Əsrə bərabər 1 ay

"Qısa zamanda ordumuz kifayət qədər böyük əraziləri düşməndən azad edərək əsl qəhrəmanlıq salnaməsi yazdı"

Qarabağın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsinin 1 ayı tamam oldu. Ötən müddət təcavüzkar tərəfin hərbi potensialının faktiki sıradan çıxarılması, onlarla kənd-şəhərimizin, çox mühüm strateji yüksəkliklərimizin azad edilməsi ilə yadda qaldı. İranla dövlət sərhədimiz tam bərpa olundu. Ən əsası isə işğalçı ordu haqda yaradılmış “məğlubedilməzlik” mifi, ermənilərin on illərlə manipulyasiya etdikləri status-kvo, təmas xətti bir ayda həmişəlik dağıdıldı. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən Azərbaycan xalqı arda-arda qazanılan qələbələrlə “məğlubiyyət” sindromundan birdəfəlik xilas oldu.

Xatırladaq ki, 27 sentyabrda Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində başlayan müharibənin elə ilk günündəcə Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlarla 30 ilə yaxındır düşmən tapdağı altında qalan bir sıra yaşayış məntəqələrimizi azad etdi. Sonrakı günlərdə də bu uğurların davamı gəldi. Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının əraziləri kəndbəkənd düşmən tapdağından xilas edildi. 150-dən artıq kəndi, eləcə də strateji yüksəklikləri düşməndən azad olundu. Uğurlu hərbi əməliyyatlar nəticəsində bir ay ərzində düşmənin 252 tankı məhv edildi, 53 tank qənimət kimi götürüldü. Toplam 305 tankdan Ermənistan məhrum edildi. Bundan əlavə sayı yüzlərlə ölçülən piyadaların döyüş maşını, müxtəlif çaplı toplar, minaatanlar, tank əleyhinə vasitələr, “Qrad” qurğusu, “Uraqan” Yaylım Atəşli Raket Sistemi, “TOS”, zenit-raket kompleksləri, “OSA”, “KRUQ”, “S-125” qurğusu, həmçinin 6 ədəd “S-300” atıcı qurğusu məhv edildi, yaxud qənimət kimi götürüldü. Uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan bir çox ölkələrin rəhbərlərinə zəng edərək, Azərbaycan Ordusunun dayandırılması üçün yalvardı. İctimaiyyət nümayəndələri hesab edirlər ki, ötən bir ay ərzində Azərbaycan hərb meydanında böyük uğurlar qazandı, döyüş meydanında möhtəşəm uğurlar əldə etdi.

Ərazilərimizin mühüm bir hissəsi işğaldan azad olundu, həm hərbi-texniki, həm də canlı qüvvə baxımından düşmənə elə böyük zərbə vuruldu ki, bundan sonra ermənilərin özünə gəlməyi illər çəkəcək. Əlavə olaraq müharibəyə çəkdiyimiz xərclərin bir hissəsi əldə olunmuş hərbi qənimətlər hesabına kompensasiya olundu. Bir aylıq hərbi əməliyyatlar dünyada Azərbaycan xalqı haqqında olan təsəvvürləri də darmadağın etdi. Bəzilərində bizim haqqımızda “məğlub”, “zəif”, “döyüş əzmi olmayan” xalq təsəvvürü vardı. Azərbaycan ordusu öz döyüş ruhu, peşəkarlığı ilə bu təsəvvürləri alt-üst etdi.

Eyni zamanda savaş meydanında ilk dəfə olaraq müasir texnoloji döyüş üsullarından istifadə etməklə tarix yazdı. Artıq bütün dünyada etiraf edirlər ki, Azərbaycanın bu müharibədə istifadə etdiyi taktika, hərbi-texniki vasitələr, texnologiyalar dünya hərb tarixində xüsusi öyrəniləcək, bu sahədə tamam yeni mərhələnin başlanğıcı kimi tarixə düşəcək. Bu əməliyyatlar dünyanın hərb meydanında, silah bazarında böyük dəyişikliklərə gətirəcək. 

Hərbi müstəvidə məğlubiyyətini həzm edə bilməyən Ermənistan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən şəhər və rayonlarını davamlı olaraq raket atəşinə tutub. İrəvan mülki şəxsləri və obyektləri hədəfə almaqla Azərbaycanda panika və qorxu yaratmağa çalışsa da, bu, mümkün olmayıb. Əksinə, eskalasiya başlayandan Azərbaycanda milli birlik müşahidə olunur. Hər kəs Qarabağ uğrunda birləşib. Bütün siyasi partiyalar Azərbaycan Ordusuna dəstək nümayiş etdirib. Minlərlə vətəndaş könüllü olaraq döyüşlərdə iştirak etmək üçün səfərbərlik xidmətinə müraciət edib. Orduya yardım kampaniyasına start verilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarının da milli birlik notları üzərində qurulması Ordu-Xalq birliyini gücləndirib. Milli birlik Azərbaycan Ordusunun əzmini daha da artırıb. 

Qarabağda status-kvonun dəyişməsi münaqişənin nizamlanması ilə bağlı baza prinsiplərində nəzərdə tutulan 5+2 formulunu da əhəmiyyətsiz edib. Artıq 5 rayondan 4-ü - Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan işğaldan azad edilib. Azərbaycan Ordusunun artıq Laçın və Kəlbəcərin hüdudlarına daxil olduğu, bir neçə yaşayış məntəqəsini azad etdiyi barədə məlumatlar var. Qarabağda eskalasiya başlayan gündən Türkiyə və Pakistan Azərbaycana birmənalı dəstək verib. Türkiyə Prezidenti “canımızla, qanımızla Azərbaycanın yanındayıq” deyə bəyan edib. Ankara həmçinin bildirib ki, münaqişəyə üçüncü ölkə müdaxilə edərsə, o zaman Türkiyə də Azərbaycan tərəfdən müharibəyə qoşulacaq. Azərbaycana dəstək verən ölkələrdən biri də İsraildir. Azərbaycan Ordusu həm Türkiyə, həm də İsraildən satın aldığı “Bayraktar” və “Harop” Pilotsuz Uçuş Aparatları (PUA) ilə Ermənistan silahlı qüvvələrinə sözün əsl mənasında kabus yaşadıb və yaşatmaqda davam edir. Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatı da diplomatik müstəvidə Bakıya dəstəyini əsirgəməyib. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənədin qəbuluna məhz Qoşulmama Hərəkatının üzv dövlətləri mane olub. Həmin sənəd qəbul olunacağı təqdirdə, BMT-nin Qarabağla bağlı qətnamələrinin qüvvədən düşməsinə səbəb olacaqdı. Həmin qətnamələrdə isə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır və erməni hərbçilərinin işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməsi tələb olunur. Azərbaycan faktiki olaraq hazırda qətnamələrin icrasını həyata keçirir. 

Bir ay davam edən müharibə 3 dəfə humanitar atəşkəslə yadda qaldı. Rusiyanın və Fransanın təşəbbüsləri ilə baş tutan “humanitar atəşkəs” razılaşmaları Ermənistan tərəfdən kobud şəkildə pozuldu. Üçüncü humanitar atəşkəs isə ABŞ-ın təşəbbüsü ilə reallaşdı. Lakin Ermənistan yenə də razılaşmanı pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam etdi. Beləliklə, müharibənin bir ayı Azərbaycanın istər hərbi, istərsə də diplomatik müstəvidə üstünlüyü ilə keçdi. Baxmayaraq ki, Bakıya ciddi təzyiqlər var, dövlət başçısı “erməni hərbçiləri Qarabağdan rədd olsun” şərtinin hələ də qüvvədə olduğunu bəyan edir.  

Qarabağda davam edən müharibənin bir ayını “Şərq”ə təhlil edən millət vəkili Anar Məmmədov deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əzmi ilə Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazılmaqdadır. Deputatın sözlərinə görə, sülh yolu ilə getmək istəməyən erməni terrorçuları indi məhv olaraq tarixi Azərbaycan torpaqlarından təmizlənir:

“27 ildir ki, düşmən tapdağında qalan ərazilərimiz bir-birinin ardınca azad edilir. 1 ay ərzində 165 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəklik əldə edilib, düşmənin 2 milyarddan çox hərbi texnikası məhv olub və hərbi qənimət kimi götürülüb. İşğaldan azad edilən kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsidir.

Biz Azərbaycan Ordusunun yüksək peşəkarlığına və Vətənə bağlılığına güvənir, ona arxalanırıq. Otuz ildən çoxdur ki, mənfur düşmən torpaqlarımızın iyirmi faizini işğal altında saxlayırdı. Bu illər ərzində dövlətimiz münaqişənin dinc yolla həlli üçün əlindən gələni etsə də, işğalçı Ermənistan hər dəfə təxribata əl atdı. Prezident İlham Əliyev beynəlxalq səviyyəli konfrans və tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırır, Azərbaycanın haqlı mövqeyini bəyan edirdi.  Ölkəmizin öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etmək hüququnu dönə-dönə xatırladırdı. Bu gün isə dünya artıq Ermənistanın işğalçı siyasətinə, Azərbaycanın isə tarixi ədalətin bərpası üçün mübarizə apardığına şahidlik edir. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycandır! Bu, faktdır və xalqımız bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır. Bir aydır ki, ordumuz birliyi öz sözünü deyir”. 
Parlament üzvü qeyd edib ki, bugünkü Vətən müharibəsində əsas gücümüz birliyimizdir: “Mənfur düşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, xalqın vətənə olan sevgisi dayanır. Hərbi uğurlarımız Ali Baş Komandan tərəfindən məqsədyönlü siyasətin həyata keçirilməsinin nəticəsidir. Ordu quruculuğu ümummilli lider tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş, nizami ordunun qurulmasınadək aparılmışdısa, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbrlə, təmkinlə həyata keçirildi. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoyur, dünyada və regionda yeni dönüş nöqtəsi yaradır. Sanki Azərbaycan yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlayır”. 

A.Məmmədov qeyd edib ki, hazırda təmsil etdiyi Goranboy rayonu, Naftalan şəhərinin hər bir sakini ordu üçün, qələbə üçün nəsə etməyə çalışır:

“Baxmayaraq ki, ordumuzun ərzaq, o cümlədən, dərman təminatında hər hansı problem yoxdur, amma sakinlər rayonun müvafiq icra strukturlarına müəyyən sovqat göndərmək istəklərini bildirir. Düşmən qarşısında yüksək vətənpərvərlik nümayiş etdirirlər. 
Beləliklə, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və şanlı Ordumuz BMT-nin 27 il əvvəl qəbul etdiyi qətnamələri bu gün özü yerinə yetirir”. 

Hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də “Şərq”ə bildirib ki, bir ay müddətində Azərbaycan Ordusunun gücünü dost da, düşmən də gördü. Onun sözlərinə görə, qısa zamanda ordumuz kifayət qədər böyük əraziləri düşməndən azad edərək əsl qəhrəmanlıq salnaməsi yazdı: “Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Horadiz qəsəbəsi, Xocavənd rayonunun xeyli, Kəlbəcərin və keçmiş Ağdərə rayonunun bir hissəsini düşməndən təmizlədik. Döyüşlər indi də davam edir. Mühüm cəhət ondan ibarətdir ki, ordumuz ağır şəraitdə mübarizə aparır. İki şərait müharibə üçün çətinlik yaradır, birincisi dağlıq ərazilər, ikincisi isə şəhər döyüşləridir. Azərbaycan Ordusu hər iki şəraitdə, xüsusən mürəkkəb dağlıq bölgələrdə möhtəşəm hərbi əməliyyatlar həyata keçirdi, düşmənin bütün istehkamları, illərlə qurduqları müdafiə sistemləri, səngərlər darmadağın edildi. Paralel olaraq güclü xalq-ordu birliyi yarandı, həmrəyliyimizi yenidən nümayiş etdirdik. Diplomatiyamız böyük uğurlar əldə etdi. Bir ayda düşmənə ciddi ziyan vurduq, xeyli canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxartdıq. 300-dən artıq tank və artilleriya qurğuları, 20-yə qədər komanda-qərargah məntəqələri, 5000-dən artıq canlı qüvvəsi məhv edildi, qənimət kimi götürüldü. Şübhə yox ki, bu rəqəmlərin sayı getdikcə daha da artacaq. Ümumilikdə Ermənistan iqtisadiyyatına 2 milyard dollardan artıq ziyan vuruldu. Düşmən həm texnikasını, həm canlı qüvvəsini, həm də illərdir işğalda saxladığı ərazilərimizi itirdi. Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi, qələbə əzmi yarandıqca, Ermənistanda əksinə məyusluq hökm sürür. Əgər torpaqlarımızı öz xoşu ilə azad etməsə, düşmənin məğlubiyyəti daha da dərinləşəcək. Növbəti ayda bütün torpaqlarımızı işğaldan tam azad edəcəyik”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu