Azərbaycanın BMT-yə töhfələri çox olacaq

Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələri də icra olunacaq

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə dair qətnamələri 27 ildir kağız üzərində qalıb. Ötən müddət ərzində nümayişkaranə surətdə bu qətnamələrə məhəl qoymayan işğalçı Ermənistana beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilməyib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarımızı ilhaq etmək xəttini tutdu.

Bu münasibətdən ruhlanan Ermənistanın bugünkü Paşinyan rejimi o qədər həyasızlaşdı ki, “Qarabağ Ermənistandır” deməyə başladı. Hətta yeni ərazilərin işğal edilməsi üçün müharibəyə hazırlaşdı. Təhlükəsizlik Şurasının qətnamələri BMT-nin və həmsədr ölkələrin yadından çıxmışdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum - 822, 853, 874 və 884 saylı qətnamələrə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın zəbt edilmiş ərazilərindən çıxarılması tələb edilir.

Lakin təəssüflər olsun ki, özünü tam cəzasızlıq mühitində hiss edən Ermənistan bu tələbləri qulaqardına vurur. Faktiki olaraq 27 ildən sonra Azərbaycan
Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin edir. Bununla da Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti öz silahı gücünə, zəfər döyüşləri ilə təmin etməli olur.

Bir az da konkretləşdirmiş olsaq, Azərbaycan Ordusunun gücü və qətiyyəti sayəsində 1993-cü ildən bu günə qədər kağız üzərində qalan BMT TŞ tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin icrası təmin olunur. 

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycan Ordusu Zəngilan şəhərini və rayon ərazisindəki kəndləri işğaldan  azad etməklə  BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinin tələblərinin icra olunmasını təmin etmiş oldu:

“1993-cü il noyabrın 12-də qəbul edilmiş qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir, işğalçı Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması tələb edilirdi.

Ermənistan isə TŞ-nin qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartmırdı, əksinə, işğalı möhkəmləndirirdi.

27 il müddətində kağız üzərində qalan bu qətnamənin tələbləri Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun müzəffər əməliyyatları ilə təmin edildi. İndiki davamiyyətlə Azərbaycanın BMT-yə töhfələri çox olacaq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələri də icra olunacaq. Həmin qətnamələr Ermənistan qoşunlarının  Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu