“Beynəlxalq media çətirimiz zəifdir” – Xarici dilli kadrlar yetişdirilməlidir !

“Bu gün xaricə çıxacaq və orda Azərbaycan həqiqətlərini deyə biləcək jurnalistlərimiz barmaqla sayılacaq qədərdir”

“Rauf Mirqədirovun adı çəkiləndə bütün erməni siyasətçiləri qorxuya düşürdülər və onunla müzakirə aparmaqdan çəkinirdilər”

“Bu məsələ ilə bağlı ölçü götürülməli və yeni kadrlar yetişdirilməlidir”



Qlobal informasiya müharibəsinin gedişində xarici dilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporunun birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə “qara piar” təşkil edən təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür.

Ölkəmizdə baş verənləri ana dilimizdə çatdıran kifayət qədər nüfuzlu qəzet, xəbər saytları və agentliklərimiz fəaliyyət göstərir. Ancaq nə vaxta qədər özümüz deyib, özümüz eşidəcəyik? Əlbəttə, səsimizi beynəlxalq informasiya məkanına da çatdırmalıyıq. Axı indi internet və sosial şəbəkə erasıdır. İstənilən informasiyanı, istənilən dilə çevirib ən qısa müddətdə daha geniş areala və ya seqmentə çatdırmaq mümkündür. Bu axının qarşısına çıxmaq və rəqabətə tab gətirmək üçün xarici dilli media korpusuna ciddi ehtiyac duyulur. Bu ilin sentyabrın 27-dən etibarən başlanan İkinci Dağlıq Qarabağ müharibəsi ərəfəsində xarici dilli media quruluşlarının formalaşdırılması zərurəti yenidən aktuallaşdı.     

Məsələ ilə bağlı “Sherg.az”a danışan tanınmış araşdırmaçı jurnalist Xaqani Səfəroğlu "Sherg.az"a bildirib ki, Azərbaycanda xarici dilli media azdır:

"Müharibənin əsasını təşkil edən mühüm amillərdən biri də informasiya cəbhəsində yetkin məlumatın çatdırılmasıdır. Çox təəssüf ki, son hadisələri izlədikcə müəyyən açıqlamaların şahidi oldum. Xüsusən də Cənab İlham Əliyevin xarici jurnalistlərə müsahibəsində açıq-aydın görünürdü ki, jurnalist  doğru olmayan məlumatlardan, Ermənistanın xəbər agentliklərindən əldə etdikləri yalan informasiyadan bəhrələnərək öz suallarını qurmağa çalışırdılar. Prezident  çox gözəl cavablar verdi, amma jurnalistin bütün suallarını belə aydın şəkildə cavablamaya da bilərdi. Bunun üçün Azərbaycanın ətrafında beynəlxalq media çətiri qurulmalı idi. Çox təəssüf ki, bu, mümkün olmadı. Bunun da bir çox subyektiv və obyektiv səbəbləri oldu.

Daha çox gözə görünmək üçün o qədər də kəsəri olmayan media şəbəkəsinin qurulması  ortada oldu. Ona görə də bu gün xaricə çıxacaq və orda Azərbaycan həqiqətlərini deyə biləcək jurnalist kontigentimiz həddindən artıq məhduddur və barmaqla sayılacaq qədərdir".

X.Səfəroğlu diqqətə çatdırıb ki, ölkəmizdə rus dilli və ingilis dilli kifayət qədər yaxşı jurnalistlər korpusu olub:

"Lakin bu illər ərzində o korpuslar param-parça edilib. Müəyyən səbəblər ucbatından onların yarısı ölkəni tərk edib, bəziləri isə vətandaşlığını dəyişdirib.

"Ayna-Zerkalo" qəzetinin jurnalisti  Rauf Mirqədirovu xatırlayıram, onun adı çəkiləndə bütün erməni siyasətçiləri qorxuya düşürdülər və onunla müzakirə aparmaqdan çəkinirdilər.

R.Mirqədirovun imzası beynəlxalq mətbuatda da qəbul olunurdu.  Çox gözəl rus dilli “Zerkalo” qəzetimiz var idi. O qəzetə Dövlət Dumasında belə abunə olunmuşdu. Burda çox gözəl təhlil yazan jurnalistlər var idi: Azər Rəşidoğlu, Rauf Mirqədirov və. s.

Bu kontigenti formalaşdırmaq, dünyaya çıxarmaq  üçün bir dəftər olmalı idi. Dünya ictimaiyyəti hər hansı bir mövzuya gözəl sözlərə və standart baxışlarla baxmır. Əsas odur ki, sənin yazdığın dəlillər və sübutlar onları qane etsin.

Çox təəssüf ki, bu gün bunu görmürük.  Ermənilərin informasiya hücumlarına qarşı, dünya üzərində qurduqları informasiya şəbəkəsinə qarşı kifayət qədər möhkəm cavab verən şəraiti hələ qura bilməmişik.

Çünki beynəlxalq media  çətirimiz zəifdir. Bu məsələ ilə bağlı ölçü götürülməli və yeni kadrlar yetişdirilməlidir. Təkcə ingilis dilini bilmək, danışmaqla kifayət etmir. Xarici dilli, təcrübəli jurnalistləri yetişdirmək üçün illər lazımdır. Belə media nümayəndələri müstəqil və peşəkar ənənələri olan mətbu nəşrlərdə yetişə bilər.

Arzu edirəm ki, bu məsələ öz həllini tapsın və dünya mətbuatına Azərbaycan həqiqətlərini təqdim edən, ictimai rəyə təsir göstərə biləcək imzaları tezliklə görək".

Pərvin Piriyev 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu