Qarabağda ermənilər ekoloji cinayətlər törədib

Elçin Bayramlı: "Biz hər cür təhlükəni nəzərə almalıyıq"


"Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub". 

Bu fikirlər Ekologiya və Təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevə məxsusdur. Nazir müavini qeyd edib ki, erməni işğalçılarının bölgənin ekoloji təhlükəsizliyinə təhdid yaradan qanunsuz fəaliyyətləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji müxtəliflik haqqında, Səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır.
Ermənistan su ehtiyatları, torpaqlardan istifadə məsələsində uzun illər terrorçu fəaliyyətini davam etdirib və bu fəaliyyət torpaqların deqradasiyasına səbəb olub.  

Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat işlərinin aparılmasının təmin edilməsi tələb olunub. Lakin müxtəlif konvensiyaların tələblərinə və sözügedən qətnaməyə Ermənistan hakimiyyəti təəssüf ki, hələ də məhəl qoymur. 

Ermənistan hakimiyyətinin zəbt etdiyi Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlər barədə “Şərq”ə danışan “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı qeyd olunan ekoloji problemlərlə yanaşı daha bir ciddi məsələyə diqqət yetirilməsini vacib sayır: 

- Qeyd olunan ekoloji cinayətlərin hamısı erməni işğalçıları tərəfindən törədilib. Amma mən daha təhlükəli bir məsələyə diqqət yetirilməsini istəyirəm. Belə məlumatlar var ki, Ermənistan Metsamor AES-nin radioaktiv tullantılarını işğal edilmiş ərazilərdə basdırıb. Bu barədə Ukrayna mətbuatı da yazmışdı. Məlumdur ki, hazırkı Ukrayna hökuməti ABŞ-a reaktiv tullantılarını qəzaya uğramış Çernobıl AES ərazisində konservasiyası üçün razılıq vermək istəyir. Ukrayna xalqı isə buna qarşı çıxır. Ukrayna hökuməti belə əsas gətirir ki, Çernobıl ərazisi onsuz da radioaktiv zonadır, hələ bundan sonra bir neçə onilliklər boyunca o ərazi istifadəyə yararsız olacaq.

Lakin xalq buna qarşıdır və torpaqların bundan sonra da ağır radioaktiv zəhərlənməyə məruz qalmasını istəmir. Bu barədə Ukrayna mediasında məqalələr yer alanda Azərbaycanın da adı çəkilmişdi və bildirilirdi ki, “Ermənistan da radioaktiv tullantılarını işğal etdiyi ərazilərdə basdırır”. Bilirsiz ki, bəzi dövlətlər nüvə silahları, eləcə də radioaktiv tullantıları başqa ölkələrin - əsasən yoxsul, inkişaf etməmiş dövlətlərin ərazilərində basdırmağa cəhd edirlər. Radioaktiv tullantılar məlumdur ki, hədsiz təhlükəlidir, onların konservasiyası üçün yerə xüsusi konteynerlər basdırılır və tullantılar da həmin konteynerlərə toplanır.

Lakin bu konteynerlərin də istifadə müddəti var. Müəyyən zaman keçdikdən sonra konteynerlərdə çürümə prosesi başlayır, belə olan halda radioaktiv tullantıların torpağa, yeraltı sulara qarışmaq təhlükəsi yaranır. Dövlətlər bu işi öz ərazilərində gerçəkləşdirmək istəmir və müəyyən məbləğ qarşılığında bunu yoxsul dövlətlərə təklif edirlər. Ermənistan hakimiyyətinin necə iyrənc, cani, terrorçu, əclaf olduğu sirr deyil. Gecə saatlarında insanları mənzillərində raket atəşinə məruz qoyan, qoca-cavan, uşaq-qadın fərq qoymadan mülki əhaliyə qarşı qətliam törətmiş Ermənistan siyasi hakimiyyətinin "Metsamor"un radioaktiv tullantılarını işğal edilmiş Azərbaycan ərazilərində basdıracağı ehtimalı böyükdür və məncə, şübhə doğurmamalıdı.

Həm də məhz Dağlıq Qarabağ ətrafındakı rayonlarda. Ermənistan ərazisindən xüsusi yüklü avtomobillərin məhz Azərbaycanın işğal altındakı rayonlar istiqamətində hərəkət etməsinə dair məlumatlar olub. Böyük ehtimalla o yük avtomobilləri radioaktiv tullantıları Dağlıq Qarabağ ətrafındakı ərazilərə daşıyırmış. Ermənilər yaxşı bilirdi ki, Azərbaycan işğal altındakı torpaqlarını azad edəcək, Dağlıq Qarabağı düşünmürdülər, amma artıq görürlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməyi qarşısına məqsəd qoyub və məqsədə çatmaq üzrədir.

Ermənilər daha çox Dağlıq Qarabağ ətrafındakı rayonlarda ekoloji cinayətlər törədib. Bu mənada hesab edirəm ki, "Metsamor" AES-in radioaktiv tullantılarını da ətraf rayonların ərazilərində konservasiya edib – basdırıblar. Milli Elmlər Akademiyası, Radiasiya Problemləri İnstitutu bu işlə ciddi şəkildə məşğul olmalıdır. Bu məsələ hazırda torpaqlarımızı erməni tapdağından azad edən ordumuz, əsgərlərimiz üçün təhlükəli ola bilər. Düşünürəm ki, Azərbaycan dövləti bu məsələni diqqətdən kənarda qoymayıb. Və bütün təhlükələrin neytrallaşdırılması üçün lazımi tədbirlər görülür. 

E.Bayramlı qeyd etdi ki, Azərbaycan işğal faktına son qoyduqdan və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Qarabağda mütəxəssislər çalışmalıdır: 

- Xarici ölkələrdən mütəxəssislər də dəvət edilməlidir. İşğaldan azad olunan torpaqlara əhali qayıdacaq, yaşamağa başlayacaqlar. Biz hər cür təhlükəni nəzərə almalıyıq. Azad edilmiş torpaqlarda ciddi iş aparılmalıdır. Böyük dövlət proqramına ehtiyac olacaq. Yəqin ki, hökumət belə bir proqram üzərində işləyir, bəlkə də proqram artıq hazırdır. Ermənilər təbii ehtiyatları talayıb, meşələri qırıb, su ehtiyatlarını çirkləndirib, narkotik bitki plantasiyaları salıblar. Amma bunlar hamısı zaman keçdikcə həllini tapacaq məsələlərdir. Radioaktiv tullantılar isə daha ciddi məsələdir.  

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu