COVID-19-la mübarizədə Bakı şəhərinin 39 sahə məntəqəsində növbəti monitorinq keçirilib - FOTO


Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib.

Bu barədə mediaya açıqlamasında İşçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib:

“Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) səhər saat 08:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərməkdədirlər. İş yükünün artması sabəbindən məntəqələrə əlavə tibb işçi heyəti də cəlb edilib. Sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub. Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir neçə saat ərzində əldə olunur və nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.

Nailə Daşdəmirova onu da qeyd edib ki, cari ilin oktyabr ayının 11-də başlayan 3-cü monitorinq 21 oktyabr tarixində yekunlaşdırılıb, yekun olaraq, işçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib. Monitorinqin keçirilməsi zamanı müəyyən olunan çatışmazlıqların aradan qaldırılması üçün peşəkar məsləhətlərlə bölüşülüb.

“Sahə tibb məntəqələrində keçirilmiş monitorinqin əsas məqsədi daxili iş prosesinin müşahidəsi və yoxlanılmasıdır. İşçi qrupumuzun nümayəndələri tərəfindən hər bir məntəqədə termometriyanın təşkili, sanitayzerlərin mövcudluğu, tibbi maskadan düzgün istifadə olunub-olunmaması kimi meyarların monitorinqinə xüsusi diqqət yetirilib. Monitorinqin digər bir predmeti  COVID-19 xəstələrinə göstərilən tibb xidmətinin keyfiyyətinin yoxlanılması idi.

Bura daxil olan məqamlar isə 814 Çağrı Mərkəzi və polikliniklara daxil olan müraciətlərin dəyərləndirilməsi, sahə həkimlərinə yönəldilməsi, sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən edilməsi, testin ev şəraitində götürülməsi və qısa bir müddətdə cavablandırılması, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının xəstəyə çatdırılması, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlamaq və vəziyyəti haqda qeydlərin tibbi kartlara daxil edilməsidir”, - deyə işçi qrupunun üzvü qeyd edib.

Nailə Daşdəmirova müsahibəsinin sonunda sahə tibb məntəqələrinin işində tətbiq olunmuş yeniliklər haqqında da məlumat verib:

“Belə ki, 814 Çağrı Mərkəzi və poliklinikalara daxil olan müraciətlərin əsasında müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilirlər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu