“Türkiyə haqqı və ədaləti dəstəkləyir”

“Qardaş ölkənin bu mövqeyini həm də beynəlxalq təhlükəsizlik, sülh və beynəlxalq hüquq sisteminə verdiyi töhfə kimi dəyərləndirə bilərik”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. Bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağ münaqişəsini və son prosesləri müzakirə ediblər. 



Məlum telefon danışığına dair “Sherg.az”a açıqlama verən politoloq Azər Babayev bildirib ki, nazirlər arasındakı telefon danışığı əslində Türkiyənin Azərbaycana göstərdiyi siyasi-diplomatik dəstəyin elementi kimi qiymətləndirilməlidir. Ekspertin fikrincə, hazırkı mərhələdə ölkəmiz üçün siyasi dəstək çox önəmlidir:

“Bu dəstəyin qardaş Türkiyə kimi regiondan vacib rola malik olan ölkə tərəfindən verilməsi çox vacibdir. Türkiyə bizim üçün müttəfiq ölkədir, tarixi-mədəni bağlarımız var. Lakin bir məqamı da xüsusi vurğulamaq lazımdır: Türkiyə Azərbaycanı yalnız qardaş ölkə kimi dəstəkləmir. Eyni zamanda ölkəmizin haqlı olduğunu düşünür.

Beləliklə Türkiyə haqqı və ədaləti də dəstəkləmiş olur. Qardaş ölkənin bu mövqeyini həm də beynəlxalq təhlükəsizlik, sülh və beynəlxalq hüquq sisteminə verdiyi töhfə kimi dəyərləndirə bilərik”.

A.Babayev qeyd edib ki, humanitar atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulması bir daha onu göstərir ki, düşmən  ciddi siyasi proseslərdə maraqlı deyil:

“Əsas məsələ odur ki, atəşkəs elan edilirsə, bunun ilk mərhələsi humanitar atəşkəs olur. Bu da sırf insani motivlər üzərinə qurulub. Ölən əsgərlərin və əsirlərin dəyişməsi əsas məqsəddir. Təbii ki, bu proses siyasi atəşkəsə də çevrilə və danışıqlar aparıla bilər. Lakin görünən odur ki, Ermənistan tərəfi bundan maraqlı deyil. Ona görə də münaqişənin sülh və danışıqlarla həlli çox çətindir. Çünki danışıqlar və sülh üçün iki tərəfə ehtiyac var. Proses birtərəfli aparıla bilməz”.

Ekspert vurğulayıb ki, Ermənistan məsələnin siyasi yolla həllinin konsentrasiyası üçün əngəllər yaradır:

“Bu da onu göstərir ki, hərbi əməliyyatların davam etmə ehtimalı çoxdur. Lakin ölkəmizin məqsədi çox sadə, dəqiq və ədalətə söykənən mövqedir. İşğal olunmuş ərazilərimizin azad edilməsi iki yolla baş verə bilər:
Danışıqlar və ya hərb yolu. Azərbaycan bunun hər ikisinə hazırdır. Təəssüf ki, 27 ildir məqsədimizə sülh və danışılqarla çata bilməmişik. Ən yaxşısı odur ki, biz həm hərbi, həm də siyasi kontekstlər prosesində məqsədimizə çatmaq istəyirik.
Ümid edirəm ki, yaxın zamanda bu iki element birləşərək Azərbaycanın ali amalının həyata keçməsində rol oynayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu