İranın "həll variantı"na "hə" deyilməyəcək

Məhəmməd Əsədullazadə: "Cənub qonşumuz Rusiyanın tapşırığı ilə yenidən öz qeyri-konstruktiv mövqeyinə qayıdıb"

İran Qarabağ münaqişəsində vasitəçilik etmək üçün “həll variantı” hazırlayıb və öz nümayəndəsini Azərbaycana göndərib. Deyilənə görə, “həll variantı” Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipi əsasında təşkil olunub. Yaxın vaxtlarda Tehranın öz planını Azərbaycan, Rusiya və Ermənistan tərəflərinə tam açıqlayacağı bildirilir.

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında deyib ki, bununla əlaqədar müavini Abbas Əraqçı Bakıda səfərdədir, daha sonra Moskvaya və İrəvana da səfər edəcək. Zərif əlavə edib ki, İran münaqişənin sülh yolu ilə həllinə inanır. Siyasi şərhçilər Minsk qrupunun üzvü olmayan, ələlxüsus “Ermənistana yardım edən ölkə” kimi tanınan İranın bu cəhdlərini birmənalı qarşılamırlar. Onların fikrincə, İranın münaqişənin sülh yolu ilə həllinə hər hansı töhfə verəcəyi inandırıcı görünmür. Çünki rəsmi Tehran Ermənistana Azərbaycan torpaqlarından çıxmaq üçün təzyiq etmək gücündə deyil. Həmçinin İranın bu cəhdi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa tərəfindən heç də xoş qarşılanmayacaq. Həm də məlumdur ki, İranın bugünə qədər heç bir cəhdi uğurlu alınmayıb. Bir sıra analitiklər isə hesab edirlər ki, İranın yeni oyunçu kimi proseslərə qoşulması Moskvanın təşəbbüsüdür və Kreml Qarabağ cəbhəsində Astana formatına uyğun yeni variantla çıxış etməyə çalışır. 

Rəsmi Tehranın “sülh danışıqları” variantını “Şərq”ə dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İran Cənubi Qafqazda öz maraqlarını təmin etmək və münaqişə zəminində proseslərdə aktiv olmaq üçün “həll variantı”nı irəli sürür. Partiya təmsilçisi xatırladıb ki, İran ilk günlərdə Rusiyadan Ermənistana silah ötürülməsində aktiv rol oynayırdı:

“Azərbaycanın Qarabağ bölgəsini, xüsusilə İranla sərhəddi tam nəzarətə alması Tehranı ciddi narahat edir. İranın Qarabağ məsələsində Ermənistana açıq və gizli dəstək verdiyi sirr deyil. Öz ordusunu Zəngilan istiqamətində yerləşdirən İran bölgədə “mən də varam” mesajını verir. Tehranın Zəngilanla sərhəddə hərbi fəaliyyəti Türkiyə və Azərbaycana qarşıdır. Son günlərdə İran nisbətən konstruktiv bəyanatlar səsləndirirdi. Lakin göründüyü kimi cənub qonşumuz Rusiyanın tapşırığı ilə yenidən öz qeyri-konstruktiv mövqeyinə qayıdıb. Şübhə yox ki, İranın “həll variantı” Moskva və Yerevanla razılaşdırılıb”. 

Politoloqun fikrincə, İranın aktivləşməsi regionda Türkiyənin artan mövqeyi ilə bağlıdır. Çünki Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi İranın regional müstəvidə təsirlərini azaltmaqla yanaşı, Mərkəzi Asiya istiqamətində də siyasi planların qarşısını alır:

“Tehran çalışır ki, Qarabağ danışıqlarında yer alsın və regionda balansı saxlasın. İran Prezidenti Həsən Ruhaninin “Ermənistan qonşu, Azərbaycan qardaş ölkədir” bəyanatı İran Hərbi Komandanlığı tərəfindən qəbul edilməyib. Bu onu göstərir ki, İranda hərbi elita Azərbaycana qarşı kəskin mövqeyə malikdir. İran tərəfi konstruktiv mövqe ortaya qoymadığı üçün rəsmi Bakı Tehranın bu təşəbbüslərinə etinasız yanaşacaq. Çünki İran hazırda Ermənistana dəstək verməklə, Zəngilan istiqamətində hətta kəşfiyyat məlumatları ilə təmin etməsi istisna deyil. Çünki İran uzun illər işğal olunmuş ərazilər üzərindən silah qaçaqmalçılığı və terrorçu qrupların, xüsusilə PKK-nın burada fəaliyyəti üçün yeni imkanlar açıb”. 

Politoloq bəyan edib ki, İranın Qarabağ məsələsində təqdim etdiyi “həll variantı” birmənalı olaraq Ermənistanın maraqlarına cavab verir: “Əks halda İranın bu təşəbbüsü Ermənistan mediasında razılıqla qarşılanmazdı. İran bulanıq suda balıq tutmaq istəyir və Azərbaycanın apardığı beynəlxalq hüquqa uyğun hərbi əməliyyatları durdurmaq üçün planlar hazırlayır.
Amma təsir imkanları zəif olduğu üçün reallaşdıra bilməyəcək. Azərbaycan Tehranın bu məsələdə səmimiliyinə etibar etmir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu