Ermənilər 10 il özünə gələ bilməyəcək

Son günlərin müharibəsi Ermənistan iqtisadiyyatını tamamilə çökdürüb

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycan şəhərlərini raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir.

Baş Prokurorluğun məlumatına görə, dünən səhər saatlarından başlayaraq cəbhə zonasından 150 km. uzaqlıqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketləri atıb.

Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.

Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb. Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter səhifəsində yazıb ki, raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb: “Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi “SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.

Düşmənin növbəti təxribat cəhdlərini “Şərq”ə analiz edən millət vəkili Azər Badamov deyib ki, döyüş meydanında darmadağın olunmuş Ermənistan Azərbaycanın mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutmaqla öz terrorçu mahiyyətini bir daha təsdiq etmiş oldu. Deputatın sözlərinə görə, düşmənin Gəncəni iki dəfə qadağan olunmuş taktiki əməliyyat raketləri ilə atəşə tutması, Tərtər pampıq zavodunu dağıtması və strateji obyektlərimizi hədəf alması Ermənistanın növbəti müharibə cinayətləridir:

“Hava Hücumundan Müdafiə sistemlərimiz düşmənin raketlərini səmadaca zərərsizləşdirir. Amma təəssüf ki, bəzi raketlər mülki əhaliyə böyük ziyan vurur. İndi isə düşmən Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb.

Döyüş meydanında uduzan düşmən daha da azğınlaşır, vəhşiləşir. Təbii ki, onların dərsini hər gün yeni ərazilərimizi işğaldan azad etməklə şanlı ordumuz verir.

Bu gün düşmən həm beynəlxalq siyasətdə, həm də döyüş meydanında uduzaraq təklənir. Şanlı ordumuz yaxın günlərdə düşmənin son nəfəsini kəsərək tam təslim edəcək.

Bu da bölgəyə sülh, əminamanlıq və sabitlik gətirəcək. Paşinyan son nəfəsindən istifadə edərək öz terror əməllərini davam etdirməklə siyasi meydanda qalmaq istəyir.

Düşünürəm ki, bu, qeyri-mümkündür və tezliklə Ermənistanın siyasi səhnəsində böyük çaxnaşmalar baş verəcək. Son günlərin müharibəsi Ermənistan iqtisadiyyatını tamamilə çökdürüb. Düşmənin düşdüyü dramatik vəziyyətdən çıxması üçün 10 illər lazım olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu