"Cıdır düzündən sonra Qələbəni çəkirəm" - Xalq rəssamı Sakit Məmmədovla SÖHBƏT

"Böyük ölçüdə olacaq,  təxminən 5-6 metrdir"

"4 il əvvəl qələbəni yaşayıb çəkmirdim, sadəcə hiss edirdim. Amma bu gün yaşadığımı, gördüyümü, qəhrəmanlıqları, o mərd övladları, anaları əks etdirirəm"



Şübhəsiz ki, hər sahənin olduğu kimi jurnalistikanın da özünəməxsus çətinlikləri var. Amma nemətləri də az deyil. Məsələn, biz media mənsubları hər gün müxtəlif xarakterdə, fərqli peşə sahibləri ilə həmsöhbət oluruq. Yəqin ki, onların hər birindən nə isə öyrənirik. Bunun özü nemət deyilmi? Əlbəttə elədir. 
Mən də budəfəki müsahibimdən çox şey öyrəndim.

Ən əsası müsahibimlə maraqlı söhbətimiz Vətən uğrunda vuruşmaq üçün insanın silaha, topa, tüfəngə ehtiyacı olmadığını göstərdi. Çünki o, tüfəngsiz, formasız qəhərmanlardandır. Bədii dildə desək, incəsənətin silahı fırça olan sərkərdəsidir. Sizi çox maraqda saxlamayacam. Müsahibim Xalq rəssamı Sakit Məmmədovdur.



Görkəmli rəssam 1983-cü ildən bu günə ölkəmizi layiqincə təmsil edir. Əsərləri Puşkin muzeyi, Avropa parlamenti, Fransa, Türkiyə, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ  və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur. Həmçinin o, çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Girişdə hamısını qeyd edib, siz oxucularımızı yormaq istəmirəm. Gəlin bütün nailiyyətlərini, Azərbaycan üçün gördüyü işləri Sakit müəllimin özündən eşidək. 

- Əvvəla hazırda davam edən savaşımız, ordumuzun zəfərləri haqda təəssüratlarınızı öyrənmək istərdim...

- Çox sevinirəm ki, qələbə bizimlədir. Təbii ki, kədərli hadisələr də olur, şəhidlərimiz var. Ona görə üzülürük. Amma şanlı ordumuz günü-gündən irəliləyir. Onların nailiyyətləri dünyada başımızı ucaltdı. 30 ildir bir bəlayla üzləşmişdik. Mənfur düşmən Azərbaycanın ürəyi olan Qarabağı işğal etmişdi. Həyasızcasına, faşistcəsinə dağıntılar aparırdılar, soyğunçuluq edirdilər. Ordakı yataqları talayırdılar, torpaqları özləri üçün əkib-becərirdilər. Həm də gördük ki, Qarabağı xarabalığa çeviriblər. Heç bir tikinti aparmayıblar, iş görməyiblər. Otuz ildir orda süləniblər. Ancaq səngərlər qazıblar, yuva salıblar. Bir sözlə, bayquş kimi yaşayıblar. İndi də o bayquşları qovuruq. Yuvalardan başlarını qaldırıb güllə atırlar, sonra geri çəkilirlər. Allahın köməkliyi ilə şanlı ordumuz həmin yuvaları darmadağın edir. Onu da deyim ki, dünyanın harasına gedirdiksə təbliğat aparırdıq. Qarabağ haqqında danışırdıq. Amma içimizdə bir niskil var idi. Qarabağ mənfur düşmənin əlindədir deyə məyus olurduq. Həm düşmənin də bir şərəfi olmalıdır. İnsan düşməndən də nəysə öyrənməlidir. Bunlardan isə öyrənməli heç nə yoxdur. Çünki onlar faşist, uşaqlara, dinc sakinlərə əl qaldıran işğalçılardır. Əməlləri onların iç üzünü dünyaya göstərdi. Artıq dünya ermənilərin gerçək simasını tanımağa başladı.



- Onlar öz mənfur simalarını göstərir. Biz isə məğrurluğumuzu, gücümüzü nümayiş etdiririk. Həm tək cəbhədə deyil. Siyasi arenada da ürəyimiz dağa dönür. Dövlətimizin uğurlu addımları hər birimizi sevindirir...

 - Son vaxtlar Ali Baş Komandanın siyasəti, apardığı danışıqlar dünyaya onu bir sərkərdə kimi tanıtdı. Öz çıxışı ilə hər kəsi məəttəl qoydu. Hamı gördü ki, Azərbaycanın belə ağıllı, böyük şəxsiyyəti var. O da ölkəni idarə edir. Məsələn, "Qobusnamə" kitabında yazılıb ki, peyğəmbər də, dövlət rəhbəri də Allah tərəfindən göndərilir. Yəni Allahın izni olmasa, heç kimin ürəyində onu seçmək fikri yaranmaz. İndi məlum oldu ki, millətin rəhbəri özünə layiqdir. Eləcə də Paşinyan da ermənilərin özünə layiq başçıdır. Öz ölkəsini pis günə saldı. Dünya hər iki ölkə başçısını danışdırdı, debatları oldu. Onların ayrı-ayrılıqda hansı səviyyədə olduğu göründü. Hesab edirəm ki, prezidentimiz tarixdə şərəfli, ləyaqətli şəxsiyyət kimi qalacaq. Şübhəsiz Paşinyan da tarixə düşdü. Amma şərəfsiz, öz millətini bərbad günə qoyan, ləyaqətsiz ölkə başçısı kimi... Ermənilər bu məğlubiyyətlərini unuda bilməyəcəklər. Onsuz da onlar otuz il müddətində uduzmuşdular. Sadəcə, dünyaya həyasız şəkildə haqlı olduqlarını bəyan edirdilər. 


- Əfsuslar olsun ki, dünya da onların uydurmalarına inanırdı.

- Dünya həqiqəti bilmirdi. Təsəvvür edin Afrikada hansısa xalqlar bir-birilə vuruşur. Təbii ki, əhalimizin 70 faizi orda söhbətin nədən getdiyini bilməyəcək. Ona görə dünya ölkələrinin çoxunun məsələdən xəbəri yox idi. Amma indi anlamağa başladılar. Başa düşdülər ki, Azərbaycan haqlıdır, öz torpağında vuruşur. Həmin eybəcər məxluqları ərazilərindən qovur. Həm də bir söz deyim. Ermənilər o mədəniyyətlə, səviyyə ilə Qarabağda nə yarada bilərlər? Belə insanlarla necə qonşu ola bilərik? Bir də bəzən deyirlər ki, erməni anaları ağlayır. Axı onlar həmin analardır ki, hələ uşaqları dünyaya gələndə bizi düşmən olaraq göstərirlər. Onlar da bizə düşmən kimi böyüyür. 90-cı illərdə körpə uşaqlar idi, bizim yazığımız gəlirdi. Amma indi həmin uşaqlar bizə qarşı vuruşurlar.

- Nə etsələr də ilahi ədalət bərpa olunur. Otuz ildir həsrət qaldığımız, düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilir. İnsan sevinməyə, qürurlanmaya bilmir…

- Bir söz var: “Gec olsun, güc olmasın”. Hesab edirəm ki, o məsəl öz təsdiqini tapır. Görünür, güc topladıq. İndi dünyanın məşhur generalları belə Azərbaycan Ordusunun gücünə məəttəl qalıblar. Təbii ki, Qafqazın ən güclü, dünyanın isə ən tanınmış ordusuna çevrildi.

- Biz döyüş meydanında qalib gəlirik. Onlar isə məğlubiyyətin acısını mülki əhalidən çıxarmağa çalışırlar...

- Fikrimcə, onlar təkcə sivil insanlara yox, mədəniyyətimizə də əl qaldırdılar. Mədəniyyətimizə qarşı soyqırım törətdilər, kökündən silməyə çalışdılar. Amma o mədəniyyət bizim ruhumuzdadır. Heç kim silə bilməz. Məsələn, Qarabağda ermənilər qədimdən yaşamayıb, sonradan məskunlaşıblar. İndi isə deyirlər bizimdir. Amma onlar qarabağlıdılarsa, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Arif Babayev, Mənsum İbrahimov kimi sənətkarları olardı. Lakin nə müğənniləri, nə səsləri, nə rəssamları, nə də yazıçıları, nə də şairləri var. Genlərində Qarabağ qanı yoxdur. Demək ki, ermənilər Qarabağa sonradan gəliblər, məskunlaşıblar. Ağlayıblar, yalvarıblar, bizim də yazığımız gəlib. Təbii ki, rəhmli millət olduğumuz üçün yer vermişik. Onlar isə bizə qarşı müharibə aparırlar. Ermənilərin xislətləri budur. Dünyada hara gedirlərsə oranı öz torpaqlarına çevirməyə çalışırlar. Bir hekayəni ərz edim. Tanıdığım gürcü xalq şairi var. Deyir Ermənistanda konfransda olanda ermənilər yaxınlaşıb dedilər ki, eşitdiyimizə görə, Şota Rustavelli erməni olub. Mən şoka düşdüm ki, bunlar Şota Rustavellini də erməni adlandırmaq istəyirlər. Danışır ki, əsəbimdən dedim ki, bəli, erməni olub. O, erməni xalqına, dilinə nifrət edib. Ona görə gürcü dilində yazıb. Əlbəttə, kinayə və əsəblə söyləyib. Çünki o, “Pələng dərisi geymiş pəhləvan” əsərini gürcücə yazıb. Amma bunlar onu da erməniləşdirmək istəyirlər. Harda ağıllı insan görürlərsə mənimsəyirlər. 

- Gülməlidir ki, özlərini qədim tarixə malik, köklü bir xalq kimi təqdim edirlər...

- Bəli, ali bir millət kimi qələmə verirlər. Amma qədim tarixli xalq 2-3 milyon olmur. Tarixi millət türklərdir. Görürsüz,  300-350 milyonuq. Ali xalqın özünün əlifbası olur. Məsələn, bizim Orxon Yenisey əlifbamız var. Bunlar əlifbalarını belə Həbəşistan dövlətindən oğurlayıb, mənimsəyiblər. Musiqini bir tərəfdən, mətbəxi başqa ölkələrdən, mədəniyyəti fərqli yerdən, ərazini də bir yandan oğurlayıblar. Hərədən bir şey mənimsəyiblər. Belə oğru, quldur millət olmur. Ona görə bu işğalın bir sonu olmalı idi. Onlar başqa ölkələrin ərazisinə də iddialı idilər. Amma burunları Azərbaycanda, Qarabağda qırıldı. Belə davam edə bilməzdi. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan həqiqətən qüdrətli ölkədir. Özünüz də görürsüz  gənclər şəhid olurlar, amma ailələri deyir ki, fəxr edirik, vətən uğrunda getdi. Ermənilər isə  əsgərlərini zəncirləyirlər, döyüşə getməmək üçün gizlənirlər, vuruşmağa qadınları, qocaları göndərirlər. 
- Sakit müəllim, bəs, bu günlər yaradıcılığınıza necə təsir edir? Zəfərlərimizin şərəfinə yeni əsərlər hazırlayırsınızmı?
- Hələ 2016-cı ildə Qarabağa qayıdış “Cıdır düzü” əsərini çəkdim. Onu Kraliça 2-ci Elizabetə hədiyyə etdim. Hazırda isə qələbə haqqında əsər işləyirəm. Böyük ölçüdə olacaq,  təxminən 5-6 metrdir. Burda qələbə əks etdirirəm. Bilirsiz, bəzi insanlar müharibəni çəkirlər. Amma qələbə çəkmək həm çox sevindirici, həm də çətindir. Hələ zəfər sevincini yaşaya-yaşaya çəkmək asan deyil. Məsələn, 4 il əvvəl qələbəni yaşayıb çəkmirdim, sadəcə hiss edirdim. Amma bu gün yaşadığımı, gördüyümü, qəhrəmanlıqları, o mərd övladları, anaları əks etdirirəm. Fərəhlənirəm ki, bu günləri yaşayıram və kətana köçürdürəm. Əlbəttə, bir əsər min illərlə yaşayır. O qələbə də kətan üzərində yaşayacaq. İnsanların ürəyində də, qəlbində daim qalacaq. Gələcəkdə övladlarımız fəxr edəcəklər ki, ataları, babaları qəhrəman olublar. Millətin keçmişi, valideynləri ilə qürur duyacaqlar. Utanmayacaqlar! Bu, böyük nailiyyətdir, sevincdir, yaşayırıq.

- Yaşadıqca görürük ki, illərdir səbr etməyimiz əbəs deyilmiş…

- Hə. Ölkə başçımız böyük əzm, hünər göstərir. Həm öz sözünü, həm də xalqın ürəyindən gələnləri deyir. İstənilən dildə danışır, həmin millətə dərs verir. Bütün bunlar böyük uğurdur. Bəzən deyirdilər ki, büdcədəki gəlirlər hara gedir? Müəyyən problemi olanlar sual verirdilər. İndi gördüz hara gedir? Bu qələbəyə sərf olunurdu. Alınan silahlar açıqlana bilməzdi. Çünki dövlət sirri idi. Sonu da çox gözəl bitir. Ona görə nə yaxşı ki, belə şeylər düşünüblər. Biz müasir şəkildə silahlanmışıq. Dünyanın ən gözəlləri bizdədir. Ona görə fəxr etmək lazımdır. Heç kim acından ölməyəcək. Hər kəs öz ruzisini tapır. Amma torpağı tapmaq çox çətindir. Qan bahasına əzəli ərazilərimizi geri alırıq. Bəlkə də danışıqlar yolu ilə həll edilsə, gələcəkdə deyəcəkdilər ki, kimsə bizə torpaqlarımızı alıb verdi. Amma indi qürurla söyləyirik ki, özümüz qaytarırıq. Bu nəsil onu qəhrəmancasına qaytardı və gələcək nəsilə ötürəcək. İnanıram ki, Qarabağ qısa zamanda bərpa olunacaq. Azərbaycanın turizm mərkəzinə çevriləcək. Bütün dünya ora maraq göstərəcək. Şəhidlərimizin qanı o torpaqlardadır. Ona görə həmişə müqəddəs yerimiz olacaq. Ora həm ibadət etməyə, həm də şadlıq üçün getməliyik. 

- Qarbağla bağlı hər azərbaycanlının həm ağrısı, həm də arzusu var. Sizin də olar hər halda.

- Bilirsiz, mən Atçılıq Federasiyasının idarə heyətinin üzvüyəm. Çox sevinirəm ki, Qarabağ atlarımız “Binə” atçılıq mərkəzində deyil, Şuşada, Cıdır düzündə gəzəcəklər. Orda bizim Çovqan oyunumuz nümayiş etdiriləcək. Yenə də deyirəm, dünya Qarabağda toplanacaq. Bu səbəbdən də çox sevincliyəm. Xüsusilə qeyd edim ki, biz Bakıda belə Qarabağ atlarının nəslinin kəsilməsinə imkan vermədik. Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Qarabağ atlarını saxlaya bildik. Dünyanın böyük xalqları, dövlətləri var ki, özlərinin at cinsi yoxdur. Amma bizim, elə də böyük olmayan respublikanın iki at cinsi var. Biri “Qarabağ”, o biri “Dilbaz” atlarıdır. Bu da xalqımızın keçmişinin nə qədər qəhrəman, mədəni olduğundan xəbər verir. Onu da  deyim ki, Qarabağ haqqında çox salnamələr, dastanlar yazılacaq. Ədəbiyyatda, musiqidə, rəsm əsərlərində qəhrəmanlıq simvoluna çevriləcək. Qarabağ Azərbaycanın ürəyidir. Dünyada Azərbaycanı tanımayanlar da Qarabağla tanıdı. Bir nüans da var. Məni həmişə məyus edib.

- Nədir o?

- Təəssüf ki, Sovet vaxtında Qarabağı Ağdam çaxırına görə tanıyırdılar. Rusiyada oxumuşam. Orda Qarabağ deyən kimi şərab yadlarına düşürdü. Deyirdilər ki, orda  yaxşı çaxır var. İndi bütün dünya bildi ki, Azərbaycanda Qarabağ adlı müqəddəs yer var. O alınmaz qalaya çevriləcək. Əminəm ki, min illər boyu qorxudan Qarabağ tərəfə heç kim baxa bilməyəcək.

- Dünyanın bir çox ölkələrində olmusunuz. Yəqin xeyli əcnəbi dostunuz  var. Onlar mövcud vəziyyət haqqında nə düşünürlər?

- Təbii ki, insan ciddi olanda ətrafındakılar onun ölkəsinə özü kimi baxırlar. Mən Çindən tutmuş Portuqaliyaya qədər dünyanın bütün ölkələrinə səfər etmişəm. Hər yerdə də dostlarım var. Hamısı mənə zəng vururlar. Ürək sözlərini deyirlər. Qarabağın Azərbaycan olduğunu bilirlər. Çox gözəl dəstək verirlər. Yəni Qarabağ haqqında yaxşı fikirləri var. Onların da sevinclərinin həddi-hüdudu yoxdur.  Adətən başqa yerlərdə, Çində, Pekində simpoziumlar  keçirirdirlər. Onlara demişəm ki, inşallah Qarabağ azad olunandan, özünə gələndən sonra gedib orda rəssamlıq simpoziumu təşkil edəcəyik. Başqa arzularım da var. Məsələn, Qarabağda muzey yaratmaq istəyirik. Dünya rəssamlarının muzeyi olacaq. Əminəm ki, dostlarım hər biri ora əsərlər hədiyyə edəcək. Satmayacaqlar, hədiyyə edəcəklər. Hamısı öz fikirlərini mənimlə bölüşüblər. İstəyirlər ki, belə bir şeyi həyata keçirək. Mən də bir çox ölkələrdə belə muzeylərə hədiyyələr etmişəm. Müəyyən ölkələr var ki, onlardan heç nə götürməmişəm. Muzeylərinə əsərlərimi təmənnasız vermişəm. Onlar da belə edəcəklər. Məsələn, Orta Asiyadan yazırlar, zəng edirlər. Özü də hamısı xalq rəssamı, professorlar, tanınmış insanlardır. Ürək sözlərini deyirlər. Zatən çoxdan bilirdilər ki, Qarabağ Azərbaycandır. Əminəm ki, Qarabağda  böyük musiqi festivalları, rəsm sərgiləri keçiriləcək. Mən də öz üzərimə düşən missiyanı yerinə yetirməyə çalışacam. Ora tələbələrimlə, gənc rəssamlarla gedəcəm.

- Yəni Qarabağı incəsənət ilə çiçəkləndirəcəyik…

- Bilirsiz, otuz il o tərəfə baxmadığımız üçün Qarabağ bizdən küsmüşdü. Onun üzərində gəzən, şeytani hisslərlə yaşayan tayfa Qarabağ torpağını çox incidirdi. Ərazisindən ancaq barıt iyi gəlirdi. Ordan çıxarılan qiymətli təbii daşları, metalları aparırdılar. Bir sözlə, torpaqlarını bərəkətsiz hala gətirmişdilər. Ona görə küsmüş Qarabağımızı sevindirməliyik, könlünü almalıyıq. Musiqi ilə, rəsmlə,  dağıntıların bərpası ilə məşğul olmalıyıq. Gözəl tikililər yaratmalıyıq. Torpaq da  darıxdığımızı, onu nə qədər sevdiyimizi görsün.

- Sakit müəllim, İngiltərə kraliçası ilə bir neçə dəfə görüşünüz baş tutub. Hətta ona  Qarabağla bağlı hədiyyələr təqdim etmisiniz. Söhbətiniz yadınızdadırmı? Nələr danışdınız, ona hansı faktlardan bəhs etdiniz?

- Orda təsvir etdiklərimi danışmışdım. Qarabağ xalçasını, atlarını, xarıbülbülü göstərmişdim, “Çovqan” oyunundan, üç rəngli bayrağımızdan bəhs etmişdim. O da göstəriş verdi ki, əsərim Vindzor sarayından asılsın. İkinci dəfə görüşəndə “Bahar qızı” tablosunu hədiyyə etdim. Novruz bayramı haqqında idi. Onu da dedim ki, əsl yeni il martın 20-dən 21-ə keçən gecədir. Çünki gündüzlə gecə bərabərləşir, bahar gəlir, torpaq oyanır. Həmin əsər də sarayda  saxlanılır. Düşünürəm ki, hər bir insan təbliğat işi ilə məşğul olsa yaxşıdır. Hərə öz ölkəsinin əsgəri olmalıdır. Biri qələmi, digəri fırçası ilə. Məsələn, Vatikana getdim. Roma papasının portretini çəkdim. Həmin portretdə  arxa tərəfdə Qarabağ xalçasını əks etdirdim. Dedim Qarabağ haqqında da söhbət getsin. O da Vatikan dövlət muzeyində asılıb. Bir də masasının üzərində "Qurani-Kərim" çəkdim. Əlimdən nə gəlirsə bir azərbaycanlı, türk övladı kimi onu etməliyəm. Çünki türklər çox istedadlı millətdir. Mən də türk dünyasının bir övladıyam. Çalışıram göstərim ki, türklər sadəcə vuruşmaqda yox, intellekt səviyyəsi baxımından da yüksəkdədirlər. Hesab edirəm ki, hər bir azərbaycanlı əlindən gələni etməlidir. Öz ölkəsini dünyaya tanıtmalıdır.

- Əlbəttə, hər birimizin vəzifəsidir. Siz də bu vəzifəni layiqli şəkildə icra edirsiniz.

- Məsələn, ölkələrə səyahət edərkən onların memarlıq abidələri ilə yox, insanları ilə tanış oluram. Çünki insanları ölkənin nə olduğundan xəbər verir. Ona görə vətəndaşları ilə tanış oluram, dostluq əlaqələri qururam. Səviyyələrini öyrənməyə çalışıram. Yaxşı bir  xüsusiyyətləri varsa götürürəm. Bəzən insanlar harda pis xasiyyət varsa onu mənimsəyir. Amma dünyadan ən yaxşı nümunələri örnək götürmək lazımdır. Yəni asan, tez ələ keçənləri deyil. Savadı, biliyi elmi mənimsəməliyik. Məsələn, Peyğəmbərimizin sözü var. Deyir elm Çindədirsə, ora qədər getmək lazımdır. Beşikdən qəbirə qədər elmlə məşğul olmalıyıq. Elm isə hansısa ədəbiyyatı oxumaq deyil. Kəşf etməlisən, öyrənməlisən. Vətənin naminə işlər görməlisən ki, xalqın səndən bəhrələnə bilsin. Bəzən bir nəfər bir milyon insandan çox iş görə bilir. Bəzən isə milyonlarla adam bir insan qədər ola bilmir.

- Siz sənətinizi dünya auditoriyasına çıxarmağı bacarmısınız. Özü də gənc yaşlarınızdan. Bəs yeni nəsil rəssamlara nə məsləhət görürsünüz, onlar öz işlərini başqa ölkələrdə necə sərgiləsinlər?

- Əksər gənc məşhur olmaq üçün düşünür ki, xarici ölkələrdə yaşamaq lazımdır. Bu düzgün yanaşma deyil. Mən gənclərimizə göstərdim ki, Bakıda otura-otura ondan artıq ölkənin akademiyasının akademikiyəm. Həm Baron, Cəngavər, Qraf titullarını almışam. Bir çox ölkələrin professoruyam, Avropada senator seçilmişəm. Dünyanın ən qabaqcıl ölkələrinin, demək olar bütün qitələrin ali mükafatlarına layiq görülmüşəm. Demək istəyirəm ki, incəsənətin dili beynəlxalqdır. Heç bir tərcüməyə ehtiyac yoxdur. Azərbaycanda, doğma diyarda işləmək lazımdır. Onsuz da dünya kiçilib, indi internet erasıdır. Çəkdiyin əsəri bir saniyədə dünyaya göstərə bilirsən. Amerikaya, başqa ölkələrə getmək lazım deyil. Elə bir şəxsiyyət olmalısan ki, onlar sənə görə ölkənə gəlsin. Turizmdə belə bir şey var. Baxırlar Azərbaycan gözəl, səfalı yerdirsə, çayı, dənizi varsa, gəlirlər. Niyə bir rəssama görə Azərbaycana gəlməsinlər? Rəssamın muzeyinə, əsərlərinə Azərbaycanda baxsınlar. Biz İspaniyaya Picassoya , Fransaya Klod Moneye  baxmağa gedirik. Eləcə də onlar gəlib əsərləri ölkəmizdə seyr etsinlər. Mənim aləmimdə bu böyük məsələdir. Ona görə gənclər çalışsınlar.

- Sizcə, yetərincə çalışmırlar?

- Mən oxuyan vaxtlarda da belə olub. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alırdım. Yaşlı rəssamlar deyirdi ki, bizim vaxtımızda insanlar çox çalışqan idi. İndiki cavanlar belə deyil. Elə şey yoxdur! İnsanlıq durduqca dahilər, böyük şəxsiyyətlər çıxacaqlar. İndi də gözəl, perspektivli gənclərimiz var. İnanın, onlar Azərbaycanın ən gözəl rəssamları, şairləri, musiqiçiləri olacaqlar. Sadəcə çalışmaq lazımdır. Bəzən düzgün anlamırlar. Görürsən çox dayaz, rəsm qabiliyyəti aşağı olan insandır, Vətəndən danışır. O çox gülünc görünür. Sən Vətəni işinlə göstərməlisən. Artıq yaratdığın əsər özü Vətəndir. Ağ kətanın qarşısında rəngləri qarışdıranda gözəl bir əsər yaradırsan. O zaman Vətənə fayda vermiş olursan. Elə çalışmalısan ki, ölkən səndən faydalansın. Qürurla desin ki, mənim övladımdır. Sən Vətənə nə vermisən? Söhbət bundan gedir. Vətəndən istəmək yox, vermək lazımdır. Doğulduğun torpaqlarda sənə ruh verilib. Allah lazım bilib bu torpaqda dünyaya gətirib. Niyə Azərbaycanda doğuldun. Deməli, bir hikmət var. Burda öz millətinə fayda verməlisən. Ona görə çalışmaq, çalışmaq, yenə də çalışmaq lazımdır…

- Başqa sözünüz, tövsiyəniz?

- Elə şəxsiyyət olmalısan ki, sənə görə ölkəyə tur təşkil etsinlər. Proqrama salsınlar ki, gələndə ora gedəcəyik. Məsələn, pandemiyadən əvvəl Qırğızıstana getmişdim. Çingiz Aytmatovun məzarını ziyarət etdik, onun yaşadığı, oxuduğu yerlərə getdik. Eynilə Azərbaycana da həmin məqsədlə gəlsinlər. Bura səfər edənlər də faydalansın. Onu da deyim ki, əvvəllər bizi pis qələmə verirdilər. Amma indi dünya görsün ki, biz həm vuruşqan, həm də istedadlı millətik. Hətta elə bilirdilər ki, vuruşmağı da bacarmırıq. Heç yadımdan çıxmaz. Çeçen müharibəsi zamanı balaca uşağın əlində silah var idi. Ona jurnalist sual verdi ki, sən qorxmursan savaşırsan? O da cavab verdi ki, mən azərbaycanlı deyiləm ki, qorxam. Bu əhvalat mənə çox təsir etmişdi. İndi Allahın köməkliyi ilə bütün gənclərimiz döyüşə yazılır ki, gedib vuruşur. Budur millət, qan özünü göstərir. Onunla bərabər  incəsənətdə də gözəl övladlarımız var. Onların gələcəyi çox parlaqdır. Əminəm ki, gedib böyük yerlərə çıxacaqlar. 

- Bəlkə də onların sayəsində mədəniyyətimiz dünyada günəş kimi parlayacaq. 

- Təsəvvür edin, ölkəmizdə nə qədər neft çıxarıldı, amma Azərbaycanı tanımırdılar. Bir Rəşid Behbudova görə dünya bizdən xəbərdar idi. Hesab edirəm ki, şəxsiyyət olmaq lazımdır. Şəxsiyyətin formalaşması üçün profesionallıq tələb olunur. O da insanın ruhunu gün üzünə çıxarır. Ruh da ortaya şəxsiyyəti qoyur. Əgər yaradıcı insan sonda şəxsiyyət olmursa, tarixdə qalmırsa, demək o, yaşamayıb. Onun profesionallığı da şübhə altında qalır. Bir də öz sahələrinə təsadüfən gəlməsinlər. Valideynlər də diqqət etsin. Əgər uşağın həvəsi sənətədirsə, o yöndə irəliləsin. Oxumaq istəyirsə, elmə tərəf getsin. Belə olsun. Yoxsa 40 il içib-içib sonra molla olmasın. Bu bizim eybəcər tərəfimizdir. Pis vərdişlərlə məşğul olur sonra  mollalığa keçir. Ona da heç kim inanmır. Dinlə də lap qabaqcadan məşğul olmaq lazımdır. Düzdür, Allah bağışlayandır. Amma bu şəkildə başqasına örnək ola bilməzsən. Çünki keçmişini görüblər. Əvvəldən düzgün yolla getmək lazımdır. 

Xülasə, Azərbaycan bizim evimizdir. Biri-birimizi sevməliyik. Münasibətimiz gözəl olmalıdır. İndi birliyi çox gözəl hiss edirik. Beləcə də saxlamaq lazımdır. Gənclərimiz də biri-birləri ilə mədəni davranmalıdırlar.


Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu