Brüssel Ermənistanın şikayətini eşidən deyil

Vaxtı ilə Ermənistan Azərbaycan ərazilərini işğal edərkən sadəcə BMT deyil, Aİ və NATO da onun bu hərəkətlərini qınamışdı

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yollanıb. Sarkisyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa rəsmiləri ilə görüşlər keçirəcək. Ekspertlərin fikrincə, indiki məqamda Ermənistan prezidentinin Brüsselə səfəri ölkəsinin aldığı ağır hərbi-diplomatik zərbələrə cavab vermək, düşdüyü ağır durumdan xilas olmaq cəhdidir.

Sarkisyan NATO və Avropa İttifaqının rəhbərliyi ilə, eləcə də Brüsseldəki təhlükəsizliklə bağlı mərkəzlərlə görüşlər keçirir, Azərbaycan və Türkiyəni qınaq hədəfi etməyə çalışır. Bu yolla cəbhədəki ağır məğlubiyyətdən yayınmağa çalışır. Amma bu cəhd də nəticə yarada bilməyəcək. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə deyib ki, Azərbaycan mövqeyində haqlıdır. Siyasi şərhçinin sözlərinə görə, vaxtı ilə Ermənistan Azərbaycan ərazilərini işğal edərkən sadəcə BMT deyil, Aİ və NATO da onun bu hərəkətlərini qınamışdı:

“Azərbaycan hazırda beynəlxalq hüququ təmin edir, beynəlxalq təşkilatların qərarlarını icra edərək düşmənləri ərazisindən təmizləyir. Buna heç bir beynəlxalq təşkilat irad tuta bilməz.

Digər tərəfdən, beynəlxalq və regional vəziyyət əsaslı şəkildə dəyişib.

Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində məsələyə baxış nisbətən daha balanslıdır. 1990-cı illərdə Ermənistan işğalçı olduğu halda həm Qərbdə, həm də onun qarşısındakı güclərdən dəstək ala bilirdi. İndi isə nə Rusiyadan, nə də Qərbdən arzuladığı dəstəyi ala bilir.

Eləcə də nəzərə almaq lazımdır ki, NATO-nun ən güclü üzvlərindən biri Türkiyədir. Ermənistan Brüsselə nəsə şikayət edə bilər, amma orada ciddi nəticə əldə etməsi mümkün deyil”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu