Daşlar yerinə oturur ! - “Rusiya və İran neytrallaşdırılır”

“Ərdoğanın İran prezidenti Həsən Ruhaniyə zəng etməsi xüsusi önəm daşıyır”

“Türkiyə rəsmi Tehrana Dağlıq Qarabağ məsələsi ilə bağlı İrandan daha konkret mövqe gözlədiyinin açıq mesajını verir”

 “Böyük ehtimalla rəsmi Tehran Türkiyənin bu mesajına həssas yanaşa bilər”


Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Danışıqlar zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini qeyd edib. 

Mövcud prosesləri şərh edən siyasi analitik Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında vəziyyətin inkişaf tendensiyasını belə təhlil edib: 

“Hazırda Dağlıq Qarabağ uğrunda həllidici savaş gedir. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü tədricən bərpa etməkdə davam edir. Və hər ötən gün Azərbaycanı tarixi qələbəyə daha da yaxınlaşdırır.

Təbii ki, belə vəziyyətdə diplomatiya sahəsində atılan və atılacaq hər bir addım böyük əhəmiyyət daşıyır. Savaşın ilk günlərində bizi yalnız Türkiyə dəstəkləyirdi. Beynəlxalq informasiya məkanında blokada vəziyyətindəydik. Ancaq son günlər bu istiqamətdə də vəziyyət ciddi şəkildə dəyişməyə başlayıb.

Belə ki, Azərbaycanın intensiv diplomatik təmasları artıq öz müsbət nəticələrini verməkdədir. İndi artıq dünyanın nüfuzlu dövlətləri və beynəlxalq qurumları, nəhayət, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyindən danışmağa başlayıblar. Bu, böyük uğurdur. İndi Azərbaycan savaş meydanında olduğu kimi, beynəlxalq siyasi məkanda da üstünlüyü öz əlinə almağa başlayıb.

Heç şübhəsiz, bu üstünlüyün qazanılmasında Azərbaycan diplomatiyasının məqsədyönlü addımları ilə yanaşı, Türkiyənin beynəlxalq siyasət məkanında verdiyi qətiyyətli və birmənalı dəstəyinin də böyük rolu var.

Məhz rəsmi Ankaranın bu dəstəyinin və  diplomatik fəallığının nəticəsində hazırda Rusiya savaş meydanında baş verənlərə imkan daxilində neytral qalmağa çalışır. Əlbəttə, bu məqam Azərbaycan üçün önəmli faktordur”.

O, dövlət başçıları arasındakı telefon danışığına da toxunub: 

“ Maraqlıdır ki, hazırda rəsmi Ankara İranın neytrallaşdırılması prosesinə start vermiş kimi görünür. Çünki İran Ermənistanın Rusiyadan sonra güvəndiyi ən ənəmli dövlətlərdən sayılırdı. Hətta bir müddət öncəyə qədər İran ərazisindən Ermənistana silah-sursat daşınması barədə iddialar da var idi.

Ancaq sonra İranın müxtəlif hərbi-siyasi dairələri Azərbaycan üçün böyük önəm daşıyan müsbət açıqlamalar verməyə başladılar. Və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyanladılar. Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran prezidenti Həsən Ruhaniyə zəng etməsi xüsusi önəm daşıyır.

Çünki İran Türkiyə ilə olduğu kimi, Azərbaycanla da qonşu ölkədir. O, regiona müəyyən təsir imkanlarına sahibdir. Türkiyə prezidentinin iranlı həmkarı ilə telefon danışığında Dağlıq Qarabağ məsələsinin də müzakirə edilməsi rəsmi Ankaranın bu qonşu dövlətdən daha açıq mövqe gözləməsinin əlamətidir.

Prezident R.T.Ərdoğanın İran prezidenti H.Ruhanilə söhbətində “haqlı ilə haqsızın ayırd edilməsinin vacibliyi”ni vurğulaması da bu baxımdan dəyərləndirilməlidir.

Belə anlaşılır ki, rəsmi Ankara İranın öz mövqeyini dəqiqləşdirməsində və onu açıq mətnlə bəyan etməsində birbaşa maraqlıdır. Türkiyə rəsmi Tehrana Dağlıq Qarabağ məsələsi ilə bağlı İrandan daha konkret mövqe gözlədiyinin açıq mesajını verir. Təbii, İranın belə bir mövqe ortaya qoyması Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

Böyük ehtimalla rəsmi Tehran Türkiyənin bu mesajına həssas yanaşa bilər. Və yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İranın rəsmi dairələrindən daha açıq mətnli konkret mövqe sərgilənə biləcəyini gözləmək qətiyyən yersiz deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu