Aqibətləri gün kimi aydındır

Ermənistan qanlı cinayətlərinin bədəlini döyüş meydanında ödəyir

Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan tərəfi heç vaxt danışıqlardan imtina etməyib. Ancaq bu danışıq və görüşlər torpaqların işğaldan azad olunmasına yardım etməyib. Əksinə, döyüşlər zamanı məlum oldu ki, həmin torpaqlarda Ermənistan istehkamlar qurub və möhkəmlənib. Bu ərazilərdə, demək olar ki, dinc sakinlər yaşamayıb. Ermənistan işğal altında saxladığı torpaqlar vasitəsilə Azərbaycana təzyiq göstərib və ölkəmizi təhdid edib. İşğal faktı bütövlükdə bölgənin təhlükəsizliyinin təhdid mənbəyi olub. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin indiki mərhələdə diplomatik yolla həllinin mümkünsüzlüyünü söyləməklə, əslində, döyüşlərin davam etməsinin anonsunu vermişdi. Bu həm də işğalçı dövlət üçün danışıqların heç bir mənasının olmaması deməkdir.


Prezident də müsahibəsində Ermənistanın tutduğu mövqeyə əsaslanaraq bildirib ki, bu hökumətlə münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasızlaşdırır. Prezident müsahibəsində Ermənistanın dinc əhaliyə ballistik raketlə hücum etməsi faktlarını da vurğulayıb. Bununla da işğalçı ölkə üçün danışıqlar, atəşkəsin mənasız olduğu nəzərə çatdırılıb. Ölkə rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanın zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıdığını vurğulayıb. Bildirib ki, Azərbaycana hücum olunursa, onun həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var: “Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum ediblər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq”.

Dövlət başçısının diqqət çəkdiyi məqamı dəyərləndirən politoloq Şəbnəm Həsənova deyib ki, sadəcə, təsadüf nəticəsində hakimiyyətə gələn, Azərbaycan xalqına, mülki əhalimizə silah açan Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır. Siyasi şərhçi qeyd edib ki, məğlubiyyəti ilə barışmaq istəməyən, cəbhədə əldən verdiyi strateji mövqelərin, sarsıdıcı itkilərinin əvəzini dinc sakinləri qətlə yetirməklə, yaşayış obyektlərini qadağan olunmuş silahlarla darmadağın etməklə çıxmağa çalışan işğalçı ölkə, bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyi mütləq cəzalandırılmalıdır:

“Bu insanlar mütləq qaydada hərbi tribunala cəlb olunmalı, törətdiyi əməllərə görə öz cəzalarını almalıdırlar. Azərbaycan hazırda bu məsələlərlə bağlı diplomatik, siyasi və digər bütün istiqamətlər üzrə fəal iş aparmaqdadır. Əgər beynəlxalq təşkilatlar əli günahsız insanların və məsum uşaqların qanına bulaşmış cinayətkarları lazımınca qiymətləndirməsələr, Ermənistana müvafiq cəza tədbirləri tətbiq etmək istəməsələr, Azərbaycan özü bunu edəcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarının layiqli cavabını verir, bundan sonra da verəcək. Son hadisələr Ermənistanın vandalizminin, barbarlığının, terrorizminin əyani sübutu idi. Azərbaycana qarşı sadəcə bir güllə atan erməni ya bu mərhələdə, ya da bundan sonrakı dövr ərzində mütləq cəzasını alacaqdır.

Bu cavab ya hüquqi baxımdan, ya da qəhrəman Azərbaycan əsgəri tərəfindən olacaq”.
Analitik bəyan edib ki, insan həyatını heçə sayan, cinayətkar, terrorçu Paşinyan və onun bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələridir: “Bu insanların gecə yarısı Gəncə və digər şəhərlərə ballistik raketlərdən zərbə endirməsi qanlı cinayətdir.

Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Aqibətləri də gün işığı kimi aydındır. Əgər ağıllarını başlarına yığmasalar, sonları olduqca acınacaqlı olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu