"İndi oxuduğum məktəbdə fəxrlə gəzirəm" - Xaricdəki soydaşlarımız Prezidentimizlə qürur duyur


Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini ifadə edirlər.

Sherg.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Gürcüstanın Marneuli bölgəsində yaşayan Kənan Mehdiyev yazır:
“Hörmətli cənab Prezident, bu gün Azərbaycanın ürəyi dünyanın hər yerində döyünür. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir. Hörmətli Prezident, mən Sizə Gürcüstanda yaşayan bütün azərbaycanlıların adından təşəkkür edirəm. Siz təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlılarının Prezidentisiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizin kölgənizi bizim millətin başının üzərindən əskik etməsin. Azərbaycanın qazandığı qələbələr, əldə etdiyi uğurlar bizi çox qürurlandırır və bu uğurların müəllifi Sizsiniz. Əminəm ki, xalqımızın birliyi bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Hər zaman dövlətimizin yanındayıq, Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.

Qazaxıstanın Merke rayonundan Nəbi Qafarovun məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Sizi, yenilməz Ordumuzu və bütün Azərbaycan xalqını qazandığımız zəfərlər münasibətilə təbrik edirəm. Nəhayət, bu müqəddəs torpaqlarımızı erməni adlı tör-töküntüdən təmizləyirsiniz. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Təki Vətən sağ olsun!”.

Rusiyanın Moskva şəhərindən Ceyran Vəliyeva:
“Hörmətli cənab Prezident, mən azərbaycanlı olduğum üçün sözün əsl mənasında fəxr edirəm. Ailəmiz Rusiyanın Moskva şəhərində yaşayır, son günlər bütün vaxt Azərbaycandan olan xəbərləri izləyirik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var və təşəkkür edirik ki, bizə bu sevinci yaşadırsınız. Oxuduğum məktəbdə fəxrlə gəzirəm, çünki hər kəs bilir ki, mən azərbaycanlıyam, biz zəfər çalırıq və çalacağıq! Qarabağ Azərbaycandır!”.

Saatlı rayonundan Şövqü Abasov dövlətimizin başçısına yazır:
“Müzəffər Ali Baş Komandanım, mən, Abasov Şövqü Heydərəli oğlu 1982-ci ildə Saatlı şəhərində anadan olmuşam. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Ali Hərbi Məktəbi bitirmişəm. Mənə baş leytenant hərbi rütbəsi verilmişdir. 2006-cı ildə Hərbi Təlim-Tədris Mərkəzini bitirmişəm. Həmin il döyüş bölgəsi olan Murovdağda yerləşən N saylı hərbi hissəyə göndərilmişəm. 2012-ci ilə qədər döyüş bölgəsində xidmət etmişəm. Artilleriya üzrə peşəkar hərbçiyəm. Bu gün də mənim ürəyim hərblə döyünür. Son günlər Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin döyüşlərdə göstərdiyi igidlik və şücaətlər məni daha da ruhlandırmışdır. Cənab Prezident, yenidən hərbi xidmətə qayıtmaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin bircə əmriniz kifayətdir”.

Bakı sakini Əli Dadaşov:
“Cənab Ali Baş Komandan, dəyərli və güclü sərkərdə, mən Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirəm. Mən sevinirəm ki, Sizin kimi Prezidentimiz var. Bizi dünyada qalib xalq kimi tanıtdınız. Sizin və qüdrətli Ordumuzun sayəsində bu qalibiyyəti qürur və sevinc hissləri ilə qeyd edirik. Bizə azad, firavan və bütöv Azərbaycan bəxş etdiyinizə görə Ordumuza və Sizə öncə özüm sonra isə bütün azərbaycanlı uşaqların adından minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır!”.

Quba sakini Günel Sultanlı:
“Hörmətli cənab Prezident, zəfər çalmaqda olan bir xalqın nümayəndəsi, dövlətin vətəndaşı olmaq həqiqətən də qürurvericidir. Bu qürurverici anları bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Qarabağın alınması uğrunda apardığınız haqlı mübarizəni dəstəkləyir və Sultanovlar ailəsi olaraq Sizə etimadımızı bildirmək istəyirik. Bu haqlı mübarizədə hərbi həkim olaraq iştirak edən dayım daxil olmaqla bütün hərbçilərimizin fədakarlıqlarının nəticəsində qələbənin çox uzaq olmayacağına ümid edirik. İnanırıq ki, rəşadətli ordumuzun mübarizəsi və Sizin düzgün hesablanmış strategiyanız sayəsində yaxın zamanda bütün işğal olunmuş torpaqlarımız işğaldan azad ediləcək. Yeni zəfərlərinizi gözləyir və Sizi dəstəkləyirik”.

Cəbrayıl sakini Gilas İbrahimova:
“Cənab Prezidentimiz, mən Cəbrayılda anadan olmuşam. Yurdumuz işğal olunanda mənim 2 yaşım vardı. Bugünkü günlərə qədər Cəbrayıl haqqında məlumatı valideynlərimdən və digər mənbələrdən öyrənmişəm, amma artıq bu illərdən sonra Sizin və güclü Azərbaycan Ordusunun sayəsində öz gözlərimlə doğma torpaqlarımızı gedib görəcəyəm. Bunu da qeyd etmək istəyirəm ki, Sizin şad xəbərlərinizi və ruhlandırıcı çıxışlarınızı həsrətlə gözləyirəm. Tanrı Sizi və güclü Azərbaycan Ordusunu qorusun!”.

Mingəçevir sakini İsmayıl İsmayılbəyli:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan, Ermənistan ordusunun sentyabrın 27-də səhər saatlarından başlayaraq bütün cəbhəboyu ölkəmizə qarşı yenidən təxribat törətməsi bu ölkənin təcavüzkar və işğalçı siyasətinin daha bir təzahürdür. Bu hücumlar nəticəsində, ilk növbədə, Vətəninin ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Ermənistan başda BMT Təhlükəsizlik Şurası olmaqla bir çox regional və beynəlxalq qurumların Dağlıq Qarabağ və işğal altındakı bütün rayonlardan qoşunlarını ən qısa vaxtda və qeyd-şərtsiz çıxarması barədə qətnamə və çağırışlarına baxmayaraq işğalı otuz ilə yaxın müddətdir ki, davam etdirir. Bu hücumları şiddətlə pisləyirik. İşğal altındakı Dağlıq Qarabağın və ona bitişik rayonların ən yaxın zamanda və mütləq azad olunacağına inanırıq. Azərbaycanda qaçqın və məcburi köçkün vəziyyətinə düşən bir milyona yaxın soydaşlarımız da evlərinə, öz doğma yurd-yuvalarına qayıdacaq. Hamımızın birlikdə şahidi olacağımız o günlər bizim üçün xoşbəxtlik, sevinc və ədalətin bərqərar edildiyi günlər olacaqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və qərarlılığı nəticəsində bu günədək işğal altında olan bir sıra torpaqlarımızın azad edilməsi mümkün olub. Bundan qürur duyuruq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu