Tanınmış alimlər Dillər Universitetinə yazırlar: “Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır”

Azərbaycan Dillər Universitetində (ADU) erməni təxribatları və mülki şəxslərə qarşı həyata keçirilən terror əməlləri haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən Qərargah yaradılıb. Universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərir.

  Artıq həmin məktublara cavablar gəlir. Məktub müəllifləri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər.

   Məktublardan birini Virciniya Universitetinin  dosenti Robert Biançi yazıb. O, bildirib ki, 2018-ci ildə ADU-da keçirilən Tətbiqi dilçiliyin müasir problemləri adlı Beynəlxalq konfransda iştirak edib: “Həmin səfər zamanı ölkəniz və Azərbaycan xalqı haqqında xoş təəssüratla ayrılmışam. Sizin torpaqlarınız uğrunda apardığınız mübarizəni dəstəkləyirəm. Dualarım sizinlədir”.

   Qazaxıstanın İdarəetmə, İqtisadiyyat və Strateji Araşdırmalar İnstitutunun dosenti Nadirbek Abdulaxatov isə yazır: “Əziz qardaşlarım, həqiqət sizin tərəfinizdədir. Allah şahiddir. Biz Allahdan əsgərlərinizə güc-qüvvət arzulayırıq. Qarabağ Azərbaycandır”.

  Yaponiyanın Çiba Kommersiya Universitetinin müəllimi Hiroe Komiya göndərilən məktuba cavabında bildirib ki, Azərbaycanda baş verən hadisələr haqqında çox narahatdır: “Azərbaycan haqqında məlumatları izləyirəm. Uzun sürən konfliktin tezliklə Azərbaycan üçün uğurla nəticələnməsini arzu edirəm”.

  Amerikanın Salisburi Şəhər Universitetinin məzunu, politoloq-konfliktoloq Cosh Hill isə öz cavab məktubunda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, konfliktdən xəbərdar olduğunu və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirib. Cosh Hill eyni zamanda bəzi Amerika siyasi dairələrinin, konqresmenlərin ədalətsiz mövqeyindən təəssüfləndiyini yazır, onlara həqiqəti çatdırmaq üçün məktublar yazmağa hazırlaşdığını  bildirib.

   İspaniya Kadis Universitetinin professoru Xavier Ortola yazır: “Əmin olun ki, göndərdiyiniz bu məlumatları bütün həmkarlarımın nəzərinə çatdıracağam ki, onlar da sizin dediyiniz kimi, ermənilərin  Azərbaycan əhalisinə qarşı törətdikləri  bu vəhşilikləri  görsünlər. Sizlərə  yaxşı nə varsa, onu diləyirəm və bir həll yolunun olmasını Allahdan istəyirəm”.

   Digər bir alim - kanadalı professor, bioloq Mitchel Flaminq erməni təcavüzündən və sivil əhalinin bombalanmasından hiddətini ifadə edir, Azərbaycan xalqının yanında olduğunu, dünya birliyinin aqressoru susdurmaq üçün az iş görməsindən təəssüfləndiyini bildirir.  

    Daha bir cavab məktubu Fransa Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Bris Blondeldən gəlib. Məktubda deyilir: “Fransa Respublikasının prezidenti ona ünvaladığınız məktubu almışdır. Mənə sizin məktubu cavablandırmağı həvalə etdi. Azərbaycanla Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirdiyiniz narahatlığa qarşı dövlət başçımızın biganə qalmadığına əmin ola bilərsiniz. Minsk qrupu ilə əməkdaşlıq çərçivəsində Fransa özünün amerikalı və rusiyadan olan həmsədrləri ilə birgə qərəzsiz mövqe nümayiş etdirməyi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında gecikdirilmədən, ədalətli və heç bir ilkin şərtlər olmadan  baza prinsiplərinə əsasən danışıqların aparılmasına nail olmaq barədə qərar verib. Sizdən dərin hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm”.

  Tanınmış tərcüməçi, yazar və redaktor Ən Tompson  öz məktubunda Dağlıq Qarabağın qanuni olaraq Azərbaycan Respublikasının bir hissəsi olduğunu diqqətə çatdırır: “Kimsə yazır ki, Dağlıq Qarabağ erməni torpağıdır, amma bu elə deyil. Bura qanuni olaraq Azərbaycan Respublikasının bir hissəsidir və azərbaycanlıların bu regiona bağlılıqları var. Xüsusən də, onlar Qarabağın azərbaycanlı xanının keçmiş iqamətgahı Şuşa şəhərini Azərbaycan musiqisinin və poeziyasının beşiyi kimi əziz tuturlar. Davamlı sülhün nizamlanması naminə, həm azərbaycanlılar, həm də ermənilər Dağlıq Qarabağda yaşaya bilməlidirlər. Digər tərəfin mövqeyini başa düşmək bunun baş tutması üçün kifayət qədər inam yaratmaq istiqamətində ilk addım ola bilər”.

  Universitetə göndərilən 50-ə yaxın cavab məktublarında da yuxarıda göstərilən mövqelər, fikirlər təkrarlanır.

  Qeyd edək ki, Azərbaycan Dillər Universitetində əməkdaşlar və tələbələr tərəfindən yaradılmış Qərargah tərəfindən indiyədək 700 məktub göndərilib. ADU-dan ümumilikdə göndərilən məktubların sayı isə 2000-ə yaxınlaşır. Məktublar ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italyan, yapon, Koreya, Norveç, İsveç, Danimarka, ərəb və s. dillərdə yazılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu