Rusiya anlayır...

...Türkiyəsiz Qarabağ problemini həll etmək mümkünsüzdür

"Rusiya-Türkiyə arasında yaxın münasibətlər torpaqlarımızın işğaldan azad olunması üçün hərbi-siyasi müstəvidə bizə böyük üstünlük verir"

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər. Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb. Telefon danışığının detalları ilə bağlı qardaş ölkə rəhbəri Ərdoğan da açıqlama verib.

Türkiyə prezidenti bildirib ki, rusiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsini birlikdə həll etməyi təklif edib və problem ətrafında ətraflı fikir mübadiləsi aparıb: “Putinə dedim ki, Qarabağ münaqişəsini birlikdə həll etmək məcburiyyətindəyik. Gəlin, Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik, münaqişəni həll edirik, yoxsa etmirik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa göz yummayacağıq”. Siyasi şərhçilər hesab edirlər ki, indiki şəraitdə problemin birdəfəlik həlli yalnız Rusiya-Türkiyə razılaşması fonunda reallaşa bilər.  

Münaqişənin yekun və ədalətli həlli ilə bağlı Türkiyə-Rusiya müzakirələrini “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev vurğulayıb ki, Qarabağın azadlığı uğrunda Azərbaycanın apardığı haqlı mübarizə intensivləşdikcə və hərbi uğurlar çoxaldıqca Türkiyənin regionda rolu daha da artır. Politoloq qeyd edib ki, Rusiya məkanında fəaliyyət göstərən nüfuzlu media hər gün Azərbaycan əleyhinə həyasızcasına yalan, böhtan və təhdid dolu  informasiyalar yaysalar da, dövlət başçısı Vladimir Putin özünü təmkinli aparır:

“Regiondakı silahlı toqquşmanın gedişatı və ümumilikdə müharibənin böyük masştabda davam etməsi Rusiyanı qətiyyən qane etmir. Rusiya hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır və bütün fəaliyyəti bu istiqamətə yönəlib. Münaqişənin ilk həftəsində Ankaranı ciddiyə almayan və Türkiyəni danışıqlar masasında görmək istəməyən Rusiya mövcud reallıqlarla barışmağa məcbur qalıb. Rusiya öz təhlükəsizliyini istəyirsə, cənub sərhədlərində əmin-amanlığın bərqərar olunmasına çalışmalıdır. Bu isə Türkiyənin iştirakı olmadan mümkün deyil. Moskva Türkiyənin regiondakı maraqları ilə hesablaşmağa məcbur olub. Bu da Azərbaycanın aktiv hərbi-siyasi fəaliyyətinin nəticəsidir. Bu müharibə Cənubi Qafqazda son qaynar nöqtə olaraq qapadılmalı və münaqişə birdəfəlik həllini tapmalıdır. Əks təqdirdə problem Rusiya üçün qalıcı olacaq, ölkənin içərilərinə doğru irəliləyəcək”. 

Analitik bildirib ki, hərbi uğurlarımızla yanaşı, önəmli siyasi üstünlük əldə etməyimiz göz qabağındadır. Ermənistan baş nazirinin xaotik və ümidsiz çırpınışları faydasız qalıb:

“Paşinyanın NATO rəhbərliyinə şikayəti və Prezident Armen Sarkisyanın tələsik səfəri onlar üçün nəticəsiz başa çatdı. Baş katib Jens Stoltenberq Ermənistanın Türkiyədən şikayətinə cavab olaraq bildirdi ki,”Türkiyə NATO-nun dəyərli müttəfiqidir”. Hesab edirəm ki, indiki şəraitdə Azərbaycana siyasi basqılar olmayacaq. Hazırda bütün səlahiyyətli qurumlar Dağlıq Qarabağın işğal faktını qəbul edir və işğalın durdurulması üçün səylər göstərirlər. Rusiya Prezidenti Vladmir Putinin münaqişə ərəfəsində kifayət qədər təmkinli mövqe sərgiləməsi təqdirəlayiqdir, bunun eyni tempdə davam etməsini arzu edirik. Putinin sonuncu bəyanatında Türkiyə ilə etibarlı tərəfdaş olmasını dilə gətirməsi bizim üçün çox önəmlidir. Bu, o deməkdir ki,Türkiyə həm NATO-da, həm də bölgədə əhəmiyyətli söz sahibidir. Rusiya-Türkiyə arasında yaxın münasibətlər torpaqlarımızın işğaldan azad olunması üçün hərbi-siyasi müstəvidə bizə böyük üstünlük verir”. 

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov da “Şərq”ə bildirib ki, Putin-Ərdoğan danışığını təcili edən son bir neçə gündə Ermənistandakı rus hərbçilərinin Qafan və Mehri istiqamətlərində yerləşdirilməsi olub:

“Türkiyə və Rusiya prezidentləri səviyyəsində Qarabağ müzakirələrinə start verilib. Bu, faktiki olaraq Kreml tərəfindən 2+2 formatının qəbul edilməsidir. Rusiya başa düşür ki, Azərbaycana qarşı hərbi addımlar atarsa, qarşısında Türkiyəni görəcək. Laçın dəhlizini əldə etmək vacibdir. Bundan sonra Paşinyanın şərtlərimizi qəbul etməkdən başqa yolu qalmayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu