“Dünya azərbaycanlıları bir bayraq ətrafında birləşiblər" – Qürurverici mənzərə 

“Diaspor fəallarımız  informasiya təbliğatında fəal rol oynayırlar”

“Azərbaycan əleyhinə yazılan komment və postlara faktlarla cavab verirlər”

“Onların silinməsinə nail olurlar. Soydaşlarımız ordumuza maddi və mənəvi dəstək olurlar”

Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.

Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak edib. Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndiriblər. Soydaşlarımız Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusi ilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar. Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.

Bu gün yalnız Böyük Britaniyada deyil, digər xarici ölkələrdə haqq səsimizin dünyaya bəyan edilməsi vacibdir. Sevindirici haldır ki, xaricdə yaşayan azərbaycanlılar bir yumruq kimi birləşiblər. Az qala dünyanın bütün ölkələrində işğalçı Ermənistanın törətdiyi Gəncə terroru və ölkəmizn haqq savaşı ilə bağlı aksiyalar təşkil olunur. Düşmənin əsl mahiyyəti, iç üzü dünyaya çatdırılır. 

Mövzu ilə əlaqədar “Sherg.az”a danışan diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, Ermənistan ordusunun Qarabağa hücumları ilə bağlı xarici mətbuata və beynəlxalq təşkilatlara, yerli cəmiyyətə çatdırılmasında Azərbaycan diaspor  təşkilatlarının, xüsusilə soydaşlarımızın  rolu xüsusi qeyd edilməlidir.  Ekspert vurğulayıb ki, bu gün dünyanın hər bir yerində yaşayan soydaşlarımız vətən üçün nəsə etməyə çalışır:

“Diaspor fəallarımız  informasiya təbliğatında fəal rol oynayırlar. Azərbaycan əleyhinə yazılan komment və postlara faktlarla cavab verirlər. Onların silinməsinə nail olurlar. Soydaşlarımız ordumuza maddi və mənəvi dəstək olurlar. Biz bunu sosial şəbəkələrdə aparılan təbliğatda da görürük. Vətənimiz üçün daxildə və xaricdə gözəl mənzərə yaranıb. Azərbaycan  Ordusunun uğurları hər kəsi bir bayraq ətrafında birləşdirib. Demək olar ki, siyasi mənsubiyyətindən, siyasi baxışından aslı olmayaraq hər kəs birliyə, həmrəyliyə töhfə verir.  Xarici ölkələrdə ordumuza dəstəklə bağlı baş tutan aksiyalar, mitinqlər təsdiqləyir ki, həmrəyliyimiz hansı səviyyədədir.  Yaranan mənzərə qürurvericidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu