“Votsapda “tələ” !- Fərdi məlumatları ələ keçirirlər: “Ayıq-sayıq olun !”

“Ciddi çətinliklə, hansısa dələduzluqla üzləşən şəxslər mütləq mütəxəssislərə müraciət etməlidir”

“Ümumiyyətlə, əhalinin media savadlılığını artırmaq lazımdır”

“Sosial şəbəkələrdən istifadə və təhlükəsizlik qaydalarını yaxşı öyrənməlidirlər”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara müraciət edib. Nazirlik əhalini “WhatsApp” üzərindən məşhur şirkətlərin adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir.

Nazirlikdən bildirilib ki, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq məqsədilə onlara “WhatsApp” üzərindən “Adidas” və digər məşhur şirkətlərin adından “spam” mesajlar göndərirlər. Beləliklə həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər.

Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

“WhatsApp” və digər sosial şəbəkə istifadəçiləri çox zaman təhlükəsizlik qaydalarında xəbərdar olmurlar. Təbii ki, bu da bəzi mənfi hallara səbəb ola bilər. Məsələn şəxsi məlumatların ələ keçməsi kimi. Bu baxımdan “WhatsApp” tətbiqindən istifadə edənlərin ayıq-sayıq olması lazımdır.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin “Sherg.az”a açıqlamasına görə, əsas odur ki, vətəndaşlar ilk dəfə qarşılaşdıqları və etibarlı olmayan mənbələri yoxlamalıdırlar:

“Belə mənbələrə dərhal cavab vermək olmaz. Bu, təkcə “fişinq”lə bağlı yox, təxribata, terrora qarşı mübarizə ilə əlaqədar qaydadır. Vətəndaşlar çalışmalıdır ki, tanış olmayan ünvanlarla əlaqə saxlamasınlar.

Ciddi çətinliklə, hansısa dələduzluqla üzləşən şəxslər mütləq mütəxəssislərə müraciət etməlidir. Feyk məlumatları, doğru olmayan müraciətləri həqiqi müraciətlərdən seçmək üçün ayıq-sayıq olmaq lazımdır.

Bunu dəqiqləşdirmək üçün müəyyən texnologiyalar var. Həmin texnologiyaları öyrənmək vacibdir.

Hazırda bu texnologiyaların nədən ibarət olduğunu və necə öyrənmək  qaydasını internetdə tapmaq olar. Ümumiyyətlə, əhalinin media savadlılığını artırmaq lazımdır. Bəlkə də insanların həyatının yarısı sosial şəbəkədə keçir.

Ona görə də sosial şəbəkələrdən istifadə və təhlükəsizlik qaydalarını yaxşı öyrənməlidirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu