Gəncə terrorundan ölən və yaralanan uşaqların sənədləri toplanılır

Səadət Bənənyarlı: "Erməni terrorçuları məhkəmə qarşısına çıxmalı və törətdikləri cinayət əməllərinə görə cavab verməlidirlər"

Ermənistan ordusunun Gəncəyə ballistik raket zərbəsi nəticəsində dağıntılar altında qalmış 13 yaşlı Artur Maykov hələ də koma vəziyyətindədir. Artur hər iki valideynini itirib. “Xəzər” televiziyasının “Xəzər xəbər" proqramında 13 yaşlı məktəbli ilə bağlı süjet yayımlanıb. Süjetdə bildirilir ki, atası azərbaycanlı, anası isə rus olan Artur uzun müddətdir ki, yaxın qohumlarının himayəsində yaşayırdı. Atasının ölümündən sonra ona nənəsi və bibisi sahib çıxıb.
Bibisi erməni vəhşiliyindən əziyyət çəkən qardaşı oğlunun komadan ayılacağı və sağalaraq yenidən ailə üzvlərinə qarışacağı günü böyük ümidlə gözləyir.
Arturun məktəb dostları da onun sağalmasını səbirsizliklə gözləyirlər. 
Erməni vəhşiliyinin qurbanı olan uşaqlarımız çoxdur. Məlumdur ki, dövlətimiz onlara sahib çıxır. Amma insan hüquqları, uşaq hüquqlarını müdafiə təşkilatları da bu məsələdə üzərlərinə düşəni yerinə yetirməlidirlər. 
 
 “Şərq”ə açıqlamasında Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd etdi ki, erməni terrorunun qurbanı olmuş uşaqlarla bağlı ayrıca iş aparılacaq: 

- Azərbaycan dövləti, həmçinin ölkədə fəaliyyət göstərən insan hüquqları üzrə ictimai institutlar həmişə bu məsələləri gündəmdə saxlayır. Qarabağ savaşında, o cümlədən Xocalı faciəsində həlak olmuş, erməni vəhşiliyinin qurbanına çevrilmiş uşaqlar, qadınlar, yaşlı insanlarımız barədə beynəlxalq təşkilatlar daim məlumatlandırılıb. Cinayətkar Ermənistan rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilib. Bu dəfə də ermənilər öz vəhşi simalarını bir daha göstərdilər, gecə əhali yuxudaykən Gəncəni, hansı ki, cəbhə bölgəsindən 60 kilometr uzaqdadır, ballistik raketlərlə vurdular. Nəticəni artıq bütün dünya bilir. Körpə balalarımız faciəli şəkildə həlak oldular, valideynlərini itirdilər, ailələr məhv edildi. Dağıntılar altından çıxarılan körpə balalarımızı hamımız gördük. Aralarında kiçik yaşlılar, məktəblilər var. Elə ailə başçısı var ki, bütün ailə üzvlərini itirib. Bu, dəhşətdir və erməni vandalizminin göstəricisidir. Həmin uşaqlar çox ağır travma alıb və bu onları həyatı boyunca təqib edəcək. Əlbəttə ki, dövlətimiz o uşaqlara da, ailələrə də sahib çıxır. Onların bütün ehtiyacları ödənir. Baxmayaraq ki, hamının yaxın qohumu-əqrəbası var, vətəndaşlarımıza sahib çıxan ilk növbədə Azərbaycan dövlətidir. O uşaqlarla bağlı da nə zəruri ehtiyac varsa, hamısı ödənəcək. Amma itirilmiş ata-ananı, itirilmiş sağlamlığı geri qaytarmaq mümkün deyil. Buna görə də erməni terrorçuları məhkəmə qarşısına çıxmalı və törətdikləri cinayət əməllərinə görə cavab verməlidirlər. Biz beynəlxalq hüquq çərçivəsində onların cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacağıq. 

S.Bənənyarlı qeyd etdi ki, Gəncə terroru zamanı həlak olan və yaralanan uşaqlarla bağlı sənədlər ayrıca toplanır və xüsusi qovluğa yerləşdirilir:

- Biz bu sənədləri, cinayət materiallarını beynəlxalq təşkilatlara göndərəcəyik. Bu materialların toplanması bir qədər zaman alır. Gərək sənədlər elə dəqiqliklə toplansın ki, sübutların həqiqiliyinə heç bir şübhə olmasın. Biz təşkilat olaraq üzərimizə düşən vəzifəni yerinə yetiririk. Və inanıram ki, erməni cəlladlarının, erməni terrorçularının müttəhimlər kürsüsündə əyləşməsinə nail olacağıq. Onlar hamısı bizim körpə balalarımıza yaşatdıqları zülmün cavabını verəcəklər. Törətdikləri cinayətkar əməllər müqabilində də mühakimə olunacaqlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu