Beynəlxalq media erməni hədələrindən çəkinir

Müşfiq Ələsgərli: "İndiki reallıqda erməni şəbəkəsi həqiqətləri gizlədə, ört-basdır edə bilmir"

Dağlıq Qarabağ münaqişəsi və bölgədəki savaşla bağlı obyektiv reportaj hazırlayan əcnəbi jurnalistlər ermənilərin təhdidlərinə məruz qalırlar. TF 1 kanalında  “saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatçılarından bəhs edən reportajın yayımından sonra reportyor Liseron Budul Fransanın erməni icması tərəfindən feysbuk və tvitter sosial şəbəkələrində nifrət dolu saysız mesajların hədəfinə çevrilib. Hətta onu “genosid törədənlərin fahişəsi” kimi qələmə veriblər.

Eyni zamanda jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra votsap üzərindən təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilməkdədir. Oktyabrın əvvəli digər iki fransız jurnalist də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.

Reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər. Nəhayət, kanal gərginliyi azaltmaq üçün Budulun reportajını öz saytından silib.

“Sərhədsiz reportyorlar” Təşkilatının Avropa İttifaqı və Balkanlar Bürosunun rəhbəri Pavol Szalayi Liseron jurnalistlərə qarşı təzyiqləri qətiyyətlə pisləyib. Vurğulayıb ki, münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Xatırladaq ki, "Şarl Ebdo" nəşri ilə bağlı baş vermiş hadisə zamanı dünya müsəlmanlarının çoxsaylı etirazlarına məhəl qoyulmamışdı. “Demokratik azadlıqlar”ın müdafiəsinə qalxan Fransa hökuməti jurnalın islam peyğəmbərinin karikaturasını hazırlamasını müsəlmanlara təhqir yox, “söz və ifadə azadlığı” kimi təqdim etmişdi. Qərbin, Avropanın bir çox ölkələri, liderləri də Fransa rəhbərinin əsassız müdafiəsinə haqq qazandırmışdı. Bu dəfə Fransa və ortaqlarından analoji mövqe nümayiş etdirilməsi gözlənilir. Vaxtı ilə “Şarl Ebdo”nun müdafiəsinə qalxanlar indi də TF 1 kanalının tərəfini saxlasınlar və ermənilərin etirazlarının əsassız olduğunu desinlər.  

Düşmənin növbəti təxribatını “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, Azərbaycan haqqında həqiqətləri yayan televiziya kanalları və media nümayəndələri ciddi səviyyədə erməni icmasının, Avropadakı erməni kriminal qruplaşmaların təhdidinə məruz qalır. Onun sözlərinə görə, beynəlxalq erməni şəbəkəsi dünya KİV-lərinə müxtəlif metodlarla təzyiq göstərir:

“Uzun müddət ərzində ermənilər bəzi media qurumlarını maliyyə yoluyla satın alıb, digərlərinə isə hədə-qorxu gəliblər. Müəyyən üsullarla Azərbaycan həqiqətlərinin tirajlanmasına imkan verməyiblər. İndiki reallıqda erməni şəbəkəsi həqiqətləri gizlədə, ört-basdır edə bilmir. Qarabağda savaş gedir və bütün proseslər dünyanın gözü qarşısında yaşanır.

İnformasiyaların yayılmasının qarşısını ala bilməyən ermənilər təhdid və hədə-qorxu metoduna keçiblər. Ermənilərin güclü lobbi şəbəkəsinin olduğu bizə məlumdur. Düşmənlərimiz regionumuzda marağı olan digər güc mərkəzləri ilə birləşərək beynəlxalq təşkilatlara təsir imkanları əldə ediblər.

Bu, reallıqdır. Amma bizə qeyri-adi görünən beynəlxalq qurumların davranışlarıdır. Bir neçə beynəlxalq təşkilatın təmsilçisiyəm və onlarla sıx əməkdaşlıq edirəm. Hər zaman təşkilatlara informasiya ötürəndə bizə qarşı ikili yanaşmanın şahidi olmuşuq. Buna rəğmən, şəxsi münasibətlərlə, aktiv iş qurmaqla müəyyən qədər baryerləri aşıb keçməyə çalışmışıq və qismən bacarmışıq”. 

M.Ələsgərli vurğulayıb ki, sentyabrın 27-dən sonra Ermənistanın törətdiyi qeyri-qanuni faktlar haqqında, xüsusən jurnalistlərin cəbhə bölgəsində atəşə məruz qalması barədə xarici təşkilatlar dəfələrlə məlumatlandırılıb:

“Avropa Jurnalistlər Federasiyası və Beynəlxalq Jurnalistlər Federasiyasının səhifələrində ermənilərin hərəkətlərini psiləyən bəyanatların getməsinə nail olmuşuq. Amma proses o qədər ləng, o qədər çətin gedir ki, bizə də maraqlı gəlirdi ki, görəsən, bunun səbəbi nədir, niyə laqeydlik çoxdur. Bir müddət sonra Avropadakı dostlarımız bizə yazırdılar ki, erməni kriminal ünsürlərin təhdidləri ilə üz-üzədirlər, onları hədələyirlər.

Düşünürdük ki, həqiqətənmi bu boyda Avropa erməni quldur çətəsinin əlində aciz qalıb, yoxsa bizə qarşı yenə ikili yanaşma var. Artıq bu məsələlər yavaş-yavaş gün üzünə çıxmaqdadır. Əcnəbi jurnalistlər bir çox hallarda həqiqətləri bilsələr də, erməni təhdidindən dolayı doğruları yaza bilmirlər. Ermənilər cəbhədə məğlub olduqca quduzlaşırlar, açıq terrora əl atırlar.

Avropa təşkilatlarını, media qurumlarını hədələyirlər. Öz çirkin əməllərinin mediada görünməməsi üçün mətbuat orqanlarını, müxbirləri qorxudaraq həqiqətləri qələmə almaqdan çəkindirirlər.

Əlimizdə kifayət qədər faktlar var və indiki dövrdə heç nəyi gizli saxlamaq mümkün deyil. Bütün maneələrə rəğmən, haqq səsimizi dünyaya çatdıracağıq və düşməni ifşa edəcəyik”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu