Qızıl kimi rayon - Kəlbəcər

Vüqar Bayramov: "Tam işğaldan azad olunandan sonra iqtisadiyyatımıza böyük töhfə verəcək"

Azərbaycanın işğal altında olan ərazilərini azad etməsinin siyasi əhəmiyyəti ilə bərabər yaxın gələcəkdə böyük iqtisadi faydaları da olacaq. İşğal edilən Dağlıq Qarabağın və digər 7 rayonun işğala qədərki iqtisadi imkanlarına diqqət yetirdikdə görürük ki, ərazilərin işğaldan azad edilməsi ölkəmizdə kənd təsərrüfatının, sənayenin mədənçıxarma bölməsinin, tikinti materialları istehsalı sahələrinin, turizmin inkişafına böyük dəstək verəcək.



İqtisadçı-ekspert  Vüqar Bayramov  "Şərq"ə açıqlamasında bildirib ki, Kəlbəcər rayonu kənd təsərrüfatı, mədən sənayesi, sağlamlıq və turizm baxımından önəmli paya sahibdir. O vurğulayıb ki, Kəlbəcər həm qızıl, həm də digər faydalı qazıntıların bol olduğu rayondur: 

"Kəlbəcər Azərbaycanın ərazisinə görə ən böyük rayondur. Coğrafi baxımdan da burada kənd təsərüffatı və sənayenin inkişafı üçün  yeni imkanlar var. Bildiyimiz kimi, Kəlbəcərdə zəngin qızıl, gümüş və mis yataqları var. Bu da özümüzün daxili tələbat üçün qızıl hasil etməyimiz, həmçinin digər ölkələrə ixrac imkanları deməkdir. 

Məlum olduğu kimi, son iki ildə qızılın qiymətində kəskin artımlar müşahidə olunmaqdadır. Nəzərə alsaq ki, dünya bazarında bir unsiya qızılın qiyməti 2 min dollara yaxınlaşır.

Kəlbəcərdən hasil və  emal ediləcək qızıl ölkəyə valyutanın daxil olmasına imkan verəcək. Bu baxımdan Kəlbəcər bir tərəfdən həm aqrar, həm də sənaye müəssisələrinin istehsalının təşkil edilməsi, daxili bazara çıxarılması və yerli istehsalın gücləndirilməsi baxımından Azərbaycan üçün vacib rayonlardan hesab olunur.

Eyni zamanda Kəlbəcər strateji mövqe ilə yanaşı  Azərbaycanın xüsusilə qeyri-neft sektorunda valyutanın daxil olmasına imkan yaradacaq. Bu baxımdan Kəlbəcər tam işğaldan azad olunduqdan sonra Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verəcək və iqtisadi rayon kimi dayanıqlı lokomotivlərdən olacaq".

V.Bayramov qeyd edib ki,  Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir:

"Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu