri torpaqlarımızdan qovulurlar, həm də yürütdükləri siyasətin yanlış olduğu təsdiqlənir. Deməli, onlar üçün ən yaxşı çıxış yolu regional əməkdaşlıq, qonşularla dinc yaşamaq və torpaq iddiası irəli sürməməkdir.

Amma erməni ideologiyası ilə o qədər zəhərləniblər ki, təxribatçılıq şüuru canlarından belə asanlıqla çıxmır”.

S.Soltan, həmçinin Paşinyanın dünənki çıxışı barədə də danışıb:

“Birincisi, Ermənistanın pozucu, bölgədə təhlükəsizliyi təhdid edən dövlət olduğu təsdiqləndi. İkincisi, bir daha göründü ki, o, danışıqlara razılıq vermək istəmir. Həm də hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı.

Düzdür, sonra bəzi məmurlar baş nazirin bu sitatlarını ört-basdır edərək, guya sülh arzuladıqlarını dedilər. Halbuki Paşinyanın məqsədi müharibəni davam etdirməkdir. Onun bunu bacardığı görünür”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu