Pandemiyanın dönüşü...

Sərt tədbirlərə əl atılsa çətin olacaq

Bu dəfə bank sistemi ilə bağlı problemlər yaranacaq


Koronavirus pandemiyası günü-gündən sürətlə artmaqdadır. Bu da yaxın vaxtlarda karantin rejiminin daha da sərtləşdirilməsinə gətirib çıxara bilər. Bütün ölkələrdə olduğu  kimi, pandemiya Azərbaycan iqtisadiyyatına da zərərsiz ötüşməyib.

İqtisadçı-ekspert Əkrəm Həsənli "Şərq"ə açıqlamasında bildirib ki, hələlik pandemiyanın vurduğu iqtisadi zərərin dəqiq məbləğini hesablamaq mümkün olmayıb. O vurğulayıb ki, hökumət bütün mümkün vasitələrlə makroiqtisadi sabitliyə nəzarət edir: "İlk növbədə valyuta bazarında dalğalanmaya imkan verməyərək manatın məzənnəsini qoruyur, bunun üçün valyuta ehtiyatlarından bacardıqca az istifadə etməyə çalışır. Məlumdur ki, pandemiya dövründə Azərbaycanda daha çox turizm şirkətləri problemlərlə üzləşdi və hələ də üzləşməkdədir. Artıq onların bir qisminin bağlanma təhlükəsi də var. Doğrudur, pandemiya ilə əlaqədar şirkətlərə müəyyən dövlət dəstəyi oldu. Amma bu, şirkətlərin problemlərini tam aradan qaldırmadı.

Hələ ki, bu sektorda vəziyyətin düzəlməsi istiqamətində irəliləyiş yoxdur. Hesab edirəm ki, bu vəziyyət bir qədər də davam etsə, turizm sektoru tamamilə çökəcək".

İqtisadçı-ekspert vurğulayıb ki, koronavirusun sayının sürətlə artması yaxın gələcəkdə yenidən sərt tədbirlərin görülməsini qaçılmaz edir: "Təbii ki, əgər sərt karantin rejimi yenidən tətbiq olunarsa, bu zaman ictimai iaşə obyektləri yenidən problemlərlə qarşılaşacaqlar.

Bir az yumşalma tədbirlərindən sonra kafe və restoranlar evə və ya ofisə çatdırılma yolu ilə qismən maddi problemlərini bu dövr ərzində həll edə biliblər. Amma bəzi şirkət və sahibkarların bazardan gedəcəyi yaxın gələcəkdə gözləniləndir.

Bundan başqa bank sistemi üçün də problemlər olacaq. Çünki problemli kreditlərin sayı günbəgün artmaqdadır. Buna yalnız bizdə deyil, bütün dünyada rast gəlmək mümkündür. Bildiyimiz kimi, ötən həftənin sonunda yalnız cəbhə bölgəsi ilə bağlı hərbiçilərə güzəştlər edildi, şəhidlərimizin isə borcları tamamilə silindi.

Pandemiya ilə bağlı isə heç bir güzəştlər tətbiq olunmadı. Banklara yalnız tövsiyə olundu ki, müştərilər ödəmələrini gecikdirərlərsə, onu gecikmə hesab etməsinlər və ya cərimə olarsa hesablamasınlar.

Amma banklar çoxu buna əməl etmədi və müştərilərdən tələb etdilər. Mərkəzi Bank sentyabrın 30-da yenidən bəyan etdi ki, 25 aprel tarixli qərarı yanvar ayına qədər uzadılıb.

Amma bütün bunlara baxmayaraq, bu sahədə ciddi problemlər görülməkdədir. İnanıram ki, tezliklə bu problemlərdən çıxış yolu tapılacaq".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu