Həmsədrlər, artıq gecdir ! - “İndi oyun qaydalarını Azərbaycan müəyyənləşdirir” - Haqq işi !

“Hazırda siyasi cəhətdən ən çox Ermənistanı dəstəkləyən ölkə Fransadır”

“İşğalçını bütün hallarda müdafiə edən ölkə isə Rəsmi Moskvadır”

“Onlar həm ATƏT-in həmsədrləridir, həm də haqsız olan Ermənistanın yanında olub onu silahla təmin edirlər”

“Çalışırlar ki, status-kvo dəyişilməsin. Amma Azərbaycan status-kvonu çoxdan dəyişdib”

Düşmənin aramsız təxribatları nəticəsində sentyabrın 27-dən etibarən başlanan şiddətli müharibə hələ də davam edir. Demək olar ki, Azərbaycanın rəşadətli ordusu hər gün yeni ərazilərimizi işğaldan azad edir. Ermənistan ordusu pərən-pərən düşdüyü üçün müzəffər ordumuzla qarşılaşmaqdan çəkinirlər. Buna görə də Azərbaycanın mülki əhalisini, yaşayış yerlərini, mülki obyektlərini atəşə tuturlar. Bu da özlüyündə Ermənistanın işğalçılıq və terrorçu mahiyyətini ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmaq əvəzinə Azərbaycan və Ermənistanı atəşkəsə çağırırlar. Əlbəttə, bu işğala məruz qalanla, işğalçını tərəzinin eyni gözünə qoymaqdır.


Təbii ki, onlar müharibənin dayanmasını istəyirlərsə, işğalçıya təzyiq göstərib, onlardan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməlidirlər. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə bu məsələyə diqqət çəkib.
Prezident qeyd edib ki, Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir:

"Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir".

Maraqlıdır, niyə bəzi ölkələr həm atəşkəs istəyir, həm də düşməni silahla təmin edirlər?  İşğalçını dəstəkləməkdə məqsədləri nədir?

Suallarımızı cavablandıran siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Sherg.az"a bildirib ki, bütün bəlaların başında Rusiya durur:

"Hazırda dünya ölkələrinin, xüsusən həmsədr ölkələrin tutduğu mövqe siyasi cəhətdən öz maraqlarına uyğun olsa da, Azərbaycan və onu dəstəkləyən ölkələrin marağına uyğun gəlmir. Bu günə qədər də beynəlxaq sülhün təmin olunmasında beynəlxalq təşkilatların hansısa müsbət bir rolunu kimsə görməyib. Həmişə bu və ya digər tərəfi dəstəkləməklə məşğul olublar.

ATƏT-in həmsədr ölkələri 30 il müddətində ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı irəli sürdüyü haqq işini dəstəkləməyibsə, Azərbaycan həmsədr ölkələrə niyə inanmalıdır?

Cənab Prezident də çıxışında bildirdi ki, 28 il ərzində həmsədr ölkələrin bölgədə hər hansı bir müsbət failiyyəti olmayıb. Ancaq gəlib-gediblər, siyasi turist statusunda olublar. Bir tərəfdən Ermənistana xristian həmrəyliyi göstərir, digər tərəfdən də özlərinin yarıtmaz fəaliyyətlərini ört-basdır etməyə çalışırlar. Həmsədr ölkələrdən - ABŞ, çox uzaqda olduğu üçün onun siyasi dəstəyi o qədər də hiss olunmur”

C.Nuriyev diqqətə çatdırıb ki, hazırda siyasi cəhətdən ən çox Ermənistanı dəstəkləyən ölkə Fransadır:

“Fransada yaşayan ermənilərin maddi dəstəyi ortadadır. Ermənistanı bütün hallarda müdafiə edən isə Rəsmi Moskvadır. Rusiyanın müəyyən qrupları var ki, imkanları olsa, Rusiyanı Azərbaycana qarşı həmişə olduğu kimi müharibəyə cəlb edərdilər. Bu günə qədər Qarabağ məsələsinin həll olunmamasının bir nömrəli günahkarı Rusiyadır.

Dağlıq Qarabağ münaqişəsinin əsas iştiraşçısı və bu bəlaların başında duran Kremldir. Moskva bu gün də sakitcə öz işini görür və həmin siyasəti yenə davam etdirir. Ona görə də Prezident İlham Əliyev onu nəzərdə tutaraq deyirki, bu dövlətləri anlamaq olmur. Həm ATƏT-in həmsədrləridir, həm də haqsız olan Ermənistanın yanında olub onu silahla təmin edirlər.

Çalışırlar ki, status-kvo dəyişilməsin. Amma Azərbaycan status-kvonu çoxdan dəyişdib. Burda şərtləri, bütün siyasi oyunun qaydalarını Azərbaycan müəyyənləşdirir. Ona görə də həmin dövlətlər etdiyi yardımlarla düşmənin yanında olsalar belə, Azərbaycanı da dəstəkləyən kifayət qədər qüvvələr var.

Hər şeydən öncə bu, Azərbaycanın haqq işidir. Ali Baş Komandanın arxasında Azərbaycan xalqı dayanır və türk dünyasının əksər hissəsi Azərbaycanın yanındadır.

Ona görə də onların bu cür yanaşmaları, ikiiüzlü fəaliyyəti bizi o qədər də narahat etmir. Artıq gecdir, Azərbaycan həmin torpaqları geri alıb və digər əraziləri də almaq da davam edir. İnanıram ki, Azərbaycan ərazi bütövlüynü bərpa edəcək”.

Pərvin Piriyev 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu