"Ukraynanın Azərbaycana dəstəyi vacibdir" - Politoloq 

Şamaxı şəhərində Ukrayna Konsulluğunun açılması əməkdaşlığa xüsusi töhfə verəcək" 

Bu gün Ukraynanın Azərbaycandakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasim baş tutub. Mərasim zamanı Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladyslav Kanevskyi Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.

Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir. Dövlətlər arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən Azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək.

Ölkəmizdə Ukraynanın Fəxri konsulluğunun açılmasına dair fikirlərini “Sherg. az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, konsulluğun açılması Ukrayna tərəfindən atılan müsbət bir addımıdır.

Analitikin sözlərinə görə, Ukrayna bununla sübut edir ki, Azərbaycanla strateji əlaqələrə çox böyük önəm verir:

“Vladimir Zelenski də prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən ancaq Azərbaycana rəsmi səfər edir. Zelenski Azərbaycanla əməkdaşlığın genişləməsində çox maraqlıdır və Azərbaycanda investisiyalarının artmasını istəyir. Bu investisiyaları dövlət neft şirkəti xətti ilə artırmaq mümkündür. Mən dəflərlə Kiyevdə olarkən dövlət neft şirkətinin fəaliyyəti ilə bağlı razılıqlarını bildiriblər. Yanacaqdoldurma məntəqələri yüksək keyfiyyətlidir, sürücülər də məmnundurlar”.

Politoloq qeyd edib ki, Ukraynanın başqa investisiyalarını da artırmaq olar. Amma Ukraynanı Azərbaycanla bir dərd də birləşdirir: Bu, separatçılarla mübarizədir:

“Ona görə də Ukraynanın Azərbaycana dəstəyi vacibdir. Dəfələrlə bu dəstəyi rəsmi şəkildə qeyd ediblər. Xarici işlər nazirlərinin bəyanatlarında və müxtəlif açıqlamalarında BMT-nin 4 qətnaməsini xatırladıblar. Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyiblər. Ukrayna Avropa dövləti sayılır və Avropada kifayət qədər dəstək alıb. Ona görə də Ukraynanın bizə verdiyi dəstək çox önəmlidir”.

E.Şahinoğlunun qənaətincə, Azərbaycan da Ukrayna ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır:

“Konsulluğun açılması da bu əməkdaşlığa xüsusi töhfə verəcək. Ona görə də konsulluğun açılması olduqca müsbət bir addımdır. Ukrayna o qədər də imkanlı dövlət deyil. Buna baxmayaraq, Azərbaycanda konsulluq açırsa, bu, Ukraynanın ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini göstərir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu