“Report” 7 gün, 24 saat çalışır"

Murad Əliyev: "Əsas amalımız odur ki, işğaldan azad olunan bölgələrimizdə də bürolarımız olsun"

“Report” informasiya agentliyinin 6 yaşı tamam oldu. 2014-cü ildə təsis olunan agentlik mediada özünəməxsusluğu ilə seçilir. 

“Sherg.az” media qurumunun baş redaktoru Murad Əliyevlə müsahibəni təqdim edir:

- “Report”un ötən altı ilini necə qiymətləndirirsiniz? Hər halda bu müddətdə müəyyən çətinlikləriniz olmamış deyil...

- Keçdiyimiz 6 illik yolu əslində uğurlu dəyərləndirirəm. Çünki biz fəaliyyətə başlayandan sonra ölkədə bir çox hadisələr baş verdi. Hansı ki, həmin hadisələri geniş işıqlandırmaq lazım idi. Azərbaycanda Avropa və İslam oyunları oldu, Bakıda böyük idman yarışları keçirilirdi. Bütün bunlar “Report”da ətraflı şəkildə işıqlandırılırdı. “Report”un 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərməsi dünyaya məlumat ötürmək baxımından çox önəmli rol oynayır. Təbii ki, 6 illik fəaliyyətimizdə müəyyən çətinliklər oldu. Çünki Azərbaycan mətbuatında kadr potensialı o qədər də güclü deyil. Amma bu çətinlikləri həll etdik, zaman-zaman kadr yetişdirməyə başladıq. Sonra isə media məktəbi təsis etdik. Artıq bu gün 6-7 nəfər şəxs “Report”un məzunlarıdır. Ümumilikdə "Report" qarşıya qoyduğu məqsədə nail olub, ilk növbədə etibarlı xəbər mənbəyinə çevrilib. İstər yerli, istər xarici mətbuatda Azərbaycanla bağlı informasiya əldə etmək istəyəndə baxılan ilk saytlardan biri məhz “Report”dur. Bu illər ərzində “Report”da həqiqəti əks etdirməyən yazı olmayıb.

- Qısa müddət ərzində ölkənin əsas informasiya agentliklərindən birinə çevrildiniz. Bunun özəl formulu nədir?

- Əsas formul odur ki, biz jurnalistikanın prinsiplərini əsas götürərək, gecə-gündüz çalışmışıq. Yəni, ilk gündən “Report” 7 gün, 24 saat fəaliyyət göstərir. Formalaşmış kollektivin əsl jurnalistlərdən ibarət olması və peşəkarlıqları bizə qoşulan yeni jurnalistlərin də peşəkar yetişməsinə şərait yaratdı. Agentlik fəaliyyətə başlayan gündən qarşısına məqsəd qoyub ki, yalnız eksklüziv xəbərlər paylaşacaq və özəl materiallar verəcək. Məlumdur ki, bu gün həm bizdə, həm dünya mətbuatında bir tendensiya var: Bu da “copy-past” jurnalistikasıdır. Kimsə sayt açır, 3 nəfər admin həmin sayta nəzarət edir və ordan-burdan xəbər götürərək başlığı dəyişib yerləşdirirlər. Bu da ümumi mətbuatın inkişafına imkan vermir. Hər bir jurnalist özü müstəqil olaraq hansısa məhsulu istehsal etməlidir. Əsas informasiya agentliklərindən birinə çevrilməyimizin səbəbi dayanmadan çalışmaq və öz yolumuzdan kənara çıxmamaqdır.

- “Report” informasiya agentliyi neçə nəfərlə fəaliyyətə başlamışdı və hazırda neçə əməkdaşınız var?

- Fəaliyyətə başlayan zaman az əməkdaşımız var idi. Təxminən 10-15 nəfər idik. Məqsəd qoymuşduq ki, hər sahə üçün kadrlar yetişdirək. Bu gün isə “Report”da 100-ə yaxın əməkdaş çalışır. Bizdə iş tam olaraq bölünür. Hərə öz sahəsi üzrə işləyir. Lakin bu gün istər siyasət, istər iqtisadiyyat, istərsə də incəsənətdən yazan bütün işçilərimiz yumruq kimi birləşib. Hamı cəbhədən yazır, hər birimiz Azərbaycanın haqlı mübarizəsinin ön cəbhəsindən və pərdəarxasından yazırıq. Hesab edirəm ki, vətən müharibəsinin işıqlandırılmasında “Report”un böyük töhfəsi olub.

- Belə bir məqamda “Report”da komanda ruhu necədir?

- Komandamızda ruh yüksəkliyi çox böyükdür. Hər birimiz qələbə xəbərini canfəşanlıqla qarşılayırıq. Digər tərəfdən əməkdaşlarımızın yaxınları da döyüşlərdə iştirak edir. Hazırda cəbhə xəttində çalışan jurnalistlərimiz də var. Təbii ki, hər birimiz onlara görə çox narahatıq. Hər dəqiqə əlaqə saxlayıb harada və necə olduqlarını xəbər alırıq. Amma bu narahatlıqla bərabər şərəfli missiyanı yerinə yetirdiyimizin fərqindəyik. Bu gün əsas məsələlərdən biri xarici auditoriyanı dolğun məlumatla təmin etməkdir. Gərək tam əhatəli çalışaq və Qarabağla bağlı həqiqətləri xarici dillərdə yayaq. Məsələn, ingilis və rus dilində olan bölmələrimiz bu sahədə geniş işlər görür. Hətta onlarla rus saytı Qarabağdakı hadisələrlə bağlı “Report”a istinad verib. “Report”un ölkə xaricində də büroları mövcuddur. Rusiya, Türkiyə, Gürcüstan, Fransa və Amerikada bürolarımız var. Müharibə dövründə onlar da çox fəal işlədilər. Əsasən də Fransa, Türkiyə və Amerikada olan bürolarımız ciddi fəaliyyət göstərir. Məlumdur ki, bu ölkələrdə erməni lobbisi çox fəal işləyir deyə bəzi məlumatları öz tərəflərinə ötürürlər. Amma oradakı müxbirlərimiz hər gün bir deputat və ictimai xadimlərlə müsahibə edib Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır. Bu da müharibə zamanı mətbuatın əsas funksiyalarından biridir.

 - Növbəti illər üçün “Report”un əsas planları  nədir?

- Hər kəs gündəmlə bağlı əsas xəbərlərə baxmaq istəyir. Ona görə də müharibə başlayan gündən bəzi televiziyalar kimi gündə 4-5 dəfə efirə çıxıb xəbər yayımlayırıq. Lakin bu gün qarşımızda cəmi bir planımız və arzumuz var: İşğaldan azad olan bölgələrimizdə bürolarımız olsun. Şuşada, Zəngilanda, Cəbrayılda, Qubadlıda və digər bölgələrdəki müxbirlərimiz orada olan bərpa işlərini çatdırsınlar. İndi hər birimizin amalı budur.

P.S. “Şərq” kollektivi olaraq “Report” komandasını 6 yaşı münasibəti ilə təbrik edir, yaradıcılıqlarında uğurlar arzulayırıq.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu