Siyasi üstünlüklərimiz bizi qələbəyə daha erkən yaxınlaşdıracaq

Putinin münaqişə ərəfəsində kifayət qədər təmkinli mövqe sərgiləməsi təqdirəlayiqdir

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır”. Bu barədə “Valday” Diskussiya Klubunun iclasında Rusiya Prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri bildirib ki, Ərdoğan müstəqil siyasət aparır: “O, ölkənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyac olduğuna qərar verib, bunu deyib və S-400 hava müdafiə sistemini alıb. Belə tərəfdaşla işləmək xoş və etibarlıdır”. 

Rusiya Prezidentinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi ifadələri “Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində hərbi uğurlarımızla yanaşı önəmli siyasi üstünlük əldə etdiyimiz göz qabağındadır. Analitik vurğulayıb ki, indiki şəraitdə Azərbaycana siyasi təzyiqlər olmayacaq:

“Hazırda bütün səlahiyyətli qurumlar Dağlıq Qarabağın işğal faktını qəbul edir və işğalın durdurulması üçün səylər göstərirlər. Rusiya Prezidenti Vladmir Putinin münaqişə ərəfəsində kifayət qədər təmkinli mövqe sərgiləməsi təqdirəlayiqdir. Bunun eyni tempdə davam etməsini arzu edirik.

Putinin Azərbaycanın 30 il davam edən işğala dözmədiyini anlayışla qarşıladığını bildirməsi və eyni zamanda Türkiyə ilə etibarlı tərəfdaş olmasını dilə gətirməsi bizim üçün çox önəmlidir.

Bu o deməkdir ki, Türkiyə həm NATO-da, həm də bölgədə əhəmiyyətli söz sahibidir. Bizim belə bir tərəfdaşımızın olması siyasi uğurumuzdur. Eyni zamanda bu münasibətlər torpaqlarımızın işğaldan azad olunması üçün hərbi-siyasi müstəvidə bizə böyük üstünlük verir”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan baş nazirinin xaotik və ümidsiz fəaliyyəti faydasız qalıb:

“Paşinyanın şəxsi keyfiyyətləri Prezident İlham Əliyevin xarizması qarşısında çökmüş durumdadır. Bu vəziyyət hər iki ölkənin xarici işlər nazirlərinin davranışlarında bariz şəkildə görünür.

Paşinyanın NATO rəhbərliyinə şikayəti və Prezident Armen Sarkisyanın tələsik səfəri də onlar üçün nəticəsiz qaldı. Baş katib Stoltenberq Ermənistan tərəfinin xahişi ilə görüşü qəbul etdiyini və analoji təmasın Azərbaycan tərəfinin istəyi ilə də gerçəkləşməsini mümkün sayıb.

Eyni zamanda baş katib Ermənistanın Türkiyədən şikayətinə də cavab olaraq bildirib ki, “Türkiyə NATO-nun dəyərli müttəfiqidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu