Ermənistanın dini kəsimi də başını itirib


II Qareginin müharibə çağırışları millətinin sonunu gətirəcək

Qarabağ müharibəsində erməni əsgərlərinin ölümündə səbəbkar birinci şəxs Ermənistan baş naziri Nikol Paşinyandırsa, ikinci şəxs bütün ermənilərin katolikosu II Qaregindir.

Bütün ermənilərin katolikosu xalqa müaricət edərək bildirib ki, əli silah tutan hər kəs cəbhəyə gedib döyüşməlidir. Artıq sosial şəbəkələrdə də erməni "din" adamlarının əlində silah cəbhəyə yollandıqlarını əks etdirən görüntülər də yayılır. Əslində, bütün dinlərin əsasında sülh dayanır və adətən, din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırıb. Qeyd edək ki, erməni kilsəsinin savaşa çağırışı ilk deyil. Bu kimi çağırışlar müxtəlif vaxtlarda da olub. Hətta sovet dövründə SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi erməni kilsələrinin birində xeyli sayda silah-sursat aşkarlamışdı.

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırmasına dair açıqlaması ilə bağlı bəyanat verib. O, bəyanatda bildirib ki, təcavüzkar Ermənistan rejimi 2020-ci ilin ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı  ərazilərində, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürüb:

"30 ilə yaxın müddətdə ATƏT çərçivəsində danışıqlar prosesinin əməli nəticə verməməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi və Ermənistanın son hərbi təcavüzü xalqımızın səbrini tükədib və Azərbaycan öz suveren hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb.  Münaqişə başlanan zamandan bugünədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbiristanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın edib.

Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, islam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməyiblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin üçtərəfli Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri münaqişənin dini müstəviyə keçməsinə yol verməmək məqsədlərini daşıyıb. Təəssüflə qeyd olunmalıdır ki, erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir". 

Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən ilahiyyatçı-alim Hacı Atif İsmayılov  bildirib ki, II Qareginin son müraciəti nəinki islam, heç  xristian dini baxımından da düzgün deyil. O vurğulayıb ki, bütün dinlərdə, eləcə də xristian dinində hansısa dövlətin torpağının işğalı təcavüz hesab olunur:

"II Qareginin bu günlərdə əhaliyə müraciəti onu göstərir ki, o, insanları sülhə deyil, müharibəyə səsləyir. Adətən, dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır.

Onlar özləri də çox yaxşı başa düşürlər ki, işğalçıdırlar. II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq  münaqişəyə dini don geyindirmək mahiyyəti daşıyır. Əsas amalı daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması yaratmaqdır.

Ümumiyyətlə, din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. Hər kəs yaxşı bilir ki, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, onlar kimi heç bir ölkəyə təcavüz etməmişik.

Özümüzə aid olan torpaqları istəyirik. Prezidentimizin dediyi kimi, bizim işimiz haqq işidir. İnşallah, tezliklə zəfər çalacağıq". 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu