Türk Şurasından Ermənistanın Bərdəyə raket atəşi ilə bağlı BƏYANAT

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Ermənistan ordusunun Bərdə şəhərini növbəti dəfə raket atəşinə tutması ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, Ermənistan ordusunun bu gün Dağlıq Qarabağdakı münaqişə bölgəsindən uzaqda yerləşən Bərdə şəhərində mülki yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 70-dən çox şəxs yaralanıb və 21 günahsız insan ölüb.

“Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın törətməyə davam etdiyi müharibə cinayətlərini dayandırmaq üçün Ermənistan hökuməti ilə vasitəçilik məsuliyyətini öz üzərinə götürməlidir. Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır. Ermənistan tərəfini BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməyə çağırırıq. Yaxınlarını itirən ailələrə, Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə bəyanatda qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu