İstədiyiniz olur ! - “Evdən gəlinliklə çıxan qız, kəfənlə qayıdır” - Düşüncə dəyişməlidir ! 

“Çünki cəmiyyətimizdə belə bir fikir var: qadın həyat yoldaşının mülkiyyətidir”

“Əgər ondan ayrılsa,  ölməlidir. Bu yanaşmanı dəyişmədikcə heç nə dəyişməyəcək”

“Əksər insan anlamır ki, qadın boşanandan sonra artıq kişidən asılı olmalı deyil”


Paytaxtın Xəzər rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. Hadisə Binə qəsəbəsində baş verib. Afiq Əhmədov həyat yoldaşı 1975-ci il təvəllüdlü Əhmədova Elnurə Zakir qızına və övladı 2003-cü il təvəllüdlü Əhmədova Günelə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Məlum olub ki, cinayətkar bir neçə il bundan öncə E.Əhmədovadan boşanıb. Ailədaxili şiddət, qadınlara qarşı zorakılıq halları uzun zamandır aktual mövzularından biridir. Dünyada 60 faizə qədər qadın zorakılığa məruz qalır, həyat yoldaşları tərəfindən döyülür.

Ölkəmizdə də belə hallara tez-tez rast gəlinir. Hər gün qarşımıza çıxan xəbərlərdə ən azı bir  dəfə qadınların döyüldüyü, hansısa səbəbdən əri tərəfindən qətlə yetirildiyi haqda məlumatlar eşidirik. Ailədaxili şiddət cəmiyyətimizdə təəssüflər olsun ki, adi hala çevrilib. Məsələyə müdaxilə olunmadıqda isə ölüm halları qaçılmaz olur. Bəs zorakılığa məruz qalmış qadın nə edir? Qadınların əksəriyyəti susur. Bu amansız davranışla razılaşır.  Şübhəsiz ki, belə məqamlarda cəmiyyət  əsas rol oynayır. Çünki qadın ərinə qarşı çıxsa, özünü müdafiə etsə, günahkar hesab olunacaq, cəmiyyət tərəfindən qınanılacaq. Çox az hallarda başına gələnlərə - təhqirə, şiddətə dözməyən qadınlar çıxış yolunu boşanmaqda görür. Lakin bununla da canını qurtara bilmirlər. Boşanmaq belə qadınları ölümdən xilas edə bilmir.


Məlum vəziyyətlə bağlı “Sherg.az”a danışan tanınmış hüquqşünas, “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinə icraçı direktoru Günel Səfərova qeyd edib ki, qadınlara qarşı ailədaxili şiddət və zorakılıq hadisələri cəmiyyətimizdə adi hal alıb:

“Əlbəttə, bu, təəssüf doğurur. Hazırda ən mühüm məsələ Qarabağdır. Bütün fikirlərimizi  bura yönəltmişik. Lakin hələ də öz aktuallığını itirməyən mövzulardan biri də qadınlara qarşı zorakılıq hallarıdır.  Həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın boşansa da, ondan qurtula bilmir. Əslində boşanma prosesi çox asan olmalıdır. Bizdə isə əksinə evlənmək asandır, boşanmaq çətin. Çünki qız evdən gəlinliklə çıxıbsa, deməli, kəfənlə evə qayıtmalıdır. Belə də olur, yəni istədikləri baş tutur. Problemlərin təməlində ailə dayanır. Valideynlər qızlarını evləndirən zaman həmin adamın necə biri olduğunu araşdırmırlar.

Qadına və uşağa qarşı şiddət tətbiq edən şəxsin psixoloji cəhətdən çox böyük problemləri olur. Öz yaxınına, doğmasına ziyan vuran insan cəmiyyət üçün də təhlükə hesab olunur. Qadın sığınacağa yerləşdirilsə belə bu hallar davam edir. Həyat yoldaşı onu izləyərək yenə şiddət tətbiq edir, təhqirlərə məruz qoyur.

Bir müddət əvvəl belə bir hadisə baş vermişdi. Qadın həyat yoldaşından boşansa da, bir evdə yaşayırdılar. Kişi evin payına düşən hissəsində qalırdı. Sonra isə qadının başını kəsmişdi”

G.Səfərovanın sözlərinə görə, belə işgəncə və cinayətlərin bir səbəbi də ictimai qınağın olmamasıdır:

“Həyat yoldaşı əgər qadını döyürsə, qıraqdan heç kim müdaxilə etmir, onu qınamır. Əksinə, günahı qadında görürlər. Çox təəssüflər olsun ki, bizdə ictimai nəzarət mexanizmi çox zəifdir.

Bu məsələlər qanunla tənzimlənsə də, tamamilə  nəzarət etmək mümkün olmur. Dünya təcrübəsində də sona qədər izləmə metodu yoxdur. Hətta ayaqlara xüsusi izləmə cihazı-qolbağ taxılsa belə, işə yaramır.

Qanun və qoruma mexanizmi bir yerə qədərdir. Ondan sonra kişi yenə öz istədiyini edir. Çünki cəmiyyətimizdə belə bir fikir var: qadın həyat yoldaşının mülkiyyətidir. Əgər ondan ayrılsa,  ölməlidir. Bu yanaşmanı dəyişmədikcə heç nə dəyişməyəcək. Əksər insan anlamır ki, qadın boşanandan sonra artıq kişidən asılı olmalı deyil.

Çıxış yolu isə cəmiyyətdəki iradəni möhkəmləndirilmək lazımdır. Ailə Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsi bu məsələni ciddi qaldırmalıdır. Türkiyədə qadına şiddət halları daha çox olduğu üçün bunun üstünə çox düşürlər.

Buna baxmayaraq yenə gün ərzində azı 3-4 qadın öldürülür. Azərbaycanda əhalinin sayının az olduğunu nəzərə alsaq, ciddi yanaşaraq problemin öhdəsindən gəlmək olar. Sosial işçilərin risk qrupuna daxil olan ailələrin evinə gedib real şəraiti qiymətləndirməsi ilə əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilə bilər”.

AYTAC ALİ

Paylaş

Bizi Facebookda izləyin
menu
menu