ABŞ-ın Qarabağ fəallığı seçkilərə hesablanmışdı, alınmadı

Bütövlükdə indiki prosesləri Azərbaycan Prezidenti və müzəffər Ordumuz idarə edir

ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində Nyu Hempşirdə seçicilər qarşısındakı çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etmək asan məsələdir. Hətta Tramp problemi həll etməyə söz verib: “Bunu həll edərik. Mən buna “asan məsələ” deyirəm. Gedin və xalqınıza deyin. Niyə də yox? Nə edəcəyini bilirsənsə, bu, asan məsələdir”.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Robert Olbrayan deyib ki, Ermənistan Dağlıq Qarabağda atəşkəs elan etməyi qəbul edib, ABŞ indi də Azərbaycanı buna razı salmağa çalışır. Trampın Qarabağ açıqlamasına Rusiyadan reaksiya gecikməyib. Rusiyalı senator Aleksey Puşkov vurğulayıb ki, Amerika rəhbəri öz repertuarına uyğun olaraq Qarabağ açıqlaması edib. Trampın Qarabağı asanlıqla həll edə biləcəyi haqda sözlərinə toxunan Puşkov Vaşinqtonun hələ də Əfqanıstan, Suriya, Liviya, Ukrayna və Şimali Koreya problemlərini həll edə bilmədiyini xatırladıb: “O, başqa cavab verə bilməz. Ona görə ki, ABŞ-ın bu konfliktlərdən hansısa birini həll etmək gücündə olmadığını yaxşı bilir”.

Hərbi əməliyyatlar fonunda həmsədrlərin aktivləşməsi barədə fikirlərini “Şərq”ə bəyan edən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu vurğulayıb ki, üçüncü dəfədir elan olunan “atəşkəs”in nəyə xidmət etdiyini müəyyənləşdirmək çox asandır. Deputatın sözlərinə görə, oktyabrın 10-da Rusiyanın təşəbbüsü ilə imzalanan atəşkəs anlaşmasına Ermənistan riayət etmədi və Gəncəni raket atəşinə tutdu. Ardınca Fransanın müdaxiləsi ilə növbəti atəşkəs razılaşması əldə olundu. Yenə də təcavüzkar Ermənistan anlaşmanı pozdu. Nəhayət, ABŞ öz təşəbbüsünü ortaya qoydu:

“Oktyabr ayının 10-da imzalanmış ilk “humanitar atəşkəs” anlaşmasının tələblərinə əməl olunması üçün Ermənistana təzyiqlər göstərilsəydi, əlavə zaman və insan itkisinə yol verilməzdi. Lakin birinci “atəşkəs”ə erməni tərəfinin əməl etməməsindən sonra digər iki “humanitar atəşkəs”in tətbiqi əsassız idi. Gördüyünüz kimi sonrakı “atəşkəs”lər də nəticəsiz qaldı. Əslində həmsədr Fransa və ABŞ Rusiya ilə yanaşı öz mövcudluqlarını nümayiş etdirmək istəyirlər. Noyabr ayının 3-də Amerikada prezident seçkisi keçiriləcək. Tramp Administrasiyası xarici siyasi məsələlərdə fəallıq nümayiş etdirmək istəyir ki, hansısa potensial iraddan yayına bilsin. Yəni “Rusiya Cənubi Qafqazda gedən proseslərdə təşəbbüsü öz əlinə alır, amma Vaşintqon passiv görünür” kimi tənqidlərlə üzləşməsin. İndiki məqamda Amerikanın, ələlxüsus prezident Trampın münaqişə ilə bağlı təşəbbüsünün və aktivliyinin məqsədi bundan ibarətdir”. 

Parlament üzvü vurğulayıb ki, ATƏT-in sonuncu bəyanatı formal mövqedən o tərəfə keçmədi:

“Tərəfləri yenə də “humanitar atəşkəs” rejiminə əməl etməyə, münaqişəni danışıqlarla tənzimlənmə prinsiplərinə qayıtmağa çağırırlar. Lakin indiki reallıqlar fonunda buna ehtiyac yoxdur.

Minsk qrupu fəaliyyət göstərdiyi 28 ildə son günlərdəki kimi aktivlik göstərsəydi, bəlkə də problemin həllində yol qət edilmiş olardı. Məsələ ondadır ki, həmsədrlərin son “fəallığı” da münaqişənin real, ədalətli həllinə hesablanmayıb. Sadəcə olaraq münaqişənin yenidən dondurulmasına səy göstərilir.

Azərbaycanın öz torpaqlarının əhəmiyyətli hissəsini işğaldan azad etdiyi halda, erməni terrorunun davam etdiyi təqdirdə həmsədr ölkələrin “münaqişəni həll edə bilərik” açıqlamasına, “atəşkəs” çağırışlarına inanmaq sadəlövhlük olardı. Bütövlükdə indiki prosesləri Azərbaycan Prezidenti və müzəffər Ordumuz idarə edir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu