Bakı möhtəşəm, qeyri-adi hisslər yaşadı

Qubadlı 27 illik işğaldan sonra yenidən böyük Azərbaycan ailəsinə geri döndü


Qubadlı şəhərinin 27 ildən sonra düşmən işğalından azad edilməsi xəbəri ölkə ictimaiyyətində, xüsusən Sumqayıt şəhərində coşqu ilə qeyd olunub. Sumqayıtda məskunlaşan məcburi köçkün ailələri zəfər müjdəsini böyuk sevinclə qarşılayıblar. Prezident İlham Əliyevin “Azərbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib” müjdəsi şəhərdə böyük izdihama səbəb olub.

Azad olunan şəhər və kəndlərimizin sevincini yaşayan insanların bir hissəsi şəhid general Polad Həşimovun ailəsinin yaşadığı binanın qarşısına gələrək, “Başını dik tut, şəhid anası” kimi şüarlar səsləndiriblər. Bakı portundakı gəmilər də Qubadlı şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər. Eyni zamanda gəmilər havaya fişəng atıblar. 

Millət vəkili Erkin Qədirli deyib ki, Qubadlının azad edilməsiylə BMT-nin 874 saylı qətnaməsi də ordumuz tərəfindən icra olundu: “Bundan əvvəl 884 saylı qətnamə öz aktuallığını itirmişdi. Hazırda 853 və 822 saylı qətnamələr aktual olaraq qalır”. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsində Füzuli, Cəbrayil, Qubadlı rayonlarının, 884 saylı qətnamədə Horadiz qəsəbəsi və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edilir və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. 853 saylı qətnamə Laçın və Ağdam, 822 saylı qətnamə isə Kəlbəcər, Şuşa və Xocalının işğalı ilə bağlı qəbul edilib. Hərbi ekspertlərə görə, Qubadlının işğaldan azad olunması Ermənistana gedən asfalt yola nəzarət etməyimiz deməkdir. Xüsusən, Qubadlıdakı Yazı Düzü yüksəkliyi əldə olunduqdan sonra Laçın tərəflərdə Həkəri və Bərgüşad çaylarının vadiləri, o bölgədə olan bütün kəndlər nəzarət altına keçir. Yazı Düzü yüksəkliyi Laçın dəhlizinə çıxmaq üçün əsas hədəfdir. 

Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, doğma yurdu Qubadlının azad edilməsi ilə sözlə ifadə olunmayan çox möhtəşəm və qeyri-adi hisslər yaşayır. Onun sözlərinə görə, vaxtilə doğulduğu, uğrunda döyüşdüyü Qubadlı 27 illik işğaldan sonra yenidən böyük Azərbaycan ailəsinə geri döndü:

“Bu sevincli anları yaşamağımız üçün öz canlarını fəda etmiş əziz şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Eləcə də Milli Qəhrəmanlarımız Əliyar Əliyev və Şükür Həmidovun ruhlarına Allahdan rəhmət diləyirəm.

Bu qürur dolu xoş anlarımıza görə sizlərə borcluyuq! Şanlı və rəşadətli Ordumuza, bütün əsgər və zabitlərimizə ürəkdən "eşq olsun!" deyirəm və sizi böyüdən anaların əllərindən öpürəm! Cənab Prezident, Ali Baş Komandan, bu möhtəşəm "tvit"inizi böyük səbirsizliklə gözləyirdik. Var olun! Sizinlə fəxr edirik!

Siz yurd yerlərimizin azadlığı yolunda əzmlə mübarizə aparan fədakar Ali Baş Komandan kimi ən gözəl sözlərə layiqsiniz. Bütün qubadlılarımızı təbrik edirəm.

Gözünüz aydın olsun, əziz həmyerlilərim! Və nəhayət, uzun illər boyu Qubadlıdan uzaqda ayrılıq həsrəti ilə yaşayıb dünyalarını dəyişən atamı, anamı xəyali olaraq təbrik edirəm. Ruhları şad olsun”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu