Natiq Cəfərli: "Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi strateji qələbədir"  

"Uzun illərdən sonra Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək"
Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir. Təbii ki, uzun illərdən sonra Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək. Xüsusilə ticarət dövriyyəsini artıracaq. Bu da nəticə etibarilə İranın Azərbaycanla sərhəd bölgəsinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, torpaqlarımızın işğaldan azad olunması və  Azərbaycan nəzarətinə keçirilməsi çox böyük  regional, həm də beynəlxalq əhəmiyyətə malik bir hadisədir. Ekspert vurğulayıb ki, işğaldan azad olunan ərazilərimiz iqtisadi və siyasi baxımdan da mühüm rol oynayır:



“Əminəm ki, bir çox ölkələrin də çoxdankı gözləntisi bundan ibarət idi ki, bu qara dəlik bağlansın. Çünki işğal altındakı sərhəd zonasından bir çox halda qaçaqmalçılıq, narkotik ticarəti Ermənistan silahı qüvvələri və separatçıları tərəfindən bu yol vasitəsilə həyata keçirilirdi.

İndi nəzarət tam bizə keçib. Bir müddətdən sonra burada ilkin olaraq, infrastrukturun yaradılmasına çalışmaq lazımdır. Yəni ticarətin artması, iqtisadi münasibətlərin yaxşılaşması üçün öncə iqtisadi infrastruktur yaxşılaşmalıdır. Təbii ki, sonradan sərhədyanı ticarətin genişlənməsi, hətta işğal altında azad olmuş torpaqlarımızın bir qismində sərhədyanı böyük ticarət mərkəzlərinin, istehsal sahələrinin, birgə müəssisələrinin yaradılması İranla Azərbaycanın iqtisadi münasibətlərinə müsbət təsir edə biləcək bir amilə çevrilə bilər”.

N.Cəfərli vurğulayıb ki, amma ilkin olaraq təhlükəsizlik məsələləri həll olunmalıdır:

“Ərazilər öncə minalardan təmizlənməli, daha sonra infrastruktur qurulmalıdır. Bundan sonra sərhədyanı ticarətlə, sərhədyanı birgə müəssisələrin yaradılması ilə bağlı İranla danışıqlar aparıla bilər. Əminəm ki, İranda yaşayan güneyli soydaşlarımız, iş adamları da məmnuniyyətlə bu bölgələrə investisiya yatıracaqlar. İnanıram ki, bu istiqamətdə onlarla düzgün iş qurulacaq. Çünki onların investr kimi cəlb olunması kifayət qədər ciddi effekt verə biləcək bir faktora çevrilə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu